elnurastanbeyli@gmail.com
Dünən əziz və cəsur həmkarımız, qorxmaz araşdırmaları ilə kirli gizinləri gün işığına çıxaran Xədicə Ismayılın doğum günü idi, onu buradan təbrik edir, bağrıma basıram. Xədicə zindan divarları arasında belə azaddır. Ruhunu hakimiyyət və sərvət ehtirasına təslim edənlər, maddiyyatın köləsinə çevrilənlər bunu əsla və əsla anlaya bilməzlər.
Xədicənin son illərdəki araşdırmaları Azərbaycanda kapitalın hansı qaranlıq, qanunsuz yollarla toplandığını konkret, təkzibedilməz, inkarolunmaz faktlarla gözlərimiz önünə sərdi. Işi belə görüb onu şərləyərək həbsə atdılar. Amma gəl gör ki, həqiqətin hər nə qədər malalanmağa çalışılsa belə, bir yolunu tapıb ortaya çıxmaq kimi özəlliyi var. Şərti olaraq “Cahangir Hacıyev işi” adlandırılan həbslər dalğası bu ölkədə kimlərin necə sərvət, imtiyaz sahiblərinə çevrildiklərini bir daha göstərdi. Bunun üçün heç bir xüsusi qabiliyyət və bacarıq lazım deyil: yetər ki, rejimə loyallıq nümayiş etdirəsən, onun korrupsiya maşınının vintciyi, təkərciyi funksiyasını yerinə yetirəsən, ona öz xidmətini təklif edəsən.
Məsələn, elə adını son günlər tez-tez eşitdiyimiz Nizami Piriyev – rejimin ona tanıdığı fürsətlər sayəsində pula pul demirdi, qarşılığını isə yaptokratlara xaricdə lobbiçilik etməklə verməyə çalışırdı, hətta Britaniyanın keçmiş baş naziri Toni Bleyeri pul gücünə dartıb bura gətirmiş, analoqsuz inkişafı təriflətmişdi.
Buyurun, indi həmin bu Piriyevi də aparıblar “bandotdel”ə, oradan bəyanat verib ki, bəs məni burada döyürlər, işgəncə verirlər-filan.
Əlbəttə, ağ yalan danışır, bu cür bəyanatların arxasında Azərbaycanın inkişafını gözü götürməyən qara qüvvələr dayanır. Biz hüquqi-demokratik dövlətdə yaşayırıq, ölkəmizdə bu cür hallar yoxdur, ola da bilməz.
Yox, yox, bu qətiyyən ironiya deyil. Qara yumor, yaxud sarkazm da deyil. Bu sadəcə, ikrahdır. Bəli, illərdir ölkənin yanlış idarəetməsinə qarşı çıxan vicdanlı, ləyaqətli insanlara ünvanlanmış sözləri indi öz qazdıqları quyuya düşənlərin üzünə çırpmaq vaxtı gəlib.
Özləri demirdilərmi ki, Azərbaycanda hüquq fontan vurur, qanunlar işləyir, məhkəmələr ədalət fışqırır, polis asayişin, əmin-amanlığın, qanunçuluğun keşiyindədir, dünya bizdəki inkişafı görüb paxıllıq edir, nə bilim daha nə… – qoy indi zəhmət çəkib bu sözlərinin arxasında dursunlar! Daş öz ayaqlarına dəyəndə ağlayıb-sısqamasınlar, bu haqsız, ədalətsiz düzəndən nəsibini almaq növbəsi onlara çatanda fəryada başlamasınlar, “bandotdel”dən işgəncə gördüklərinə dair bəyanatlar göndərmək, məhkəmələrdə saxta ittihamlarla üzləşdiklərinə dair nitqlər icad etmək əvəzinə Sistemə tərif söyləməyə, yarınmağa davam etsinlər. Yenə də məhkəmələrin ədalətindən, hüququn fontan vurmasından, qanunların işləməsindən dəm vursunlar!
Yoxsa ki, bu haqsız-ədalətsiz düzən illərdir minlərcə insanın həyatını qaraldanda, ocağını söndürəndə öz qoçu dəstələri, öz lobbi fəaliyyətləri ilə bu düzənin ayaqda qalmasına, güclənməsinə çanaq tutub indi qazdıqları quyuya özləri düşəndə isə ahu-zar etməsinlər, imdad diləməsinlər.
Bəyəm bilmirdilərmi ki, bəylə bostan əkənin tağı çiynində bitər?!
Bəyəm bilmirdilərmi ki, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə?!
Bəyəm bilmirdilərmi ki, nəyi əkərsən, onu da biçərsən?
Bəyəm bilmirdilərmi ki, nə tökərsən aşına, o da çıxar qaşığına?!
Və ən əsası: bəyəm bilmirdilərmi ki, yalnız inqilablar deyil, irticalar da öz balalarını yeyirlər. Həm də daha iştahla, daha acgözlüklə!