Cəbhəçi gənc 6 il azadlıqdan məhrum edildi; Elvin Abdullazadə hakimiyyətə meydan oxudu VİDEO
«Bir gün başda Ilham Əliyev olmaqla, zalım hakimiyyət, ədalətsizlik edən bütün məmurlar burada mühakimə olunacaq»
“Facebook”dakı hökumətin ünvanına tənqidi statuslarına, həmçinin siyasi baxışlarına görə narkotiklə şərlənərək həbs olunan AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullazadənin məhkəməsi yekunlaşdı. 21 yaşlı fəalın məhkəməsi həm də onun parlaq son sözü ilə yadda qaldı. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən iclasda Elvin Abdullazadə son sözünü deyərkən faktiki onu siyasi sifarişlə dəmir barmaqlıqlar arxasına saldıran hakimiyyətə meydan oxudu.
“Vicdanlı olduğum, vətənimi sevdiyim üçün buradayam”
“Bu, əslində son sözüm deyil, son sözümü Allah dərgahında deyəcəyəm. Mən xoşbəxtəm, çünki mən qalibəm, mən siyasi məhbusam. Bu, mənim diktatura üzərində qələbəmdir. Zalım hakimiyyətin məndən qorxub məni həbsə atması qələbəmdir. Bəli, mən xoşbəxtəm. Bu rejim qarşısında sınmadığım, vicdanla mübarizə apardığım üçün xoşbəxtəm. Həm də ona görə xoşbəxtəm ki, zalımlardan yox, vicdanlılardanam. Mən vicdanlı olduğum, vətəni sevdiyim üçün buradayam. Allahdan başqa məni heç kəs mühakimə edə bilməz. Bir gün başda Ilham Əliyev olmaqla, zalım hakimiyyət, ədalətsizlik edən bütün məmurlar burada mühakimə olunacaq”, – deyə Elvin Abdullazadə bildirdi.
“Zalım hakimiyyət istəməsə belə, Azərbaycanda demokratik inqilab olacaq”
Gənc fəal Ilham Əliyevin adını çəkən kimi hakim narahat oldu və onun sözünü kəsərək, mahiyyəti üzrə danışmağa çağırdı. Bu isə məhkəmə prosesini izləyənlərin narazılığına səbəb oldu. Elvin Abdullazadə də buna məhəl qoymayaraq çıxışını davam etdirdi:
“Üstündə üç ton narkotik tutulan hakimiyyət, bu gün məni bir neçə qram narkotiklə şərləyir, mühakimə edir.ÿBu qədər ədalətsizliyin bir sorğusu olacaq. Mənim həbsimdə məqsəd, mübariz insanları, əqidədaşlarımı qorxutmaq, susdurmaq idi. Amma bacarmadılar, onların gözlətilərinin əksi baş verdi. Heç bundan sonra da bacarmayacaqlar. Mən seçdiyim yola, apardığım mübarizəyə görə peşman deyiləm. Çünki cinayət törətməmişəm. Cinayətkarlar vəzifə başında oturan bu rejimin məmurlarıdır. Ona görə də, bunlar məni mühakimə edə bilməz. Zalım hakimiyyət istəməsə belə, Azərbaycanda demokratik inqilab olacaq. Tutduğum yoldan qürur duyuram. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Xalq Cəbhəsi!”
Zaldakılar Elvin Abdullazadənin çıxışını ayaq üstə alqışladılar. Ardınca Fikrət Qəribovun sədrlik etdiyi, Rasim Sadıxov və Əfqan Hacıyevdən ibarət hakimlər heyəti müşavirəyə getdi. Bu zaman zaldakılar “Elvin!”, “Elvinə azadlıq!” şüarları səsləndirdilər. Elvin Abdullazadə zalda dəmir qəfəsin içində olmasına baxmayaraq, nəzarətçilər orada da onun əllərini qandalladılar.
Az sonra müşavirədən qayıdan hakimlər hökmü elan etdi. Hökmə əsasən, Elvin Abdullazadə 6 il azadlıqdan məhrum edildi.
“Azadlıq uğrunda mübarizə salnaməsini belə analar və oğullar yazır”
Dünən məhkəmə prosesini izləyənlər arasında AXCP sədri Əli Kərimli də vardı. Hökmdən sonra fikirlərini bölüşən AXCP sədri bildirib ki, bu proses Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığının növbəti dəfə sübutu oldu. Əli Kərimlinin sözlərinə görə, bu gün Azərbaycanda məhkəmələr repressiya sisteminin bir elementinə çevrilib: “Növbəti dəfə sübut olundu ki, Azərbaycanda məhkəmə hakimiyyəti ölkədəki qeyri-demokratik rejimin maraqlarına tamamilə tabe etdirilib. Azərbaycanda sözün gerçək mənasında 37-ci il repressiyası tüğyan edir. Amma bütün bu baş verənlərin içində müsbət məqamlar da var. Siz özünüz gördünüz ki, Elvin Abdullazadə necə əqidəli, cəsur gəncdir, məhkəmə qarşısında necə dayandı. Mən onun anasına, özünə minnətdaram və sizi əmin edirəm ki, Azərbaycanın azadlıq uğrunda mübarizə salnaməsini belə analar və oğullar yazır. Onlar olmasa, Azərbaycan haqq etdiyi azadlığına qovuşa bilməz”.
