Ekspertlər hesab edir ki, Zaxarovun açıqlaması Kazan görüşünün iflasından doğan qəzəbin ifadəsidir
Qaradəniz-Xəzər Siyasi və Sosial Araşdırmalar Institutunun direktoru Vladimir Zaxarov maraqlı açıqlama ilə çıxış edərək bildirib ki, Qarabağ ABŞ-a Irana hücum etmək üçün lazımdır.
Rusiyalı ekspertin fikrincə, ABŞ Iranla müharibəyə başlamaq niyyətini hələ unutmayıb: “Bu müharibə 2012-ci ilə təyin olunub. Vaxt yaxınlaşır və yaxınlaşdıqca amerikalılara təyyarələrin havaya qalxa biləcəyi Irana yaxın ərazinin lazım olduğu daha açıq şəkildə məlum olur. Təyyarələrin Azərbaycan ərazisindən qalxa bilməyəcəyi həm amerikalılara, həm də azərbaycanlılara məlumdur. Çünki Iran xəbərdarlıq edib ki, əgər Azərbaycan ərazisindən bir təyyarə Iran istiqamətində havaya qalxarsa, Tehran buna adekvat cavab verəcək. Bu səbəbdən ABŞ öz tərəfdaşını razılaşmalara əsasən toxunulmazlıq və təhlükəsizlik şəraitində saxlamalıdır”.
V.Zaxarov qeyd edib ki, Qarabağ ərazisindən hərbi əməliyyatlara başlamaq üçün uçuş-eniş zolağı qismində istifadə etmək olar. Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan üçtərəfli görüşə münasibət bildirən institut direktoru yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mümkün olmayacağını da bildirib: “Iranın Kazan görüşü ərəfəsində açıq narahatçılığı müşahidə olunurdu. Əhmədinejadın Ermənistan səfərini təxirə salması, Azərbaycan və Ermənistan prezidentlərinə telefon açması da faktdır. Hesab olunurdu ki, Tehran Azərbaycanın Iranla həmsərhəd rayonlarının işğaldan azad olunacağı və əraziyə sülhməramlıların gətiriləcəyi ehtimalından narahatçılıq keçirdiyi üçün hərəkətə keçib. Indi rus ekspertin açıqlaması da Iranın narahatçılığını təsdiqləyir.
Ekspertlər hesab edir ki, rusiyalı politoluqun bu açıqlaması təsadüfən ortaya çıxmayıb. Zaxarovun məlum proqnozu Kazan görüşünün iflasından doğub: “Kazan görüşünün uğurla başa çatması Rusiyanın, konkret Medvedevin marağında idi. Rusiya Kazan görüşündə uğur qazanmaqla dünyaya nümayiş etdirmək istəyirdi ki, münaqişələrin həllində müsbət rol oynaya bilər. Görüşün uğursuzluqla bitməsi tamamilə əks nəticə doğurdu. Bəlli oldu ki, Rusiya növbəti dəfə bu cür problemlərin həllində hər hansı rol oynaya bilmir. Bu görüşlə bağlı Medvedevin də ciddi niyyətləri var idi. Rusiya prezidenti bu görüşün müsbət nəticəsindən istifadə edib dünyada özünü qlobal problemləri həll edə biləcək şəxs kimi göstərmək istəyirdi. Amma bütün ümidlər puça çıxdı.
Zaxarovun açıqlaması da dərin məyusluqdan, Kazan görüşünün iflasından doğan qəzəbdən irəli gəlir”.
Ekspertlərin fikrincə, Rusiyanın hakim dairələri bu kimi şəxslərin dili ilə göstərməyə çalışır ki, ABŞ-ın problemin həllində niyyəti heç də səmimi deyil: “Demək istəyirlər ki, ABŞ-ın məqsədi Qarabağ probleminin həlli yolu ilə Iranı vurmaq üçün plazdarm əldə etməkdir. Bu fikrin əsassızlığını yalnız bir arqument sübut edir. ABŞ-ın Iranı vurmaq üçün istifadə edəcəyi ərazilər kifayət qədərdir. Bura Əfqanıstan, Iraq, Türkiyə, Fars körfəzi daxildir. Dağlıq Qarabağ kimi kiçik bir ərazidən istifadə etmək cəfəngiyyatdan başqa bir şey deyil”.
Gültəkin