elnurastanbeyli@gmail.com
Dünən Bakıda bir dəstə yapçı Avropa Ittifaqının buradakı ofisi önündə piket keçiriblər, sərt şüarlar-zad səsləndiriblər. Aksiyaçıları hiddətləndirən Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsi imiş. Əlbəttə, sərbəst toplaşmaq hər kəsin konstitusion hüququdur, sadəcə, mənə gülməli gələn bu hüququn nəhayət yapçıların da yadına düşməsi oldu. Halbuki müxalifətin hər etiraz aksiyası zamanı bunların tutuquşu kimi təkrarladıqları bir “arqument” vardı: “Mitinq, piket keçirmək 88-ci ildə qalıb?!”
Indi özləri özlərinin onsuz da çürük qoz qədər dəyəri olmayan “arqument”ini puç etdilər.
Daha gülməlisi isə bilirsinizmi nədir? Bir az dara düşəndə illərdir hər cür vasitə ilə gözdən salmağa çalışdıqları sərbəst toplaşmaq hüququndan yapışmaları! (Əlbəttə, məlum aksiyanı “sərbəst toplaşmaq” adlandırmağın özü də komikdir, belə bir piket keçirilməsi üçün düymənin hardan basıldığını, ora gələnlərin necə gətirildiyini bilmək çətin deyil). Indiyədək deyirdilər, mitinq, piket köhnəlmiş mübarizə metodlarıdır, sivil deyil, sabitliyi poza bilər. Amma bu gün öz etirazlarını məhz bu yolla bildirirlər. Bəli, ortada həm ciddi bir özünüifşa var, yapçılar bu günədək sərbəst toplaşmaq azadlığını şərləmək, ləkələmək, gözdən salmaq üçün apardıqları kampaniyanın nə qədər geydirmə, nə qədər çağdışı, anlamsız, gülünc olduğunu elə özləri açıq şəkildə gözlər önünə sərirlər, həm də bir daha təsdiqlənir ki, əslində etiraz əvvəl-axır hər kəsin ehtiyac duyduğu, onu ən müxtəlif formalarda – o cümlədən, piket, mitinq şəklində ifadə etmək gərəkliliyi hiss etdiyi müstəsna hüquqdur.
Yeri gəlmişkən, dünən Avropa Parlamentindəki dinləmələrlə bağlı daha bir etiraz “Gülər parlamenti”nin üzvlərindən gəlib, onlar yekə bir bəyanat imzalayıblar, bəyanatda belə cümlələr vardır: “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır”. Əlbəttə, bu cümlələrdə bizim üçün yeni, gözlənilməz heç nə yoxdur, yaptokratiya başından bəri siyasi sifarişli həbslərinə bu cür don geyindirir, haqq qazandırır.
Sadəcə, həmin cümlələrin altına imza atanlar arasında vaxtilə ABŞ diplomatlarının Milli Məclisdə “yeganə müxalifətçi deputat” adlandırdığı şəxs də var. Ən komiki (bəlkə də tragikomiki!) odur ki, həmin bu şəxs müxtəlif vaxtlarda Milli Məclisdəki çıxışlarında Ilqar Məmmədovun, Intiqam Əliyevin, Leyla Yunusun, Xadicə Ismayılın həbsi ilə bağlı çıxışlarında faktiki olaraq onları siyasi məhbus kimi tanımayıb. Indi isə altından qol çəkdiyi cümlələrə baxın!
Əslində bu cür ikiləşmə son illərdəki tariximiz üçün yeni deyil. Yeni olmadığı üçün təəccüblü və qeyri-adi də deyil. Bir deputat mandatı əldə etmək, bir dükan açmaq, bir fəxri ad almaq naminə, bir prezident təqaüdü, bir mənzil, daha nə bilim nə uğruna biz illərdir hansı özünütəkziblərin, hansı özünüifşaların, hansı dönüklüklərin, hansı riyakarlıqların, hansı iki və daha çox üzlülüklərin, qabıqdəyişmələrin şahidi olmuruq ki?!
Sadəcə, ağrılı olan, dəhşətli olan odur ki, bütün bunlar artıq Azərbaycanda adiləşir, təbii qarşılanır, qanunauyğunluq kimi qəbul edilir, sanki elə belə də olmalı imiş. Adamlar artıq dondan-dona girməyi, cilddən-cildə girməyi fərasətlilik əlaməti sayırlar, bunu bacarmayanlara fərsiz, əfəl kimi baxırlar. Bu cür zehniyyətlə, bu cür vərdişlə, bu cür yanaşma ilə, bu cür dərrakə ilə bu ölkədə, ustad Nazim Hikmətin təbirincə desək, qaranlıqlar necə aydınlığa çıxacaq, – bilmirəm, bilmirəm, bilmirəm…