Əli Kərimli: "Cəmil müəllim Azərbaycan tarixini dünyaya təqdim etmək istiqamətində daha bir uğur qazandı"
Amerika Birləşmiş Ştatlarında “The University of Utah Press” nəşriyyatı anonim rəyçilərdən müsbət cavab aldıqdan sonra professor Cəmil Həsənlinin “Kiçik millətlər böyük oyunda: Cənubi Qafqaz Rusiya, Türkiyə və İran üçbucağında, 1920-1923” (Small Nations in the Big Game: The South Caucasus in the Tringle of Russia, Turkey, and İran, 1920-1923) adlı monoqrafiyasının çapına qərar vermişdir. Bu barədə Universitet rəhbərliyi ilə iyun ayının 1-də imzalanmış müqavilə qüvvəyə universitetin nəşriyyat şurası tərəfindən təsdiq edilmişdir. Bu əsərin ingilis dilində nəşri tariximizin həssas məqamları haqqında Amerika və bütün ingilis dilli oxucuları məlumatlandırmaq üçün bir şansdır. Kitabın 57 səhifədən ibarət olan 3-cü bölməsi “Ermənistanın sovetləşməsi: Moskvanın Qarabağ üçün gizli planları” adlanır. Bu fəsildə qeyd edilir ki, Moskvanın direktivi üzrə 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması Azərbaycan dövlətçiliyinin altına qoyulmuş gec partlayan mina rolunu oynadı. Kitabda ötən əsrin 20ci illərində Sovet Rusiyası və Ermənistanın Qarabağ kartı ilə oynamalarının bütün gizlinləri ortaya qoyulmuşdur. Bir qayda olaraq erməni tarixçiləri bu məsələdə spekulyasiya edərək Qərb oxucularını aldatmağa çalışırlar ki, guya Qarabağın Dağlıq hissəsi Ermənistanın tərkibində olub və guya Stalin Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci ilin iyul ayının 4-də keçirilmiş iclasına qəflətən gələrək bu ərazini Ermənistandan alıb Azərbaycana vermişdir. Əlbəttə burada onların özlərini Stalin siyasətinin qurbanı göstərmək kimi məkrli bir niyyət dayanır. Kitabda ilk mənbələrə dayanaraq belə yalançı iddiaların daşı-daş üstündə qoyulmamışdır. Məsələn, kitabda qeyd edilir ki, Qafqaz bürosunun 1921-ci il qərarında Şuşa paytaxt olmaqla Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması göstərilsə də, iki il sonra bu muxtariyyətin Xankəndi mərkəz olmaqla yaradılmasının sirli məqamlarına ilk dəfə olaraq məhz monoqrafiyada aydınlıq gətirilir. Qərb oxucularına təqdim edilən bu kitabın ikinci bir əhəmiyyəti məhz Moskvanın gizli tövsiyəsinə uyğun olaraq Zəngəzurun bir hissəsinin Ermənistana verilməsinin pərdəarxası məqamlarının açılmasıdır. Müəllif Rusiya arxivlərindən əldə etdiyi son dərəcə nadir sənədlər əsasında Qərb oxucularına məlumat verir ki, 1920-ci ilin noyabr ayının sonlarında türk qoşunlarının Gümrüyə gəlib çıxması Moskvanı bərk təşvişə salmışdı və Ruslar 1918-ci ilin (Türk qoşunlarının Bakıya gəlməsi) təkrarlanmasına yol verməmək üçün Azərbaycanla Türkiyə arasında bir başa əlaqələrin kəsilməsi üçün müxtəlif planlar düşünürdülər. Kitabda bunun çox dramatik bir mənzərəsi vardır. Orada qeyd edilir ki, məhz, 1920-ci ilin noyabr ayının ikinci yarısında Bakı müşavirəsindən qayıdan millətlər komissarı Stalinin və bolşeviklərin Qafqaz canişini Orconikidze Leninə bildirdilər ki, indi Zəngəzuru Ermənistana verməyin əsl vaxtıdır, bu addımla bir tərəfdən türklərin Bakıya