…və ya su həmişə aydınlıq gətirmir
Daşqın zonasında əhali ədalətli kompensasiya həsrətindədirlər
“Daşqın deyildi, o bir lotoreya idi; kim uddu kim uduzdu” – Sabirabad rayonu Yaxa Dəllək kəndi sakini Mahirə Əmirova ötən ilin yazında baş verən Kür daşqın fəlakətini beləcə qısa qiymətləndirir. Daşqın onların ailəsinə, deməsinə görə, külli miqdarda ziyan vurub. Təkcə onların yox, söhbətləşdiyimiz Mahirə Əmirovanın qonşuları Səadətdin və Fətəli Qurbanovlar, Almaz Yasinovanın da ailə büdcələri Kür daşqınından əsaslı zərər çəkib. Əsaslı zərər çəkib ifadəsi burda yaramır, çünki onsuz da kasıb olan bu kəndlilərin büdcəsini formalaşdıran nə olubsa daşqın onları yuyub aparıb.
Suyun yuduqları
Yaxa Dəllək Kürün daşdığı ilk gün – mayın 9-da su altında qalıb. Düz 4 ay bu kənddə yaşayış dayanıb. Daşqın suları bəzi evləri tam, ən pis halda isə döşəməyə qədər altına alıb. Əsasən kənd təsərrüfatı ilə dolanan bu camaatın əkinləri birmənalı məhv olub. Səadətdin Qurbanov deyir: “Bizim ailənin dolanışığı həyətə əkdiyimiz kartof, soğandan çıxırdı. Illik azuqəmizi də həyətyanıdakı məhsullardan toplayırdım. Çöl torpağımda da 3 hektar yonca, 3 hektar taxılım vardı. Hamısı batdı… Yazın axırı kəndçinin əlində bir qəpik pulu olmur, bu vaxt yeganə gəlir meyvə acağlarındandı. 40-dək ağacım vardı, onlar da yandı getdi”.
Səadətdinin dediyi problemə qadınların öz əlavəsi var. Onların əksəri inkubator seçlərindən cücə götürüb saxlayıb, özü də borca alınan cücə. Kasıbçılığın yaratdığı ənənəyə görə cücələr böyüyəndə, bazarda pula gedəndə borc qaytarılır. Keçən il daşqın sanki “cücəni payızda sayarlar”ı təkrarlayaraq, kəndliləri bu gün də ödəyə bilmədiyi borcla baş-başa buraxıb. Toyuq-cücə ilə yanaşı kəndlilərdən iri və xırda buynuzlu heyvanını da itirənlər olub. Ev heyvanları saxlanan həyətyanı tikililəri də su dağıdıb yerlə bir edib. Və bu itkilərin əvəzi insanlara hələ də ödənilməyib. Ödənilməyəcək də… Hər halda bu gün əldə əsas olan sərəncamda, yardımçı tikililərə, ev heyvanlarına və həyətyanı təsərrüfata dəyən zərərə görə kompensasiya nəzərdə tutulmayıb.
Problem haqda danışmaq qadağası
Yaxa Dəllək, Azadkənd, Poladtuğay, Xankeçən və Çığırğan kəndlərində də analoji problemlər hökm sürür. Əhalinin şikayəti isə Kürdən yox, Kürün dağıtdığına görə ədalətli kompensasiya verilməməsi ilə bağlıdır. Adı çəkilən kəndlərə də kompensasiyanın hansı metodologiya əsasında müəyyənləşdirildiyi nə rəsmi sənədlərdən, nə də əhalini danışdırmaqdan bilmək olur. Buna görə də kompensasiya mövzusunda əsl xaos, qeyri-şəffaflıq hökm sürür. Belə bir durumda isə korrupsiya faktları barədə danışmağa xeyli əsas yaranır. Rayonda olduğumuz zaman dəfələrlə göstərdiyimiz cəhdə baxmayaraq yerli icra hakimiyyəti orqanlarının daşqının fəsadlarına görə yaradılmış qurumları ilə məsələni yerindəcə aydınlaşdıra bilmədik. Sabirabad Rayon Icra Hakimiyyəti problemin araşdırılmasına müsbət yanaşmaq əvəzinə işimizə mane oldu. Reportaj hazırlanan müddətdə bizlə danışan şəxslərin polisə çağırılması haqda məlumatlar aldıq. FHN-nin isə bizimlə özünü təqdim etmədən danışan nümayəndəsi nazirliyin saytında yerləşdirilən rəsmi məlumatlardan savayı nəsə demək imkanında olmadığını bildirdi.
Min manatı necə xərcləməli?
