Intihara rayon rəhbərliyinin biganəliyinin səbəb olduğu deyilir
Son zamanlar dəhşətli bir tendensiya yaranıb. Qarabağ qaziləri, müharibə veteranları ard-arda intihar edir. Bütün intiharların səbəbi isə sosial problemlər, məmur özbaşınalığı, hakimiyyətin biganəliyi olur. Müharibədən sağ çıxan adamlar sosial problemlərin məngənəsindən çıxa bilmirlər. Əvvəlcə, Qarabağ qazisi Zaur Ramazanov özünə od vurub yandırdı. Onu həyatını xilas etmək mümkün olmadı.
Sonradan məlum oldu ki, bu intihara səbəb iri ranqlı məmurun özbaşınalığı imiş. Bu hadisə ətrafında səs-küy yaransa da, günahkarlar cəzalandırılmadı. Hakimiyyət mərhumun ailə üzvlərinə maddi yardım göstərməklə, problemi həll etdi. Bu hadisədən sonra xeyli analoji hallar baş verdi. Bir neçə gün öncə isə “Fəryad” filminin prototipi Mehman Hüseynov ürək çatışmazlığından dünyasını dəyişdi. O, erməni əsirliyindəki işgəncələrə dözə bildi, amma hakimiyyətin biganəliyinə, süründürməçiliyinə dözə bilmədi. Uzun müddət sosial problemlərin əhatəsində yaşadı və bu vəziyyətdə də dünyadan köçdü.
Amma bu hadisə də son olmadı. Ötən gün Cəlilabad rayon Polis Şöbəsinin qarşısında Qarabağ müharibəsi və 20 Yanvar hadisəsinin iştirakçısı Mirtahir Mürsəlov özünü yandırdı.ÿOnu 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirdilər. Son məlumata görə, həyatını xilas etmək mümkün olmayıb. Müharibə iştirakçısı Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Iş üzrə hələ kiÿ saxlanılan yoxdur.
Bəli, həmişəki kimi cinayət işi açılacaq, istintaq gedəcək və nəticədə heç nə olmayacaq. Beləliklə, daha bir müharibə iştirakçısının intiharı sona çatacaq.
Bu da Azərbaycan reallığının daha bir göstəricisi. Sanki Qarabağ qazilərinə qarşı xüsusi bir düşmənçilik var. Erməniyə güllə atanların hakimiyyətin biganəliyindən ölməsi statistikaya çevrilib.
Hələ də Mirtahirin ölümü ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur. Milyardlarla vəsaiti mənasız tədbirlərə xərcləyən hakimiyyət, hələ də Qarabağ qazilərinin sığorta pulunu vermək istəmir. Erməniyə “şot” vermək məqamı gələndə səxavətli olanlar, erməniyə güllə atanlara xidmət göstərmək lazım olanda qənaət edirlər.
Artıq Qarabağ qazilərinin intihar etməsi, problemlər səbəbindən ölümü çıxış yolu kimi seçməsi adi hala çevrilib.
Nə qədər ki, bu intiharların əsl səbəbi araşdırılmır, nə qədər ki, hakimiyyət müharibə iştirakçılarına belə münasibət göstərir, nəticəni dəyişmək mümkün olmayacaq. Yəni Mirtahir Mürsəlovun faciəli ölümü də son hadisə olmayacaq.