Beynəlxalq media Əliyev rejiminin ifşasını davam etdirir
Bakıda keçirilən birinci Avropa Oyunları Azərbaycan hakimiyyətini, o cümlədən Ilham Əliyevin dünya mətbuatının diqqət mərkəzinə gətirdi. Beynəlxalq media idman turnirindən daha çox Azərbaycan hakimiyyətinin mahiyyətindən, o cümlədən ölkədə tüğyan edən repressiyalar və korrupsiya barədə geniş materiallar dərc edir. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, məqalələr həmin materialları hazırlayan şəxslərin Azərbaycandakı gerçək durum barədə kifayət qədər məlumatlı olduğunu göstərir.
Məsələn, Amerikanın “Vice News” saytı “Azərbaycanda senzura və despotizm ittihamları fonunda ekstravaqant Avropa Oyunları” başlıqlı məqalədə nəinki Əliyev rejiminin repressiyaları, ölkədə söz və mətbuat azadlığının boğulması, hətta turnir ərəfəsində Bakıya rayonlardan maşınların buraxılmadığını da yazıb. Məqalənin müəllifi Bakıda AXCP sədri Əli Kərimli, vicdan məhbusu Intiqam Əliyevin oğlu Nəcmin Kamilsoyla söhbətlərini də yazıb. Məqalənin tərcüməsini təqdim edirik:
“Vice News”: “Azərbaycanda, hətta bir ”facebook" statusuna görə də həbsxanaya düşə bilərsən"
Ötən həftənin cümə günü Azərbaycanın paytaxtı Bakıda ölkə tarixində ən böyük və ən bahalı mərasim keçirildi. Həmin gün açılışı olan Avropa
Oyunları daha 14 gün davam edəcək. Vizual olaraq, açılış mərasimi möhtəşəm idi – səhnələr, şou, Ledi Qaqanın ifası, nəhəng nar, 50 ölkədən olan idmançıların öz ölkələrinin bayraqları ilə 60000-dən artıq tamaşaçının qarşısına çıxması.
Turnirin açılış mərasimini şərh edənlər birmənalı şəkildə onu tərifləyirdilər. Amma bu tamaşa turnirin keçirildiyi ölkədə insan haqlarının acınacaqlı durumunu ört-basdır eləmək üçün kifayət deyildi. Açılış mərasimi ərəfəsində Azərbaycan hökuməti “BBC”, “The Guardian”, “Radio France International” kimi media orqanlarının əməkdaşlarına, həmçinin “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının fəallarına viza verməkdən imtina etdi.
Cümə axşamı mətbuat konfransında prezidentin müşaviri Əli Həsənov Azərbaycanda senzura ittihamlarına belə cavab verib: “Konkret qüvvələr var ki, Azərbaycan əleyhinə təbliğat aparırlar. Onlar paxıllıq edir”.
9,5 milyon əhalisi olan Azərbaycan Xəzər dənizinin sahilində – Rusiya və Iran arasında yerləşir. 1991-ci ildə Sovet Ittifaqından ayrılaraq müstəqillik əldə edib. Keçmiş KQB generalı olan Heydər Əliyev 1991-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib və o vaxtdan Azərbaycanı Əliyevlər sülaləsi idarə edir. Heydər Əliyevin prezidentliyi 2003-cü ilədək davam edib. O vaxtdan bəri avtoritar idarəçiliyi ölkənin zəngin neft ehtiyatlarının dəstəyilə oğlu Ilham Əliyev davam etdirib.
Hakimiyyət tərəfdarları iddia edir ki, region üçün vacib olan stabilliyin əldə olunması Əliyevlərin xidmətinin nəticəsidir. Tənqidçilər isə bu ölkədə fərqli fikirli adamlara qarşı misli görünməmiş hücumları pisləyir. Bu ölkə gənc fəalların, jurnalistlərin, siyasətçilərin zorakılığa məruz qaldığı, ölkədən qaçmağa məcbur olduğu və ya saxta ittihamlarla həbsxanaya atıldığı yer kimi təsvir olunur.
Ölkənin ən tanınmış jurnalisti olan Xədicə Ismayılova illərdir ki, təqiblərə məruz qalıb. O, hakim ailə də daxil olmaqla, dövlət məmurlarının korrupsiyası barədə araşdırma yazıların müəllifidir.
