«Ayrılacaq vəsaitlərin bir hissəsi korrupsionerlərin cibinə gedə bilər»
Dünya ölkələrində korrupsiyanın səviyyəsini araşdıran “Transparency International” təşkilatı Avropa Birliyinə beş ölkə ilə bağlı xəbərdarlıq edib. Həmin ölkələrin arasında Azərbaycan da var. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Avropa Birliyi ölkələri və Rusiya ilə sərhəd olan beş ölkədə siyasi hakimiyyət və biznes elitası qanunverici hakimiyyəti və məhkəmə sisteminə açıq-aşkar təsir göstərərək, korrupsiya faktlarının araşdırılmasına imkan vermir.
“Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada korrupsiyaya qarşı ciddi mübarizənin aparılmaması demokratik proseslərə əngəl olmaqla yanaşı, həm də bu ölkələrin Avropa Birliyinə siyasi və iqtisadi cəhətdən inteqrasiya prosesini pozur”, – deyə “Transparency International”ın hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, adıçəkilən beş ölkədəki mövcud problemlər ciddi risklər yaradır. Yaxın beş il ərzində Avropa Birliyi bu ölkələrə 15 milyard avro məbləğində yardım göstərməyi planlaşdırır. Narahatlıq doğuran məqam odur ki, həmin vəsaitlərin müəyyən hissəsi korrupsionerlərin cibinə gedə bilər.
“Transparency International” hesab edir ki, Avropa Birliyi maliyyə dəstəyilə bağlı qərarı həmin ölkələrdə korrupsiyaya qarşı mübarizə sahəsində atılan konkret addımlardan asılı olaraq verməlidir. Həmin ölkələrdə vətəndaş cəmiyyəti azad olmalı, siyasi təqiblərə məruz qalmamalıdır.
“Transparency International”ın Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Anna Kox deyir ki, bu ölkələrdə korrupsiyaya qarşı mübarizə üçün kifayət qədər nəzarət və hesabatlılıq yoxdur. Siyasi və ya biznes adamı olmasından asılı olmayaraq, korrupsiyalaşmış şəxslər adətən məsuliyyətdən yayına bilirlər.
“Transparency International”ın hesabatında qeyd olunur ki, bu ölkələrin hamısında məhkəmə sistemi korrupsiyaya bulaşmış orqanlardan biridir.
Məlumatda o da qeyd olunur ki, neftlə zəngin Azərbaycanın gəlirləri qonşularından iki dəfə çoxdur. Amma bu ölkə regionda ən çox korrupsiyaya qurşanmış iki dövlətdən biridir.
Gürcüstanda isə demokratik sistemin funksionallığı yaxşıdır və o, yuxarıda adları çəkilən beş dövlət arasında ən az korrupsiyalaşmış ölkədir.
Informasiya şöbəsi