Əli Kərimli eyni zamanda, özünün “facebook” səhifəsində Elvin Abdullazadənin son sözünün mətnini paylaşıb. AXCP sədri həmçinin cəmiyyəti Elvinə və digər siyasi məhbuslara dəstək verməyə çağırıb: “Dostlar, Elvin Abdullayevin son sözünü paylaşın, hər yerdə yayın. Qoy millətimiz görsün ki, onun cəsarətli oğulları, mərdlikdə, cəsarətdə oğullarından geri qalmayan anaları, millətin gerçək azadlığına qovuşması, ədalətin bu yurdda da bərqərar olması üçün şərə necə meydan oxuyurlar, xalqın xilası üçün özlərini pərvanə kimi oda necə çırpırlar, amma əqidələrindən, Azərbaycan arzusundan vaz keçmirlər. Bugünlərdə millətimizin azadlıq mübarizəsinin şərəfli səhifələri yazılır. Siz də bu prosesin iştirakçıları olun.
Fədakar və vicdanlı siyasi məhbuslarımıza ən müxtəlif vasitələrlə dəstək olmağa çalışaq!".
“Mənim oğlum haqq yolundadır”
Elvin Abdullazadənin anası Zülfiyyə Abdullayeva da “Azadlıq” radiosuna müsahibəsində bəyan edib ki, oğlu haqq-ədalət uğrunda mübarizə aparır. Siyasi sifarişli həbslə onu mübarizəsindən, əqidəsindən döndərmək mümkün deyil:
– Elvinin həbs xəbərini alanda reaksiyanız necə oldu? Nə dərəcədə gözlənilən idi sizin üçün?
– Elvin imtahandan çıxan kimi biz əlaqə saxladıq, mənə imtahanı əla verdiyini dedi. O, bankdan pul götürüb təhsilhaqqını ödəməli idi deyə, bir saat sonra yenidən zəngləşməliydik. Bir saat sonra zəng elədim, telefonu açmadı. Narahat olmağa başladım. Üstündə pul var idi deyə, “başına bir işmi gəlib?” düşündüm, həbs ehtimalı da ağlımdan keçdi. “Facebook” səhifəsinə girib dostlarının nömrəsini axtarmağa başladım. Dedilər ki, “deyəsən Elvin tutulub”, çünki əliqandallı şəklini “facebook”a qoyubmuş. Zatən iki ay idi ki, həyətimizə bir maşın polis, bir maşın da MTN əməliyyatçıları gəlib-gedirdi, bilirdik ki, həbs edəcəklər Elvini. Ali məktəbdəki siyasi fəaliyyətinə, çıxışlarına görə şərlənəcəyini bilirdik.
– AXCP yolunu öncə siz getmisiniz, Elvin ardınızca gəlib, yoxsa əksinə?
– Yox, AXCP yolunu birinci Elvin gedib. Kimsə onu partiyaya qoşmaq təşəbbüsü göstərməyib, özü deyir ki, “facebook”dan cəmiyyətdə baş verən haqsızlığı izləyirmiş, hər şeyi görürdü deyə, həvəsləndi, partiyaya qoşuldu. Ardınca da məni həvəsləndirdi. AXCP rəhmətlik Elçibəyin məzarı önünə toplaşanda, başladıq biz də qoşulmağa. Öncə oğluma dəstək kimi qoşuldum, sonra özüm də gördüyümü gördüm.
– Elvinin həbsi bu yolu seçdiyiniz üçün bir peşmançılıq yaratdımı sizdə?
– Yox, haqdan yana danışmaq nə vaxtdan peşmançılıq olub? Düzün ayrı adı yoxdur, haqq yolundayıq. Anayam, təbii ki, məni yandırır, onu əziyyətlə böyütmüşəm, dişimlə-dırnağımla bu günə çatdırmışam. Cəmiyyətə yararlı fərd böyütmüşəm. Çalışırsan sabah hamı sənə desin ki, “halal olsun belə anaya”. Bu sözü indi mən eşidirəm. Mənim oğlum haqq yolundadır. Şərlənib tutulub. Əqidəsi düz olan, düzgün yolda olan hər kəs mənə deyir ki, “halal olsun sizə, çox gözəl övlad yetişdirmisiniz”. Bundan artıq qürurverici nə ola bilər ki?!
