Nə yazacağımı düşünürdüm. Daha doğrusu, nədən.
Nədən yazasıyıq ki – bütün mövzular boyatdı. Nəticəsiz Kazan görüşü – daha qabaqkı başqa nəticəsiz görüşlərin eynisi. Ölkən həm məğlub durumda olsun, həm başdan-başa haqsızlıq, ədalətsizlik, demokratiyanın yoxluğu, avtoritarizmin, hüquqi nihilizmin çoxluğu durumunda; şəxsiyyətə pərəstiş, sosial bərabərsizlik, seçim hüququnun mövcud olmaması, söz azadlığı, sərbəst toplaşma azadlığının tam məhdudlaşdırlması… Bununla Qarabağ danışığında nəyə nail olmaq mümkündü ki? Erməniyə referendum keçiriləcəyinə söz verilib zamanında – hakimiyyətdə qalmaq şərtilə. Indi onlar Azərbaycan hakimiyyətindən verdiyi sözə əməl eləməsini istəyir, bunlar verdiyi sözə əməl eləməkdən qorxur – xalq nə qədər passiv olsa da, bir də gördün ayağa qalxdı. Oldu, oldu da. Azərbaycan cəmiyyəti elə əsrlərcə kölə olmayacaq ki! Əsrlərcə lal-kar olmayacaq ki! Kölələrin qiyamı da yaman olur!
Indi bu üzdən iqtidar çox fəci durumdadı – haçansa ermənilərə söz verdiklərinə əməl eləsə, xalq üsyanı qorxusu var, əməl eləməsə, Qərb sıxma-boğmaya salır. Belləri xalqa da bağlı deyil ki, arın-arxayın işlərini görələr. Çünki xalqdan zərrəcə dəstək gözləməyə üzləri qalmayıb – heç bir sahədə. Ölkəni təkbaşına gəmirib yeyiblər, referendum məsələsinə təkbaşına imza atıblar. Nə isə, indi heç toyda biabır olan da bunların günündə deyil…
Dediyim odu ki, bütün xəbərlər belə köhnə və boyatdı. Intiharlar təzə xəbər deyil. Səbəbləri də təzə deyil – hakimiyyətin yaramaz sosial siyasəti. Dəyişən sadəcə adlardı. Dünən Məmməd intihar eləmişdisə, bu gün Əhməd eləyir.
Siyasi aksiyalar, mitinqlər, həbs edənlər və həbs olunanlar da eynidi. Bizimlə qonşu rayonacan yoldaşlıq eləyən şəxsə başqa bir yol yoldaşımız onu tanıdığını deyəndən sonra, qardaş kimliyini boynuna aldı, utana-utana polisdə çalışdığını, həqiqətən mitinqlərdə inqilabçı ovladığını təsdiqlədi, ancaq günahsız olduğunu, əmr üzrə hərəkət elədiyini, çörəyinin xatirinə polisdə çalışdığını dedi, sonunda polisin içində də yaxşı oğlanlar olduğuna yol yoldaşımızı və bizi inandırmağa çalışdı. Ama ən maraqlısı bu oldu ki, polis qardaşımız üzünü hamıya tutub soruşdu:
– Qardaş, sözün açığı mən bir şeyi başa düşmürəm ki, bu mitinq eləyənlərin istədiyi nədi?..
Məncə, bu sual çox mətləbə aydınlıq gətirir: polisin aksiyadakı kobudluğundan tutmuş onların ümumi kobudluğuna qədər. Bir insan ki, dəfələrlə həbs elədiyi adamın nə istədiyini anlamırsa, ondan günah görməyə dəyməz. Bəlkə elə qəsdən belələrini polisə yığırlar ki, nə və niyə yapdığının fərqində olmasın. Zənnimcə, polisin mitinq iştirakçılarına qarşı kobudluğunun əsasında aldığı əmr, zibilinə düşdüyü çörək dərdi yox, məhz elə bu durur – “onların” nə istədiyini bilməmək. Ümumiyyətlə, niyə polis olduğunu anlamamaq.
Niyə polis olduğunu anlayan şəxs sevgilisi ilə qol-qola parkda gəzişən bir qızı niyə zorlasın ki? Həm də üçü birdən. Onların beynində gerçəkliyə adekvat olaraq özünü cəza maşını kimi hiss eləmək düşüncəsi var, onların fikrincə, polis xalqı qoruyan qüvvə yox, işgəncəyə uğradan gücdü, cəza və zor aparatıdı. Əynində mundir olan polis kiber-polis kimi anlaqsızdı. Mülki geyimdə olan yol yoldaşımız isə sanki, xəcalət çəkir, polisin içində yaxşı oğlanların olduğuna bizi yox, özünü inandırmağa çalışırdı.
Hə, mən mövzuların boyat olmasından bəhs eləmək istəyirdim. Bu heyn də Binəqədi polis idarəsinin rəisi Ağalar Məhərrəmovun “Xural” qəzetinin redaktoru Əvəz Zeynallını ölümlə hədələməsi xəbərini oxudum. Hə, nə bu təzə xəbərdi, nə polis rəisinin özünü potensial qatil kimi aparması. Bayaqdan elə bundan danışırdım da… Ama mən də o fikirdəyəm ki, polisdə yaxşı oğlanlar var!