Qadir İbrahimli: «Turizm sektorunda həm keyfiyyət aşağıdır, həm də qiymətlər çox bahadır»
Azərbaycanın böyük turizm potensialı olsa da, ondan tam istifadə olunmur. Ötən ilin statistikasına görə, ölkəmizə gələn əcnəbi qonaqların sayı 2 milyon olub. Amma bu rəqəm təkcə turistləri əhatə etmir və ölkəmizin hüdudunu keçən bütün əcnəbilər bu siyahıya əlavə olunub. Lakin təkcə Azərbaycanda Iran və Türkiyəyə gedənlərin sayı bu statistik rəqəmdən iki dəfə çoxdur. Əslində bu göstərici böyük faciədən xəbər verir. Çünki ekspertlər Azərbaycanın postneft dövründə yalnız iki sahədən gəlir əldə edə biləcəyini yazır. Birinci sahə turizm, ikinci sahə isə kənd təsərrüfatıdır.
Əslində Azərbaycanda turizmin inkişafının qarşısını alan bir neçə faktor var. Birinci faktor Azərbaycanda turizm qiymətlərinin həddindən artıq baha olmasıdır. Ikinci səbəb isə infrastrukturla bağlıdır. Hazırda xaricə turist səfərləri təşkil edən yerli turizm şirkətləri müştərilərin xarici ölkələrə çatdırılmasında “Azal”ın deyil, Gürcüstan hava yollarının xidmətindən istifadə edir. Bu da təsadüfi deyil. Çünki Gürcüstandan olan uçuşlar “Azal” ilə müqayisədə daha ucuzdur. Nəticədə dövlət büdcəsi milyonlarla gəlirdən məhrum olur. Halbuki bu sahənin inkişaf etdirilməsi həm büdcə gəlirlərini artıra, həm də yeni iş yerlərinin yaranmasına səbəb ola bilər. Bunun üçünsə ən azı qonşu Gürcüstan, Türkiyə ilə rəqabətə dözümlü turizm sektoru yaradılmalıdır.
Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, turizmin inkişaf etməməsi bir neçə səbəblə bağlıdır. Birinci səbəbi nəqliyyat xərclərinin baha olmasında görən ekspert vurğuladı ki, eyni zamanda Azərbaycanda turizm sektorunda xidmət səviyyəsi çox aşağıdır: “Azərbaycanda turizm sektorunda xidmət səviyyəsi, demək olar, standartlara cavab vermir. Ona görə gözəl təbiətinə, əlverişli turizm potensialına baxmayaraq turistlər Azərbaycana, demək olar, maraq göstərmirlər. Yəni turizm sektorunda həm keyfiyyət aşağıdır, həm də qiymətlər çox bahadır. Bu isə Azərbaycanın turizm sektorunu əcnəbilər üçün maraqsız edib”.
Xəyal