– Qınaq edən də olurmu?
– Yox, nə qınaq olacaq ki? Qınağı ancaq rejim edir. “Əqidəndən dön, keç bizim tərəfə” deyən rejim. Hansı tərəfə keçməliyik ki? Bəyəm erməni tərəfdəyik? O da azərbaycanlıdır, mən də, bunun tərəfi var? Azərbaycanda, bütün ölkələrdə, elə qonşu ölkələrdə partiyalar var. Necə olur ki, onların hər şeyi – Milli Məclisdə mandatdan tutmuş ikimərtəbəli avtobusa, qərargaha, mətbuata, televiziya kanalınadək hər şeyi olur, amma bizdə olmasın. Bu necə söz azadlığıdır bəs? Yoxdur da, hər şey məhdudlaşdırılıb bizdə.
– Məhkəmə prosesini necə dəyərləndirirsiniz?
– Məhkəmə başından qurama idi, vəkilin heç bir vəsatəti təmin olunmadı. Siyasi məhbuslara rejimin təyin etdiyi cəza var, vəssalam, o da verilməlidir. Nə var ki ali məktəbdə siyasi partiyasını tərənnüm edir. Nə olsun ki? Axı burda nə var ki? Biz necə cəmiyyətdə yaşayırıq? Gənc sözünü deməməlidir? Bəs gənc nəsil necə formalaşmalıdır?
– Sizcə, Elvin həbsdə nə qədər qalacaq?
– Elvin içəridə az qalacaq. Əfvdən inşallah yararlanacaq. 6 il cəza verməklə deyil ki. Elvinin işi Avropa Məhkəməsinə gedəcək. Indi apelyasiya şikayəti verəcəyik.
– Əfv də yazacaqsınızmı?
– Yox. Niyə əfv yazmalıyam ki? Uşağımı şərləyib tutublar, hələ bir gedib əfv də yazacağam ki, sən Allah, mənim uşağımı azad et? Insan həmişə bir yol tutmalıdır, ikinci bir yola dönəndə hər iki yoldan olursan. Biz haqdan, düzdən yanayıq.
– Elvinin həbsdən sonrakı həyatını necə görürsünüz?
– Elvin çıxacaq və mübarizəsini davam etdirəcək. Içəridə özünü daha da təkmilləşdirəcək, xeyli kitab oxuyacaq, artıq namaz qılmağa başlayıb.
“Bu hökm hüquq adına yazılan növbəti rəzalətdir”
Elvin Abdullazadə barəsində çıxarılan hökmlə bağlı onun üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası da xüsusi bəyanat yayıb. Bəyanatda deyilir:
“AXCP məhkəmənin bu hökmünü Azərbaycanda hüquq adına yazılan növbəti rəzalət kimi qiymətləndirir. Partiya təəssüflə bəyan edir ki, Azərbaycan dövləti adından hökm çıxaran məhkəmələr günahsız vətəndaşlarla bu cür qanunsuz, ədalətsiz davranışları ilə dövlətə və hüquqa inamı kəskin sarsıdırlar; bu isə müstəqil dövlətə qarşı ən böyük zərbə sayılmalıdır. AXCP əminliklə bəyan edir ki, Elvin Abdullazadə günahsızdır, yalnız siyasi düşüncəsinə, əqidəsinə görə Əliyevçi rejimin şərinə tuş gəlib. Elvin Abdullazadə barəsində çıxarılan hökm və ittihamlar tamamilə quramadır, böhtandır, cəmiyyətdə vicdanlı insanları şərləmək, gözdən salmaq, demoralizə etmək üçün atılan anti-insani addımdır. Azərbaycanda Milli Azadlıq Hərəkatını görən, yaşayan hər kəs bu cür çirkin metodları ”kommunist" bürokratların hərəkatçılara qarşı işlətdiyinə şahiddir. O zaman da azadlıq, demokratiya istəyən, mübarizə aparan insanlar “narkoman”, “alkoqolik”, “ekstremist”, “fundamentalist” kimi böhtanlara tuş gəlir, təzyiqlərə məruz qalırdılar. Lakin bütün bu böhtanlar, qurama ittihamlar çürük rejimi qoruya bilmədi və o, öz rüsvayçı sonluğuna qovuşdu. Zorakılıq və anti-xalq yolu tutumuş hər bir rejim belə sonluğa məhkumdur.
AXCP bu gün dövlət aparatını ələ keçirənləri günahsız yerə, yalnız siyasi baxışlarına görə insanlara əzab verməyi dayandırmağa, Elvin Abdullayev də daxil olmaqla bütün siyasi məhbusları dərhal azadlığa buraxmağa, insan hüquq və azadlıqlarına hörmət bəsləməyə, dövlətin gücünü vətəndaşların inkişafına sərf etməyə səsləyir".