Samir Şərifov sığorta şirkətlərini banklardan uzaq durmağa çağırdı
Məhəmməd Talıblı: «Proseslər onu deməyə əsas verir ki, böhran əlamətləri daha çox bank sektorundan gələcək»
“Bank sektorunda yaranmış çətin vəziyyət sığorta sektoruna daha çox sıçramamalıdır”. Bu fikir dünən Bakıda öz işinə başlamış Azərbaycan Beynəlxalq Sığorta Forumunda səsləndirilib.
Azərbaycanın maliyyə naziri Samir Şərifov Forumun açılışıdakı çıxışında bildirib ki, neftin qiymətlərinin aşağı düşməsi və devalvasiya sığorta şirkətlərinə də mənfi təsir edib: “Aydındır ki, neftin qiymətinin aşağı düşməsi və devalvasiya sığorta şirkətlərinə də mənfi təsir göstərmişdir. Proseslər diqqətlə izlənməli və ehtiyat tədbirlər görülməlidir. Sığorta şirkətləri potensial təhdidləri və riskləri öncədən qiymətləndirməlidirlər. Nəyinki öz sektorlarındakı riskləri, həmçinin bank sektoruna dəymiş zərərin mənfi təsirini də qiymətləndirməlidirlər. Hesab edirəm ki, siz müzakirələrinizdə buna yer verəcəksiniz”.
Qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi və devalvasiya ilə əlaqədar olaraq banklar üçün çətin əməliyyat mühiti yaranıb. Bankların gəlirlərinin azalacağı və maliyyə vəziyyətlərinin daha da pisləşəcəyi gözlənilir. Beynəlxalq kredit reytinqi agentliyi Moodys Azərbaycanın bank sistemi üzrə proqnozunu “stabil”dən “neqativ”ə endirib.
Daha bir maraqlı açıqlama maliyyə nazirinin müavini Azər Bayramovdan gəlib. O, bildirib ki, bir daha sığorta şirkətlərinə ödənişləri qanunsuz azaltmamaq barədə xəbərdarlıq edib: “Sığorta şirkətləri devalvasiyanı və yaranmış ağır vəziyyəti bəhanə edib ödənişləri qanunsuz azaltmasınlar. Tərəfimizdən şikayətlərə nəzarət xeyli artıb. Bu, çox ciddi nəzarət altındadır”.
A.Bayramov qeyd edib ki, şirkətlərin fəaliyyətlərinin daha rentabelli olması sığorta ödənişlərinin azaldılması hesabına olmamalıdır: “Mənfəətin artırılması şirkətlərin öz xərclərinin azaldılması hesabına olmalıdır, sığorta ödənişlərinin qanunsuz azaldılması hesabına yox. Sığorta şirkətləri işlərini daha optimal qurmalı və müasir texnologiyalardan daha çox istifadə etməlidirlər”. (“Marca”)
Sığorta şirkətlərinə banklardan uzaq olmağın nazir səviyyəsində deyilməsi hansı məqsəd daşıya bilər? Eyni zamanda sığorta şirkətlərinə devalvasiyanı bəhanə edərək ödənişləri azaltmamaqla bağlı da xəbərdarlıq edilib. Hər iki məqam bir sıra suallar doğurur.
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, sığorta şirkətləri və bank sektoru biri-biri ilə qarşılıqlı əlaqədə olan, biri-birini qidalandıran “əjdahalardırlar”. Ona görə, bank sektorunda yaranmış bir problem eyni zamanda sığorta şirkətləri üçün problem deməkdir: “Bu problemin nisbəti və faiz yükü dəyişə bilər. Amma problem sektorlar arasıdır. Sığorta kompaniyalarının bu mesajı ondan ibarətdir ki, bank sektorunda problemli kreditlərin səviyyəsi artır. Hətta mən öncədən də söyləmişdim ki, ilin sonuna bu ikirəqəmli həddə olacaq. Çünki proses ona doğru gedir. Hətta Kollektor şirkətlər (kreditləri müştəridən müqavilə əsasında alaraq banka verən) də bunun öhdəsindən gələ bilmirlər. Belə bir vəziyyətdə problemli kreditlərin yaranması sığorta kompaniyalarını krediti sığortalanması itkisi ilə üz-üzə qoyur. Onlar bu problemli situasiyadan uzaq durmağa çalışırlar. Artıq problemi də ”dərilərində" hiss etməyə başlayıblar".
M.Talıblı onu da bildirdi ki, devalvasiyanın payıza qədər olacağı gözlənilən deyil. Devalvasiya yaxın aylarda baş verməyəcək. Amma parlament seçkilərindən sonra rezervlərin azalması və neft qiymətlərinin aşağı düşməsi devalvasiyaya getməyi mümkün edəcək: “Seçkilər ərəfəsi bu prosesə ”süni nəfəs" verib donduracaqlar. Amma iqtisadiyyatın özündə gedən proseslər onu deməyə əsas verir ki, böhran əlamətləri daha çox bank sektorundan gələcək. Kreditin toplam həcmi ÜDM-də daha sürətlə böyüyür. Istehsaldan və investisiyadan daha artıq istehlakın artması risk yaradır. istehlakın “şişməsi” isə real tələbin formalaşması fonunda baş vermir. Bu isə özündə bank “köpüyünü” daha qabarıq göstərir".
Xəyal