Vəfa Quluzadə: «Obama hər iki dövlət başçısını Vaşinqtona dəvət etməklə Rusiyanın niyyətlərinə son qoya bilər»
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ probleminin həlli ilə bağlı kəskin açıqlamalar verməsini ekspertlər birmənalı qiymətləndirmir. Lavrovun bundan başqa Bakıya səfərinin planlaşdırılması da maraq doğuran məqamdır. Lavrovun fikrincə, Qarabağ münaqişəsinin həllində vasitəçiliyin formatını dəyişmək cəhdləri səmərəsizdir. “Belə ideyalar diqqəti mahiyyətdən yayındırır, bütün bunlar hiyləgərlikdir”, deyə Lavrov vurğulayıb. Ekspertlərin qənaətincə, Lavrov bu mövqeyi ilə son zamanlar ABŞ prezidenti Barak Obamanın danışıqlar prosesində təşəbbüsü ələ ala biləcəyi ilə bağlı fikirlərə münasibətini bildirib.
Politoloq Vəfa Quluzadə hesab edir ki, bu, bir daha Rusiyanın Qarabağ probleminin həllini istəmədiyini göstərir. Belə olan halda isə münaqişənin həllinin uzandığını deyən V.Quluzadə vurğuladı ki, halbuki ABŞ prezidenti Medvedevi əvəz edəcəyi təqdirdə problemin həlli real ola bilər: “Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə ABŞ-ın razılığa gələcəyi təqdirdə münaqişə həll oluna bilər. Amma burada sual doğuran məqamlardan biri Lavrovun bu cür mövqeyi ilə kimə, Medvedevə, yoxsa Putinə işləməsi ilə bağlıdır. Çünki Medvedevlə Putinin bu münaqişənin həllinə baxışları fərqlidir”.
Rusiyanın imperialist ideyalardan əl çəkməyənə qədər Qarabağ probleminin həllinin mümkün olmadığını deyən V.Quluzadə qeyd etdi ki, bu baxımdan Rusiyanın çöküşü Azərbaycanın maraqlarına uyğundur. Digər tərəfdən, belə getsə, Obamanın Rusiyanın razılığı olmadan Qarabağ probleminin həllində təşəbbüsü ələ ala biləcəyini deyən V.Quluzadə vurğuladı ki, heç kim Obamanın belə təşəbbüslə çıxış etməsinə mane ola bilməz: “Rusiyanın Qarabağ probleminə həddindən artıq çox maneçilik törətməsi sonda bu problemə NATO-nun qoşulması ilə nəticələnə bilər. Digər tərəfdən, Obama hər iki dövlət başçısını Vaşinqtona dəvət etməklə Rusiyanın niyyətlərinə son qoya bilər. Rusiya həmişəki kimi Qarabağ problemindən istifadə edərək Azərbaycanı tabe etmək istəyir. Amma artıq bu yol ilə Azərbaycanı tam ram etmək mümkün deyil”.
Xəyal