Emin Milli: «İyunun 21-də məni də nazir Azad Rəhimovun adından hədələmişdilər»
“Meydan TV”nin 4 əməkdaşı (Natiq Cavadlı, Şirin Abbasov, Elnur Muxtarov və Aytən Ələkbərova) dünən Tbilisiyə gedərkən sərhəddə saxlanılıb və onlara ölkədən çıxmalarının qadağan olunduğu deyilib. Qadağanın səbəbini soruşanda isə onlara Daxili Işlər Nazirliyilə aydınlaşdırmaq tövsiyə olunub.
Bir neçə gün əvvəl isə “Meydan TV”nin icraçı direktoru, hazırda Almaniyada yaşayan Emin Milli hədələndiyini bildirib.
“Meydan TV” ətrafında baş verənlərlə bağlı “Azadlıq” radiosuna açıqlama verən Emin Milli ÿbildirib ki, rəhbərlik etdiyi media orqanına hər hansı material, məqalə ötürən jurnalistin ölkədən buraxılmaması bizim üçün də yeni bir hadisədir.
“Əslində, baş verənlər mənim üçün yeni deyil.
Hökumət növbəti dəfə çalışır ki, peşəkar, müstəqil fəaliyyət göstərən media qrupuna təzyiqlər etsin, fəaliyyətini tam şəkildə dayandırsın. Mənim üçün maraqlı olan odur ki, oyunlar dünən bitdi və bu gün artıq bu vəziyyət yaranıb. Mən bunu hökumətin rəsmi olaraq “Meydan TV”nin uğurunu qəbul etməsi kimi görürəm. Həmişə hökumətin jurnalistləri yazırlar ki, “Meydan TV” marginal bir mediadır, lazımsızdir, onu heç kim oxumur, izləmir. Əgər həqiqətən belədirsə, anlamıram ki, niyə Azərbaycanda müstəqil mediaya belə bir münasibət var", – deyə Emin Milli bildirib.
O qeyd edib ki, “Meydan TV” Almaniya mediası sayılır və onun fəaliyyətini dayandırmaq mümkün deyil: “Biz həmişə fəaliyyət göstərəcəyik. Sadəcə olaraq, bizə Azərbaycandan hər hansı material, məqalə və ya video göndərən şəxslərin ölkədən çıxışına qadağa qoymaqla hökumət öz zəifliyini göstərir”.
Emin Milli bir neçə gün əvvəl gənclər və idman naziri Azad Rəhimov tərəfindən hədələndiyini də bildirib: “Mənə iyunun 21-də məlumat daxil oldu. Bu, konkret hökumətin hədəsi idi. Məlumatı mənə nazir Azad Rəhimovun adından çatdırdılar, amma hesab edirəm ki, birbaşa prezident Ilham Əliyevin göstərişidir. Mən düşünmürəm ki, Azad Rəhimovun şəxsən mənimlə hansısa bir problemi var. O, sadəcə icraçıdır. Hesab edirəm ki, dövlət öz vətəndaşı ilə hədə dilində danışmamalıdır.ÿMesaj belə idi: ”Azərbaycan sənə nə pislik edib? Sən niyə dünyada Azərbaycan dövlətinə qarşı kampaniyanı təşkil etmisən. Azərbaycan dövləti harda olmağından asılı olmayaraq səni tapıb cəzalandıracaq. Almaniyada və ya başqa yerdə olmağının fərqi yoxdur". Bu mesajı alandan sonra alman polisinə getdim, məndə olan məlumat və faktları polisə ÿötürdüm. Alman polisi də qanun çərçivəsində hansı tədbirə ehtiyac varsa, söz verdilər ki, edəcək".
Emin Milli onu da qeyd edib ki, bu, “Meydan TV”yə qarşı ilk hədə deyil: “2013-cü ildə əməkdaşımız Həbib Müntəziri də ölümlə hədələmişdilər. O zaman da alman polisinin köməyi ilə biz Həbib Müntəziri qoruya bildik. Bu, artıq ikinci hədədir.
Alman mediası da bu barədə yazıb. Bununla bağlı son yazı bazar günü çıxıb, məqalənin də adı “Ayıb olsun sizə”dir, yəni Azərbaycan hökumətinə ünvanlanıb. Alman telekanallarının birində də oyunlarla bağlı xəbərlərdən sonra mənə olan hədələr müzakirə olundu.
Indi Meydan TV-nin rəhbəri kimi missiyam odur ki, Azərbaycan xalqı müstəqil, qərəzsiz mediaya sahib olsun. Heç nədən qorxmayaraq həyatımızın sonuna qədər bu missiyanı yerinə yetirəcəyik".
Jurnalistlərin ölkədən çıxışına qoyulan qadağa ilə bağlı atılacaq addımlara gəlincə, Emin Milli deyib ki, Daxili Işlər Nazirliyinə müraciət olunacaq. O həmçinin hüquqi müstəvidə addımlar atılacağını əlavə edib: “Təbii ki, hüquqi müdafiə barədə də düşünürük. Amma təəssüf ki, Azərbaycanda qanunun aliliyi qorunmur, məhkəmələr sifarişlə çalışır, hətta repressiyaya məruz qalmış jurnalistlərin, fəalların vəkilləri də qanuni fəaliyyətdən kənarlaşdırılırlar.
Belə bir durumda biz məcburuq ki, Azərbaycanda müstəqil medianı yaşadaq, inkişaf etdirək və cəmiyyətimizi məlumatlandıraq.
Qanun çərçivəsində nə lazımdırsa, onu edəcəyik, beynəlxalq qurumlara da məlumat verəcəyik. Bu gün daha vacib olan odur ki, insanlar jurnalistlərin hansı risklərə getdiyini, hansı əziyyətlər çəkdiyini, cəmiyyət üçün mühümÿməlumatları necə çətinliklə yaydığını anlasınlar.
Bu şərtlər altında çalışan jurnalistlərin hər biri qəhrəmandır. Ümid edirəm, Azərbaycan cəmiyyəti də anlayacaq ki, bizim ən böyük sərvətimiz neft, Avropa oyunları yox, məhz bu cür jurnalistlər, vətəndaşlardır.
Bu, çox vacibdir və nə vaxt ki, milyonlarla azərbaycanlı bunu anlayacaq, onda biz fərqli bir Azərbaycanda yaşaya biləcəyik".