Xədicə Ismayılova uzun müddət hədələnəndən sonra ötən ilin dekabrında həbs olundu. O, keçmiş həmkarını intihar cəhdinə vadar etməkdə ittiham edildi. Ardınca isə maliyyə cinayətlərilə bağlı ittihamlar irəli sürüldü.
Xədicə Ismayılovanın anası Elmira xanım deyir ki, qızının gördüyü işlər Azərbaycanın gələcəyi üçündür: “Hökumət öz vətəndaşlarının qayğısına qalmalıdır. Bu cür aşağı məbləğli əməkhaqqı, pensiya ilə bizə Avropa Oyunları lazım deyil”.
Əli Kərimli ölkə müxalifətinin əsas siyasi liderlərindən olmasına baxmayaraq, onun rəhbərlik etdiyi partiyanın qərargahı yoxdur. Uzun illərdir ki, hakimiyyətin təzyiqilə partiya yerləşdiyi bütün ofislərdən çıxarılır. Ötən il də partiyanın kiçik mənzil-qərargahında şübhəli partlayış baş verdi. Əli Kərimli və silahdaşları həbsxana qapılarından keçib, təqiblərə, polis zorakılığına məruz qalıb. Əli Kərimlinin özünə on ildən çoxdur ki, pasport verilmir.
“Burada demokrat olmaq çox təhlükəlidir”, – deyə Əli Kərimli bildirib.
Əli Kərimli Avropa Oyunlarına hədsiz böyük məbləğdə vəsait xərclənməsini tənqid edir. Bəzi məlumatlara görə, xərclər təxminən 8 milyard dollar olub. Əli Kərimli deyir ki, bu tədbir aylıq əməkhaqqısı cəmi 400 dollar olan vətəndaşlara üçün ən yaxşı halda, çox cüzi gəlir verə bilər. O, ümid edir ki, Qərb Avropa Oyunlarının parıltısına aldanmayacaq və Azərbaycan hakimiyyətinin nə dərəcədə uyğun partnyor olub-olmadığı haqda ciddi düşünəcək.
“Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətini sistemli şəkildə dağıtmaqla məşğuldur. Biz gözləyirdik ki, Avropanın idman ictimaiyyəti Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyəti barədə danışacaq, bu məsələyə diqqət yetirəcək. Lakin biz bunu görmədik. Düşünürəm ki, azərbaycanlıların böyük əksəriyyəti Avropa ailəsinin bir parçası olmaq istəyirlər. Əgər ölkədə seçkilər daim saxtalaşdırılırsa, korrupsiya tüğyan edirsə, siyasi institutlar monopoliyaya alınırsa, siyasi rəqiblər həbs olunursa, bu halda, özünü Avropanın bir hissəsi necə elan edə bilərsən?”, – deyə Əli Kərimli bildirib.
Məlumata görə, Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki Avropa Oyunlarının keçirilməsi üçün əvvəlcə Belarusa üz tutub. Lakin çox vaxt “Avropanın sonuncu diktaturası” adlandırılan bu ölkə bu qədər xərci özünə rəva görmədi.
Bakılıların bir çoxu Avropa Oyunları ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərdən narazıdır. Söhbət eyvanlarda paltar asılması, Bakıya avtomobillərin girişinin qadağan edilməsi, toy və yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulması kimi hallardan gedir.
19 yaşlı Nəcmin Kamilsoy atası – ölkənin tanınmış və veteran hüquq müdafiəçisi Intiqam Əliyev haqda danışır. Hakim ailə ilə bağlılığı olmayanlar Intiqam Əliyevi “Azərbaycanın vicdanı” adlandırır. 20 ildən çoxdur ki, o, həmvətənlərinin pozulmuş hüquqlarının müdafiəsilə məşğuldur. Intiqam Əliyev həmçinin Avropa Məhkəməsində 200-dən artıq vətəndaşın hüquqlarını müdafiə edib.
Intiqam Əliyev qanunsuz sahibkarlıq və digər maliyyə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ailəsi bildirir ki, onurğa sütununda ciddi problemlər olmasına baxmayaraq, Intiqam Əliyev lazım olan tibbi xidmətdən məhrum edilib.
“Atama qarşı iş başlayanda o, ölkədə yox idi. Yəni, ona ölkəyə qayıtmamaq imkanı yaratmışdılar. Lakin o, mübarizəsini davam etdirmək üçün qayıtdı. Hakimiyyət anlamalıdır ki, xalqın müqavimətini qıra bilməyəcək. Hətta həbsxanada da sınmayan adamlar var”, – deyə Nəcmin Kamilsoy bildirib.
