Ciddi hadisələr təkcə xarici siyasətdə baş verir. Onların da ki, nəticəsini bu gün, sabah bilmək olmur, çoxunun yaxın perspektiv üçün heç nəticəsi belə olmur. Nəticəsiz Kazan görüşü, Fələstin Muxtariyyətinin prezidentinin Bakı səfəri, Islam Konfransı Təşkilatının adını dəyişməsi. Ola bilsin, daha nələrsə olub, mənim xəbərim yoxdur. Məni daha çox daxili siyasət maraqlandırır və xarici siyasətdən yazanda da onu daha çox daxili siyasətin rakursundan və prizmasından qələmə alıram. Daxili siyasəti isə dondurdular.
Adətən, adam baş vermiş hadisələrə görə məsuliyyət daşıyır və adamı bir qayda olaraq da baş vermiş hadisəyə görə məsuliyyətə cəlb edirlər. Amma bunlar adamları özlərinin güman və fərz etdikləri nələrə görəsə də təqib edə bilərlər. Bəli, bu hakimiyyət müxalifəti “rəngli inqilablar”dan, “ərəb baharı”ndan ruhlandığı üçün məzəmmət edir. Amma bütün bu məsələlər hamıdan əvvəlcə özlərinin ağlına gəlir, bir yerdəcə bir şey baş verən kimi dərhal xoflanırlar, başlayırlar “vintlər”i bərkitməyə – təqiblər, həbslər və kampaniyalar! Ona görə də bəlli deyil ki, “rəngli inqilab”lar, “ərəb baharı” bunlara daha çox təsir edir, yoxsa müxalifətə?!
“Ərəb baharı” dedim, yadıma bir detal düşdü. Qəzzafinin daha geriyə yolu qalmadı, onun ətrafındakı həlqə bir az da daraldı. B.Əsəd də elə eyni aqibəti yaşayır. Indi bir az da maraqlı hadisələr Belarusda baş verir, hə, ölkə iqtisadi kollaps ərəfəsindədir, ruslara elektrikə görə ödəmək üçün on-iyirmi milyon dollar tapa bilmirlər, A.Lukaşenkonun sovxozu çökür. Rusiya da artıq ondan bezib. Ruslar kifayət qədər hiyləgərdirlər, onlar da çoxdanca başa düşüblər ki, Lukaşenko nə edirsə öz hakimiyyəti üçün edir, onun azca yaxınlaşması və ya uzaqlaşması, Rusiya ilə etdiyi manevrlər ancaq və yalnız öz hakimiyyəti üçündür. Qərəz, ruslar başa düşürlər ki, Lukaşenko onlarınkı deyil, onların diktatoru deyil. Həm də ictimai rəy artıq elə bir həddə çatıb ki, hətta Rusiya da onu nəzərə almağa borcludur, bütün Avropa Lukaşenkodan danışır. Ruslar bu günlərdə əllərini B.Əsədin ətəyindən çəkdilər. Artıq vaxt çatıb ki, Lukaşenkonu da “bazara çıxarsınlar”. Bəli, son sözlərim sizlərə elə də qəribə gəlməsin, Rusiya diktator və diktatura ticarətilə məşğuldur, bunu hələ S.Hüseyn vaxtından hiss etmişəm. Indi Lukaşenkonun da məqamıdır, o da getmək ərəfəsindədir, sadəcə güclü daxili təkan yoxdur, daxili təkan baş versə, o, da öz “sovxoz”una qayıdar. Avropanın mərkəzində belə bir şeyi o qədər də təsəvvür etmək olmur. Ona qarşı hər cür sanksiya tətbiq olunub, o təcrid olunub, amma hiss ediləcək daxili təkan olmadığından hələ də duruş gətirə bilir. Maraqlıdır, süqutundun sonra hara üz tutacaq? Bəlkə Rusiya, ya da bizim tərəflərə? Onunla əməkdaşlıq bizim ölkəyə kifayət qədər utanc gətirən hadisədir. Amma nə etmək olar? Xarici siyasət bizim “mətbəximiz” deyil, bizim ona heç bir təsirimiz yoxdur, necə ki, daxili siyasət də bizlərdən uzaq düşüb. Fəqət, ümidsiz yaşamağa dəyməz. Çox güman ki, tez zamanda növbə Qafqaza və Orta Asiyaya da çatacaq. O günü görmək hamımıza nəsib olacaq, buna zərrə qədər də şübhəniz olmasın, o gün gələcək, mütləq…
Dissidentlər – yazı adamları…
V.Havelin yazısında maraqlı bir detala rast gəldim. O, dissidentlərə həm də yazı adamları deyir. Bu minvalla deməli, biz hamımız dissidentlərik. Bunu o qədər də nəzərə çarpdırmırlar, amma diqqət çəkən məqamdır. Qəzetlərə və internetə baxıram. Insanlar hər gün yazırlar. Bəlkə də bəşəriyyətin heç bir dönəmində insanlar bu qədər yazmayıblar, baxmayaraq ki, bəzi klassiklərin epistolyar janrda yazdıqları bəzən əlli cildə çatıb… Hər yazıda da bir xəbərçi və maarifçi yanğısı var. Indi bütün cəmiyyət yazır. Amma bir xüsusi insanlar var ki, onlar yazılarının arxasında gizlənmir, imzalarını yazırlar. Dissidentlər onlardır. Hər gün onların azca kədərli, bir az da yorğun çöhrələrini görürük, lap elə “Yorğun demokrat” şərqisindəki kimi. Belələri heç o qədər çox da deyil, onları qorumaq lazımdır, çünki onlar hər gün təbil çalır. Bizim üçün!..