Saytdakı rəsmi məlumata görə, yuxarıda adıkeçən 5 kənddə 735 ailəyə təmir, bərpa-gücləndirmə adı ilə 750200 manat yardım ödənilib. Bu, hər ailə üçün təxminən 1021 manat edir. Xankeçən kənd sakini Rafiq Məmmədov 1000 manat alanlardandır. O, bu pulun təmir işinə yetmədiyindən şikayətlənir: “Icra hakimiyyətinə də yazmışam ki, bu məbləğlə heç nə etmək olmaz. Mənim 4 otaqlı evim su içində qalıb. Verilən pul heç otaqların döşəməsini dəyişməyə çatmır. Mənə Sabirabad icra hakimiyyətinin hüquq şöbəsinin Zaur Dəmirov adlı məsləhətçisinin adından məktub yollayıblar ki, gəlib evinizə baxıb məlumat verəcəyik. Neçə aydır, nə məlumat var, nə də gələn”.
Pul verilib, amma nəyə?
Ancaq Rafiqə baxanda daha ağır vəziyyətdə olanlar da çoxdur. Məsələn, Çığırğan kənd sakinləri Güllü Məmmədovaya, Zahir Mustafayevə, xankeçənli Zahir Şirinova bir qəpik də kompensasiya hesablanmayıb. Adamlar bu ayrı-seçkiliyi başa düşməyə çətinlik çəkirlər. Ictimai biliklənmənin az olması da kompensasiya məsələsində hökumət nümayəndələrinin manipulyasiyasına münbit şərait yaradıb. Təəccüblü və dəhşətli faktdır ki, 5 kənddə söhbət etdiyimiz 50-dən artıq adamın heç biri kompensasiyanı hansı səbəbdən aldığını dəqiq bilmədi. Onlara kompensasiyanı nəyə görə verildiyini nə izah edən olub, nə də bu haqda qəbz və bildiriş verən.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev də vətəndaşlara qəbz verilməsini korrupsiyaya yol açan fakt kimi dəyərləndirir. Mehman Əliyev xatırladır ki, ötən ilin avqustunda Poladtoğay və Çığırğan kənd sakinlərinin FHN-ə şikayəti nəticəsində məhz qeyd edilən məqamla bağlı korrupsiya halları aşkarlanıb. Bəlli olub ki, qanunun tələblərinə baxmayaraq vətəndaşlara kompensasiya verilərkən onlara bu barədə hansısa sənəd, bildiriş və ya qəbz təqdim olunmayıb. Eyni zamanda ayrılan vəsait sənəddə rəqəmlə yanaşı sözlə yazılmalı olduğu halda, bu, edilməyib və sonra rəqəmlərin önünə başqa rəqəm artırmaqla mənimsəmə baş verib.
“Əhaliyə verilən kompensasiya adekvat olmayıb”
Hökumətin daşqının fəsadlarını aradan qaldırmaq üçün ayırdığı məbləğə, təxminən 300 milyon manata diqqət çəkən M.Əliyevin qənaətinə görə, bu vəsaitin azı üçdə ikisi mənimsənilib. “Bu pulun 100 mln.-nu əhaliyə paylansaydı böyük bir iş görülmüş olardı” – deyir M.Əliyev. Onun sözlərinə görə, hökumətin heç əvvəlcədən bu vəsaiti daşqının fəsadlarını real olaraq aradan qaldırmağa xərcləmək kimi səmimi niyyəti olmayıb. Dediklərinin sübutu kimi o, Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197 s saylı sərəncamının gizli saxlanılmasını göstərir.
Azı 3 dəfə şişirtmə…
Zərərçəkənlərə ayrılan yardımın növləri və miqdarı əks olunan sərəncamı hökumət cidd-cəhdlə gizlətsə də (o imzalandıqdan sonra heç bir rəsmi nəşrdə çap edilməyib, dövlət orqanlarının saytında yerləşdirilməyib), onu “Kür” qərargahı dolayı yolla əldə edib ictimailəşdirib. Hərçənd “Kür”ün koordinatoru Oqtay Güləliyev sərəncamı kifayət qədər “çiy” və korrupsiya üçün münbit material kimi qiymətləndirir. O deyir ki, evi tamamilə uçan ailələrlə, təmirə ehtiyac yaranan ev yiyələrinə ayrılan vəsait arasında çox az fərq var, bu isə heç cür başadüşülən deyil. “Axı dağılmış evdə bütün mebel və məişət əşyalarının tamamilə sıradan çıxmasını anlamaq elə də çətin deyil. Belə ailələrə verilən 1000 manatla indiki bazar qiymətlərinə görə hansı ev əşyasını almaq olar?”.
O. Güləliyev eyni dərəcədə xəsarət alan eyni sahəli evlərə təmir-bərpa adı altında verilən pulların fərqlənməsini də bu vəsaitin ayrılmasında qaranlıq məqamlardan xəbər verdiyini deyir. Kəndləri gəzərkən biz də şahidi olduq ki, xəsarətinin dərəcəsinə və ölçüsünə görə fərqlənməyən evlərə təmir üçün ayrılan pulun arasında bəzən 3 dəfə fərq olub.
