Yaxud biz necə inhisarçıya çevrildik?
Təbii ki, müxalifətçilik dövrü çox uzandı. Insanlar bu illər ərzində xeyli məhrumiyytlər yaşadı. Hamı yolun sonunu görmək ümidi ilə addımladı. Bəli, mübarizə gəmisində avar çəkənlər uzun illər sahil qumunu görə bilmədi. Ona görə də bəziləri “müxalifətçiliyin perspektivi yoxdur”, “yeni lider lazımdı”, “hakimiyyəti içindən dağıdacağıq”, “radikal mübarizə effekt vermir” kimi bəhanlərlə mübarizə yolundan sapdılar. Bu illər ərzində xəyanətin, satqınlığın rəngbərənəg növlərini gördük. Hələ də mübarizə yolundan çıxıb, şərin səkisi ilə gedənlər xəyanətin yeni çalarlarını yaratmaqdadılar.
Amma məsələnin əsas mahiyyəti tamam başqadır. Etiraf edək ki, səngərdə olan heç bir əsgər ölmək istəmir. Amma bu o demək deyil ki, hər əsgər ölməmək üçün səngərdən qaçır. Yəni ədalətsizliklə mübarizə yalnız nəticə əldə etmək üçün deyil, həm də bir dəfə verilmiş ömrü şərəflə yaşamaq borcudur. Biz manyak olduğumuza, əzabdan zövq aldığımıza görə deyil, vicdanımızı qorumaq üçün mübarizədəyik. Bu gün simasını saxlayan, rejimin əlaltısına çevrilməyən ictimai-siyasi xadimlər barmaqla sayılacaq qədərdi. Etiraf edək ki, bu gün siyasi birlik kimi yeganə olaraq Milli Şura, siyasi partiya kimi AXCP qalıb. Bəzən AXCP-ni müxalifətçiliyi monopoliyaya almaqda qınayırlar. Amma bu bizim günahımız deyil. Biz mübarizənin məcburi inhisarçılarıyıq. Çünki, “dələduz tacir”lər bazardan qaçıb, digərləri isə qazancsız “alver”ə sərmayə yatırmaq istəmir. Yəni cəmiyyətə həqiqət satmaq bizim üzərimizdə qalıb. Həm də bu “alver”in qazancı həbslə, təzyiqlə, pulsuzluqla, ağır ehtiyaclarla ölçülür. Biz istəyərdik ki, “mübarizə bazarı”nda satıcılar çox olsun, vətəndaşa həqiqi informasiya, azadlıq neməti paylayanlar artsın. Təəssüf ki, bunun əksi ilə qarşılaşdıq. Adamlar özlərini dünya malına satmağa qərar verdilər. Xeyli adam nəfsinə deyil, vicdanına, əqidəsinə qalib gəldi. Səngəri qoyub qaçanlar, düşmənə “ağ bayraq” göstərənlər zaman-zaman iyrənc mənzərə yaratdılar. Bu gün mübarizə səngərində olanlar Şamu-qəribandan sonra məsciddə qalanlardı. Yəni bu adamlar onları gözləyən Kərbəladan agahdılar. Qarşıda daha ağır sınaqlar da ola bilər.
Görünür, bütün zamanların seçilmişləri olur və bu seçilmişlər təslim olaraq yaşamağı bacarmırlar. Ləyaqətli insanlar, həqiqi mübarizlər padşahın ənamından, ləl-cəvahirdən, yüksək vəzifədən deyil, haqq səngərinin keşikçisi olmaqdan zövq alırlar.
Əslində biz təklənməmişik, sadəcə olaraq tək qalmışıq. Ilk baxışdan bu anlayışları eyniləşdirmək olar. Biz inzibati zəhmin təsirindən küncə sıxılmamışıq, gözümüzdə qorxu, əllərimizdə titrəyiş yoxdu, təklənmiş adam kimi məyus deyilik. Əksinə, döyüş meydanını tərk etməyən tək qüvvə olaraq qılınc çalırıq. Biz o nümunəni göstərdik ki, tək qalıb təklənməmək olar. Xədicə Ismayılı, Seymur Həzini, Tofiq Yaqublunu, Asif Yusiflini, Intiqam Əliyevi və digərlərini “təklənmiş” adlandırmaq olarmı? Əlbəttə, yox. Bu adamlar 1+ 10000=1 nəticəsinə nail olublar. Yəni hər biri ayrı-ayrılıqda rejim üzərində mənəvi qələbə qazanıblar və bütün dünya onları qəhrəman hesab edir. Əksinə, təklənmişlər rejimə satılanlar, yoluna xəyanət edənlər, şərin maşasına çevrilənlərdi. Onları hər yerdə barmaqla göstərirlər, lənətləyirlər. Belələrini təkcə rejim deyil, cəmiyyət də təkləyib.
Etiraf edək ki, səngərdə qalmaq böyük qürurdu. Dəyərlərin inhisarçısı olmaq ən böyük qazancdır. Biz onu da bilirk ki, bu səngəri tərk eləmək daha böyük ərazilərin işğalı ilə nəticələnə bilər. Mənəvi fərarilik daha ağır zərbə vurur.
Bir sözlə, “tərəzi”də vurmayan bütün “tacir”lər üçün qapımız açıqdı. Şərəfli ömrə, işıqlı gələcəyə və müqəddəs mübarizəyə sərmayə qoymaq lazımdı. Bizim cəmiyyətdə “el üçün ağlayan göz kor olar” deyimi çox məşhurdu. Amma gözükölgəli yaşamaqdansa, kor gözlə gəzmək daha şərəflidir.