“Siz jurnalistlərlə görüşüb danışmaqdan qorxmursunuzmu?” sualına Kamilsoy çiyinlərini çəkərək belə cavab verib: “Mən elə bir ölkədə yaşayıram ki, burada, hətta ”facebook"dakı bir pstatusa görə də həbsxanaya düşə bilərsən".
“Le Monde”: “Əliyevlər Karleone ailəsilə müqayisə olunur”
Dünyanın ən nüfuzlu mətbu orqanlarından olan Fransanın “Le Monde” qəzeti də Avropa Oyunları fonunda Azərbaycanda Əliyev rejiminin repressiyalarından yazır. “Əliyev Bakı oyunlarına qızıl qiymət müəyyənləşdirib” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
“Avropa Olimpiya Komitəsi yaxşı üsul tapıb. Birinci Avropa Oyunlarını beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən tənqid olunan rejimə həvalə edir, eyni zamanda da bu yolla həmin idman hadisəsinin yayılmasını təmin edir.
Bəzi mətbuat orqanları bu turniri “repressiya oyunları” adlandırır. Azərbaycanda repressiv mühit hökm sürür.
“Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının hazırladığı reytinq cədvəlində Azərbaycan söz azadlığının durumuna görə siyahının sonlarında qərarlaşıb. Həmçinin “Transparency International”ın hesabatına görə, Azərbaycan ən çox korrupsiyaya qurşanmış ölkələrdən biridir.
“Human Rights Watch”ın məlumatına görə, Azərbaycanda son bir ildə vəziyyət kəskin şəkildə pisləşib. Zəngin neft-qaz ehtiyatlarına malik olan bu ölkədə baş verənlərə Qərb dövlətlərinin hökumətləri çox nadir hallarda etiraz edir.
Ötən ilin mayında Fransa prezidenti Fransua Olland Bakıya səfəri zamanı ölkənin ən stajlı hüquq müdafiəçilərindən biri olan Leyla Yunusla da görüşmüşdü. Lakin Ollandın Bakıya bu il aprelin 25-də etdiyi son səfərində isə Leyla Yunus artıq həbsxanada idi. Ona qarşı dövlətə xəyanət, casusluq kimi ittihamlar irəli sürülüb.
“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, hazırda Azərbaycanda 20-dən artıq vicdan məhbusu var. Müstəqil jurnalistlər, bloggerlər daim hakimiyyətin hədəfindədir. Korrupsiya mövzusunda çoxsaylı araşdırmaları ilə tanınan jurnalist Xədicə Ismayılova ötən ilin dekabrından həbsdədir. Avropa Oyunları ilə əlaqədar Azərbaycana gəlmək istəyən xarici jurnalistlərə, o cümlədən “The Guardian”, “Radio France International”ın müxbirlərinə viza verilməyib. “Amnesty International”ın əməkdaşları da viza verilmədiyinə görə Azərbaycana səfəri təxirə salmalı olub.
Ölkəni dəmir yumruqla idarə edən Ilham Əliyev hakimiyyəti 2003-cü ildə atasından miras alıb. ABŞ diplomatlarının “WikiLeals” saytı tərəfindən yayılan məxfi teleqramlarında Əliyevlər “Xaç atası” filmindəki Karleone ailəsilə müqayisə olunurdu.
Ötən həftənin cümə günü Avropa Oyunlarının açılış mərasimində Ilham Əliyevin ətrafında 20-dək ölkənin dövlət və hökumət başçısı vardı. Rusiya prezidenti Vladimir Putin, Monako knyazı Albert də orada idi. Fransa idman məsələləri üzrə dövlət katibi ilə təmsil olunurdu. Almaniya isə ümumiyyətlə, rəsmi nümayəndə göndərməmişdi.
Avropa Oyunlarının keçirilməsini Bakıya həvalə edən Avropa Olimpiya Komitəsi iddia edir ki, “suveren dövlətin siyasi və ya hüquqi həyatına qarışa bilmərik”. Eyni zamanda, Avropa Oyunları zamanı Olimpiya xartiyasının bütün prinsiplərinə əməl olunacağına zəmanət verir. Idman dünyası siyasətlə idman arasında gizlənməyə çalışır".