Ölkə başçısı Qərbin təzyiqini «erməni pulu» ilə əlaqələndirir
Ilham Əliyevin məlum iclasdakı çıxışı xeyli müzakirə mövzusuna səbəb oldu. Səslənən fikirlər ironiya obyektinə çevrildi və müxtəlif lətifələrin yaranmasına səbəb oldu. Artıq ölkə ictimaiyyəti də başa düşür ki, bu tipli çıxışlar isterika və narahatlıqdan doğur.
Ölkə başçısının çıxışında maraqları məqamlardan biri də “erməni pulu” açıqlaması oldu. “Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamafob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər”- deyə Ilham Əliyev bildirir.
Təbii ki, Ilham Əliyevin bu arqumenti absuddur. Sadəcə olaraq bütün dünya Azərbaycan hakimiyyətindən demokratik islahatlar, insan haqlarına hörmət, siyasi məhbuslara azadlıq tələb etdiyi üçün hakimiyyət hamını “erməni” damğası ilə mükafatlandırıb. Kim bu hakimiyyətdən şəffaflıq tələb edirsə, dərhal “qara siyahı”ya düşür.
Amma gəlin elə düşünək ki, Əliyev haqlıdır. O zaman sual oluna bilər ki, Azərbaycan hakimiyyətinin acından öldüyü təbliğatını apardığı Ermənistan bu qədər pulu hardan alır? Axı gecə-gündüz AzTV-lər, rejim mətbuatı, hakimiyyət təmsilçiləri sübut etməyə çalışırlar ki, ermənilər acından ölür və ölkədə adam qalmayıb. Necə olur ki, bu dilənçi vəziyyətdə olan Ermənistan, konqresmendən tutmuş islamafoba qədər, hamını satın ala bilir? Bəs deyirdiniz ki, bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur. Niyə Ermənistan bütün dünyanı qəpik-quruşla ələ ala bilib, amma Azərbaycan milyardlarla vəsait xərcləsə də Ermənistana uduzur? Göründüyü kimi, Ilham Əliyevin bu arqumenti rəsmi təbliğatı təkzib edir.
Amma bir reallıq var ki, Ermənistan məhdud imkanlarla xarici siyasətdə daha öndədir və dayanmadan öz təbliğatını aparır.
Deməli, Ilham Əliyevin yuxarıdakı çıxışı həm də korrupsiyadan xəbər verir. Yəni xarici lobbilər üçün, diaspora təşkilatları üçün ayrılmış rəsmi və qeyri-rəsmi pullar mənimsənilib. Çünki, ortada hər hansı müsbət nümunə yoxdur. Əksinə, bu qədər milyardlardan sonra dünya Əliyev hakimiyyətindən üz döndərib.
Yaxşı olar ki, ölkə başçısı konqresmenlərin cibində erməni pulu axtarmaq əvəzinə, diaspora təşkilatından, xarici lobbilərə pul daşıyanlardan hesab sorsun. Çünki bu qədər milyardlardan sonra dünyada Azərbaycan “plakat”ı dalğalanmır. Amma Əliyev bunu edə bilmir. Çünki dövlətin təbliğatı üçün ayrılan vəsaitlər, hakimiyyətin təbliğatı üçün sərf olunub. Yəni bu illər ərzində Qərbə daşınan pullar Qarabağ həqiqətlərini dünyaya çatdırmağa, Azərbaycanın üzləşdiyi problemləri ictimailəşdirməyə sərf olunmayıb. Hansısa konqresmenin, hansısa jurnalın, hansısa qəzetin tərifini eşitmək, demokratik öhdəliklərdən yayınmaq üçün sərf olunub.
Əslində konqresmenlər, deputatlar uzun illər Azərbyacanın pulundan bəhrələniblər. Sadəcə olaraq indi pul köməyə çatmadığına görə hakimiyyət öz “təcrübə”sini ermənilərin üzərinə atır.
Istənilən halda konqresmenlərin, deputatların Azərbaycan hakimiyyətindən üz döndərməsi yarıtmaz xarici siyasətin və qeyri-şəffaf idarəçiliyin nəticəsidir. Hakimiyyət anti-xalq siyasətinə haqq qazandırmaq üçün erməniləri qəhrəmana çevirməkdən də çəkinmir. Bəli, ermənilərin bütün dünyanı ələ alması təbliğatını aparmaq düşmənə imic qazandırmaq cəhdidir.
Amma artıq bu “erməni” arqumenti o qədər ucuzlaşıb ki, adamlar acı gülüşlə reaksiya verirlər.
Akif