yolu bağlanar, digər tərəfdən isə Dilcanda dayanan erməni kommunistləri İrəvana böyük bir hədiyyə ilə daxil olarlar. Ancaq onlar tövsiyə edirdilər ki, bu təklif Moskva tərəfindən deyil, məhz Nərimanov tərəfindən səsləndirilməlidir. Kitabda Nərimanovun noyabr ayının 30-da elan edilmiş məlum bəyanatının haradan qaynaqlandığı açıq şəkildə göstərilmişdir. Kitabda yer alan 3-cü mühüm məsələ ötən əsrin 20-ci illərində Naxçıvanla bağlı məsələdir. Məlum olduğu kimi bu mövzu ətrafında erməni tarixçiləri və siyasətçiləri Qərb ictimaiyyətinə xeyli yalan məlumatlar vermişdir. Bu mifi dağıtmaq üçün professor Cəmil Həsənli Sovet Rusiyası və Kamalçı Türkiyə arasında keçirilmiş Moskva və Qars konfranslarının indiyə qədər oxucular üçün gizlin qalan məqamlarına aydınıq gətirmişdir. Orada qeyd edilir ki, məhz Moskva və Qars müqavilələri nəticəsində ermənilərin Naxçıvana olan əsassız iddialarına birdəfəlik son qoyuldu. Sonralar ermənilər bu vəziyyəti dəyişdirməyə uğursuz cəhdlər etsə də, SSRİ Xarici işlər komissarı Çiçerin açıq şəkildə bildirdi ki, “əgər müqavilə üzrə hər hansı ərazi məlum status alırsa, onun statusu müqavilədə olan tərəflərin razılığı olmadan dəyişdirilə bilməz. Məsələn, Lüksemburq əhalisinin necə arzu etməsindən asılı olmayaraq, ora, nə Almaniya, nə Fransa, nə də, Belçika tərəfindən ilhaq edilə bilməz”. Kitabda xronoloji baxımdan Naxçıvan məsələsinin sonrakı gedişini də izləyən müəllif Qərb oxucularına izah edir ki, Sovet rəhbərliyi ermənilərin tələbi ilə bir də 1966-cı ildə Naxçıvanla bağlı məsələyə qayıtdı və həmin dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilatı Partiya İşi Şöbəsinin bölmə müdiri Starçenko tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə təlimat verildi ki, Naxçıvanın stausu ilə bağlı arayış hazırlasınlar. Verilən tapşırığa uyğun olaraq Xarici İşlər Nazirliyinin Yaxın Şərq ölkələri şöbəsinin müdiri Kiktev və Müqavilə-hüquq şöbəsinin müdiri Xlestov tərəfindən hazırlanan 3 səhifəlik arayış 1966-cı ilin may ayının 31-də Sovetlərin partiya rəhbərliyinə göndərildi. Onlar qeyd edirdilər ki, Naxçıvanın statusunda hər hansı dəyişiklik Sovet-Türkiyə münasibətlərinin kəskinləşməsinə gətirib çıxara bilər. Xarici İşlər Nazirliyinin rəsmiləri Muxtar Respublikanın Moskva və Kars müqavilələri ilə müəyyən edilmiş hüquqi statusunda siyasi dəyişikliyi məqsədəuyğun hesab etmirdilər. Heç şübhəsiz ki, Sovet partiya rəhbərliyinin ötən əsrin 60-cı illərində Naxçıvanın statusu ilə maraqlanması təsadüfü xarakter daşımırdı. Ölkəmizin ərazi bütövlüyü ilə bağlı olan belə prinsipial məsələləri professor Cəmil Həsənli Amerikanın “The University of Utah Press” nəşriyyatında çap edilən əsəridə Utah aydınlıq gətirmişdir. Bunlardan əlavə kitabda ölkəmizin regional siyasətdə yeri və rolu, Rusiya – Ermənistan ittifaqına qarşı Azərbaycan – Türkiyə əməkdaşlığının formalaşması, Cənubi Qafqazda müasir sərhədlərin müəyyənlədirilməsi və sair vacib məsələlər yer almışdır. Məlumat üçün deyək ki, bu əsər müəllifin ABŞ və Böyük Britaniyada nəşr olunan 5-ci monoqrafiyasır.
***