«Hakim ailənin biznesi barədə bircə kəlmə yaza bilməyənlər Milli Şuranı qaralamağa çalışır»
«Görünür, süfrə qırıntıları ilə qidalandıqları hakimiyyətdən Milli Şuraya qarşı qarayaxma kampaniyasına başlamaq təlimatı alıblar»
Son günlər “Yeni Müsavat” qəzeti yenə Milli Şura və onun sədri Cəmil Həsənlini hədəf seçib. Özünü müxalif düşərgənin təmsilçisi adlandıran, əslində isə hakimiyyətin siyasi kursunun təbliğilə məşğul olan bu media orqanının Milli Şuraya qarşı həyata keçirdiyi qarayaxma kampaniyasının arxasında kimlər dayanır?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli deyir ki, əslində, bu tipli ittihamlara cavabÿ verməmək də olardı. Çünki sözügedən yazıların özü mahiyyət etibarilə “Yeni Müsavat”ın kimlərə, hansı məqsədlərə qulluq elədiyini dolğun şəkildə göstərmiş olur: “Bu ittihamları oxuyan adamlarda müəllif haqqında da fikir formalaşır. Milli Şuraya qarşı irəli sürülən ittihamlar sistemli xarakter aldığından, məsələyə bir neçə kəlmə ilə münasibət bildirib, həmin yazıların müəlliflərini ”şərəfləndirmək" olar. Irəli sürülən ittihamlar olduqca absurddur. Milli Şuranı “Rusiya proyekti” adlandırmaq, özü də bu fikirləri Vladimir Putinin məhz Azərbaycan hakimiyyətinin dəvətilə Bakıda olduğu, hakimiyyətin Qərbin təzyiqlərindən məhz Rusiyanın dəstəyilə yayınmağa çalışdığı bir vaxtda səsləndirmək heç bir sağlam düşüncəyə sığmır".
Azərbaycan hakimiyyətin öz repressiya siyasətini məhz Rusiyaya arxalanmaqla həyata keçirdiyini vurğulayan Gültəkin Hacıbəylinin sözlərinə görə, artıq bu da kimsəyə sirr deyil: “Azərbaycan hakimiyyətindən asılı olan, birbaşa ondan təlimat alan, hakim dairələrlə maddi-mənəvi bağlılığı olan insanların milli mübarizə, millət davası aparan Milli Şuranı və onun dəyərli sədri Cəmil Həsənlini ən adi formada qaralamağa çalışması, ilk növbətə həmin qəzetin özünü cəmiyyətdə nüfuzdan salır. Mən çox təəssüf edirəm ki, hər birimiz üçün müqəddəs olan Müsavat adını üzərində daşıyan qəzet bu adın kölgəsinə sığınaraq bu qədər çirkin işlərlə məşğuldur”.
“Milli Şuranı hədəf seçmək gülünclükdür”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Ədliyyə generalı Vidadi Mirkamal sözügedən yazıları “Yeni Müsavat”ın cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdi kimi qiymətləndirir: “Ölkənin mübariz kəsimi bu qəzetin hədyanlarına cavab verməklə məlumatsız insanları oyatmalıdır. ”Yeni Müsavat" qəzeti və onun rəhbərliyi artıq uzun illərdir ki, müxalifət düşərgəsində pozuculuq işlərilə məşğuldur. Onlar öz zəhərli ideyalarını müxalif düşüncəli insanların beyninə yeritməyə çalışırlar".
Vidadi Mirkamal yada salır ki, “Yeni Müsavat” Milli Şura yarandığı ilk vaxtlardan bu quruma qarşı düşmənçilik mövqeyi seçib: “Yeni Müsavat” ilk zamanlardan məqsədi şəkildə Milli Şuranı “Rusiya proyekti” adlandırmaqla ölkənin real müxalifət düşərgəsini nüfuzdan salmağa çalışıb. Bu baxımdan demək olar ki, indi yazılanlar yeni deyil. Görünür, son dövrlər süfrə qırıntıları ilə qidalandıqları hakimiyyətdən yenidən Milli Şuraya qarayaxma kampaniyasının başladılması ilə bağlı təlimat gəlib. Buna səbəb isə aydındır ki, Milli Şuranın apardığı düzgün siyasətdir. Milli Şuraya qarşı aparılan böhtan kampaniyası kimsəni çaşdırmamalıdır".
Vidadi Mirkamal bugünə kimi öz səhifələrində hökuməti tənqid etməyi bacarmayan, ölkədən biznes obyekti kimi yararlanan hakim ailə ilə bağlı bircə məqalə belə dərc etmək cəsarəti olmayan kəslərin Milli Şuranı hədəf seçməsini gülünc adlandırıb: “Ölkənin fədakar, mübariz kəsimi Milli Şuraya qarşı irəli sürülən bu ittihamların haradan qaynaqlandığını gözəl bilir”.
“Yalanla qrimlənənlər”
Milli Şuranın Koordinasiya Mərkəzinin başqa bir üzvü, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev deyir ki, “Yeni Müsavat”ın mübariz, fədakar insanlara qarşı qarayaxma cəhdilə məşğul olması yenilik deyil: “Milli Şuranın ”Rusiya proyekti" olması barədə deyilənlərə nəinki Azərbaycan xalqı, hətta bu qurumu özünə düşmən elan edənlər də inanmır. Yalanla qrimlənənlər heç nəyə nail ola bilməyəcəklər".
Emil