xanbahadir@mail.ru
Leyla Yunusla Arif Yunusun məhkəmə prosesi başladı. Onlar ər-arvaddılar. Özləri də gənc deyillər, yaşlıdırlar. Bir il olar tutulublar. Bir ilə yaxındır onlarla bağlı istintaq işləri aparılır. Bizim əliyevçi Azərbaycan gerçəkliyindən bildiyimiz bir yana, vəkillər qondarma, düzüb-qoşma istintaq materiallarından çıxış etməklə onların suçsuz olduqlarını bildirirlər. Bunu vəkillər bildirirlər. Bunu, sözsüz, əliyevçi Azərbaycan gerçəkliyinə yetik kimsələr olaraq biz də bilirik. Bunu işi aparan müstəntiqlər də bilir, bu işə çlxan hakimlər də, adına dövlət ittihamçısı deyilən prokuror da.
Bunu hamı bilir. Bunu Avropa da bilir, ABŞ da, ancaq… bütöv bir Xalq, bütöv bir Ölkə, bütöv bir Dövlət bəlli bir ailənin əlində girova çevrildiyindən etkisiz durumdadır. Bu etkisiz durumun isə bir başlıca nədəni var: Azərbaycan yaranışından olduqca varlı ölkədir, onlarsa, bəlli ailə, Azərbaycanın olduqca böyük var-yatırına təkbaşına, üstəlik, yağıcasına yiyələnməklə, o var-yatırı bütün gərəkən yerlərə çağındaca ötürməklə, başqa cür desək, gərəkən dünya güclərini bircə-bircə satın almaqla olağanüstü gücə çevrilib: ABŞ-ın, Avroanın gücü “çatmayan” gücə!
Bunu biz ilkin məhkəmə prosesinə buraxılış sürəcində də gördük. Başqa elçiliklərdən gələnlər məhkəmə zalına buraxıldılar, iki bəlli qardaş dövlətin – ABŞ-la Böyük Britaniya elçiliyindən gələnlərə “NO!” deyildi. Bunu yer çatışmazlığına bağladılar, ancaq, yalan yerə: mən özüm başda olmaqla istənilən kimsə qalxıb, zaldan çıxıb yerini onlara verə bilərdi. Di gəl, məhkəmə yetkililərinin belə bir istəyinin olması gərək idi. “Məhkəmə yetkililəri” dedim, yadıma düşdü: nə məhkəmə yetkilisi, nə zad: hamısı oyun-oyuncaqdı. Bir bu məhkəmədən deyil, olduğum, qatıldığım çoxsaylı məhkəmə proseslərində gördüklərimdən çıxış edərək bildirirəm: Azərbaycanda məhkəmə sistemi yalançı, oyun-oyuncaq “islahatlar” axarında bütünlüklə yoxluğa, yolsuzluğa sürüklənib, çöküb, çürüyüb… Məhkəmə adına qalan nə varsa o, butaforadır, dekorasiyadır, şirmadır, lap sonda “müstəntiq”, “hakim”, “dövlət ittihamçısı” adı altında yolsuzluq truppasına tapşırılmış bayağıdan da bayağı, ürək bulandıran, iyrənmədən qusuntu yaradan özümlü teatr törəməsidir!
Məhkəmə sistemi demək qanunların başda durduğu bir sistem deməkdir. Bizdə əliyevçi SIYASI SISTEM məhkəmə sistemini bütünlüklə özündən, özünün korrupsioner güdüklərindən asılı duruma salmaqla bu sistemi eləcə butaforaya – gərəksiz görüntüyə çevirib! Buna görə də burada vəkillik institutu, demək olar, bütünlüklə gərəksizləşib. Qurban Məmmədovun məhkəməsində vəkillər 45 vəsatət verdilər, hakim bu vəsatətlərin birini də saya salmadı. Demək olar, bütün məhkəmələrdə belədir. Indi qanunları saymayan, ayaq altına atan bu iyrənc məhkəmə görsənişi Leyla-Arif Yunuslarla bağlı baş verməkdədir: vəkillər durub danılmaz arqumentlərlə yüklənmiş vəsatətlər verirlər, dövlət ittihamçısı adlanan KORRUPSIONER RECIM QULluqçusu durub bütün vəsatətləri “keçməz!” sanksiyası ilə yerə vurur. Sonra hakim “müşavirə otağına” gedib… prokurorun sanksiyası ilə qayıdır. Başqa məhkəmələrdə pulla, ayrı hansı yollarlasa vəkil vəsatəti nəsə bir dəyər qazana bilir. Siyasi xarakterli bütün məhkəmələr üçün vəsatət keçməzliyi çoxdan yazılmamış qanundur. Budur Heydər Əliyev dövlətçiliyi!
Hələ də bu ölkədə gerçək istintaq-məhkəmə olduğuna inananlar varsa, onların bilməsi üçün istintaq gizlinini yaymamaq öhdəliyim olmadığından “istintaq materiallarındakı” bir sıra gizlinləri açıqlayıram: Leyla Yunusla Arif Yunus əllərindəki böyük hakimiyət yetkilərindən yararlanaraq 1993-2010-cu illərdə ölkədən ofşor zonalara 48 milyard dollar oğurluq pul çıxarıblar; Dubayda 75 milyon dollarlıq mülk alıblar; Daşkəsən qızıl-gümüş yataqlarını ailəliklə özəlləşdiriblər; qısaca desək, istintaq materiallarından bilindiyi kimi, onlar bütün Azərbaycanı ailəliklə özəlləşdirblər…