Kompensasiyanın verilməsində ayrı-seçkilik faktlarını qeyd edən O.Güləliyev bu məsələdə korrupsiya hallarının olmasını inkar etmir. O, daha ciddi korrupsiya məqamlarının evlərin tikintisində olduğunu deyir. Həmin məqamları aydınlaşdırmağa imkan verməmək üçün hökumət bu günə qədər də sərf olunan vəsaitlərlə bağlı detallı hesabat yaymayıb, – deyir həmsöhbətimiz. “Bizim əldə etdiyimiz məlumata görə, hökumət yeni mənzillərin tikintisinə 40 min və daha artıq smeta tutub. Lakin hesablamalarımız göstərir ki, həmin evlərin tikintisində üç dəfə şişirtməyə yol verilib”.
Qəzalı evlər, bəlalı insanlar
Maraqlıdır ki, dövlət başçısının daşqından dərhal sonra və bu yaxınlarda Sabirabadda etdiyi çıxışda çiy kərpicdən tikilən evlərin daş evlərlə əvəzlənməsi barədə işlətdiyi fikirlər də reallaşmadan qalıb. Xankeçən, Yaxa Dəllək və o biri kəndlərin hər birində çiy kərpicdən tikilən və azı 2 ay su içində qalaraq qəzalı vəziyyətə düşən evlər gördük. Yaxa Dəlləkdəki Qurbanov Səadətdin və Fətəlinin evləri gözlə görüləcək qədər təhlükəli vəziyyətdədir. Komissiya Fətəlinin evində yaşamağa qadağa qoyub. Lakin adama yaşamağa nə yeni yer verirlər, nə də mənzil tikirlər. O da məcburiyyət ucbatından divarlarında qoşa əlin girə bildiyi qədər çat olan evdə yaşayır. Azadkənd sakini Qabil Quliyevin evinin də taleyi, necə deyərlər, tükdən asılıdır, evin əsas dayaq sayılacaq divarları altdan ovulub, tin kərpicləri sökülərək qəza vəziyyəti yaradıb. “4 dəfə komissiya gəlib, gedib. Mən qoca, əlil adamam, nə bir yerə gedə, nə də dərdimi bir yerə yaza bilirəm. Dilim-ağzım yoxdur deyə evimi də tikən olmadı”, deyir Quliyev.
Ev istəyirsən əlin cibində olsun
Gənciyev Yusif Yaxa Dəlləyin “Türklər məhəlləsi” adlanan yerində olur. Bu ərazi ən çox daşqın suları altında qalıb. Gənciyev ailəsinin üzləşdiyi vəziyyəti “görəcək” adlandırır. “Görəcək” bu yerlərdə qəribə problemə deyirlər. Daşqın suları bu ailənin evində nə var hamısını məhv edib, ev sadəcə ona görə tam uçmayıb ki, onun tikintisində betondan istifadə olunub (Bu evlər vaxtilə Özbəkstandan gələn Məhsəti türkləri üçün tikilib). 3 azyaşlı uşaq atası olan Yusifin evi uçmasa da, “uçuram-uçuram” deyir. Evin beton tavanı aralanıb və azca titrəmə kifayətdir ki, o, döşəməyə düşsün. Ailə bu cür risq şəraitində yaşamaqdadır. Bu tipdə daha 11 ev “Türklər məhəlləsi”ndədir. Yusif deyir ki, dəfələrlə yerli komissiyaya müraciət edib, iki dəfə bakıda FHN-də şikayətdə olsalar da, onlara mənzil tikən yoxdur.
Çığırğanlı Müşfiq Cəfərov da Azadkəndli Q.Quliyev kimi “dili-ağzı olmadığından” kompensasiyadan məhrum edildiyini düşünür. Bu adamın evinin sağında da, solunda da yeni mənzillər tikilib. Onun evi isə uçub dağılsa da nə kompensasiya alıb, nə də yeni mənzillə təmin ediləcəyi haqda vəd. Hökumətdən haray olmadığına görə ailə “Finca” təşkilatından yüksək faizlə kredit götürərək özləri kərpicdən ev tikiblər. Məqaləmizin əvvəlində “daşqın bir lotereya idi, kiminə düşdü, kiminə yox” deyə bir kəndlinin fikrini yazmışdıq. Lakin problemlə ətraflı tanışlıq göstərdi ki, bu yerlərdə heç bir lotereya kimi qeyri-dəqiq, təsadüfi iş görülməyib. Kompensasiya ala bilməyənlərin çoxu hüquqlarını yaxşı bilməyənlər və cəmiyyətin zəif halqasıdırlar, haqq etmədiyi kompensasiyanı alan zümrə isə əlaqədar komissiyalarla “dil tapmağı” bacaranlardı. Əhali sırf “mərdiməzar” adlanmaqdan çəkindiyindən, “çuğulluq” etmək istəmədiyindən uca səslə danışmasa da, Sabirabadda bu həqiqəti bilməyən yoxdur: ev tikdirmək istəyirsənsə, komissiyaya 2-3 min manat hörmət etməlisən…
Natiq Güləhmədoğlu