Əvəz Əhmədov 1.5 ha torpağı özünə götürüb, 510 kvadratı 400 nəfərə verib
“Sabunçu Istehsalat Xidməti Bazası” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. “Bizim Yol” qəzetinin məlumatına görə dünən keçirilən yığıncağın gündəliyinə səhmdarın müraciəti əsasında cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili, ayrılan şəxsə düşən əmlak payının təsdiqi, cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili ilə əlaqədar nizamnamə kapitalının azaldılması, nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, cəmiyyətin bölünmə balansının, əmlakın təhvil-təslim təsdiqi və təşkilati məsələlər salınıb.
Məlumatda deyilir ki, müəssisənin 82 faizlə səhm-nəzarət paketinin sahibi Naxçıvan Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovdur. Lakin Əvəz Əhmədovdan başqa 401 nəfər də ASC-də səhm yiyəsidir. Amma paket sahibi səhmdarlarla ortaq olmaq istəmir. Adıçəkilən ASC özəlləşdirildiyi zaman simvolik olaraq bir nəfərin adına “atılıb”, 2-3 il olar ki, Əvəz Əhmədovun adına keçib. O da səhmdarlara çatdırıb ki, müəssisəni Əmlak Məsələləri Dövlət Komitəsindən almışam, sizi tanımıram, tanımaq da istəmirəm. Cənab Əhmədov özü tikinti sektorunda işlər görür və məlumatlara görə müəssisəni də biznesinə biznes qatmaq məqsədilə alıb.
Toplantıda bəlli olub ki, cəmiyyətin nizamnamə kapitalı 1 milyon 389 min 302 manat təşkil edir. Cəmiyyətin balansında 505 min 026 manat dəyərində bina və tikililər, 9100 manat dəyərində əsas vəsaitlər, 6048 manat pul vəsaiti və 1 milyon 40, 351 manat zərər var. Cəmiyyətin ayrılan səhmdara məxsus 2 milyon 291 min 477 ədəd səhmi nizamnamə kapitalının 824 min 069 faizini təşkil edir. Təklif edilib ki, cəmiyyətin əmlakından 482 min 221 manat dəyərində olan əsas vəsaitlər və 663 min 517 manat zərər olmaqla nizamnamə kapitalının 1 milyon 145 min 738 manatı cəmiyyətdən ayrılan səhmdar tərəfindən təsis edilən hüquqi şəxsin balansına verilməlidir. Cəmiyyətdən ayrılan səhmdara məxsus olan hər birinin nominal dəyəri 0.50 manat olan 2 milyon 291 min 477 ədəd sənədsiz adi adlı səhmin dövriyyədən çıxarılmalı, silinməsi təmin edilməli və cəmiyyətin nizamnamə kapitalı azaldılmalıdır. Bununla yanaşı tərtib olunmuş bölünmə balansını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi Idarəsi tərəfindən tərtib olunaraq verilmiş texniki pasporta əsasən cəmiyyətin balansında olan Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxana döngəsi, ev 37 ünvanda yerləşən 2451,6 kv.m. üçmərtəbəli inzibati bina, 2209,6 kv.m. sex, 8,7 kv.m. gözətçi tikilisi, 129.1 kv.m. anbar, 32.8 kv.m. nasosxana, yenə 15.9 kv.m. gözətçi tikilisi, 3.4 kv.m. sanitar qovşağı, 42.5 kv.m. talavar, daş hasar, metal darvaza, içəridəki metal tərəkə (?) də cəmiyyətin balansından çıxarılaraq, tərtib olunmuş bölünmə balansına uyğun cəmiyyətdən ayrılan səhmdar Əhmədov Əvəz Hüseyn oğlu tərəfindən təsis edilən hüquqi şəxsə verilməlidir. Həmin texniki pasporta əsasən cəmiyyətin istifadəsində olan 15547kv.m.torpaq sahəsinin 15037 kv.m.-i ASC-nin istifadəsindən çıxarılaraq səhmdar Ə.Əhmədovun təsis etdiyi hüquqi şəxsə verilməli və qalan 510 kv.m. sahə isə cəmiyyətin istifadəsində qalmalıdır.
Beləliklə, Naxçıvan MR daxili işlər nazirinin qardaşı ASC-ni özünə sərf edən qaydada bölüb.