“AMAY Abdulla”: "Tapşırmışdım ki, heç kimin malı, mülkü satışa çıxarılmasın"
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda Ilyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “AMAY” şirkətinə məxsus “Xətai” ticarət mərkəzinin tamamlanma işləri üzrə şahidlərÿvə Atatürk prospekti, 8978-37 ünvanında tikilən çoxmərtəbəli binanın tikintisinin tamamlanması üzrə zərərçəkmişlər dindirilib.ÿ
Öncə prosesdə Elçin Rzazadə atası Cavanşir Rzazadənin vəfat etdiyini və məhkəmənin hüquqi varis kimi onu tanımasını xahiş edib. O, atasının “Xudafərin” MMC-dən mənzil aldığını, binanın bu günə kimi tam təhvil verilmədiyini deyib: “Heç bir tələbim yoxdur, evimizin komplektləşdirilməsini istəyirik”.
2008-2012-ci illərdə “AMAY” MMC-də mühasib vəzifəsində işləmiş Aidə Musayeva şahid qismində məhkəmədə dindirilərkən ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, mühasib işlədiyi dövrdə heç bir əməliyyat, alğı-satqı olmadığını deyib.
A.Abdullayev isə şahidin sözünü təsdiqləyərək “2008-ci ilin yayından fəaliyyətimiz dayanmışdı” deyib.
“AMAY” şirkətində mühafizəçi işləyən Nizaməddin Həsənov şahid qismində ifadə verərkən onun adına firma təsis olunduğunu və bankdan kredit götürüldüyünü bildirib.
Dövlət ittihamçısının və hakimin suallarını cavablandırmaqda çətinlik çəkən şahid bunu həyəcanlı olması ilə əlaqələndirib: “Bura gələndə öz adım da yadımdan çıxdı. O cür insan (Abdulla Abdullayevi göstərir – red.) oradadır. Onun yanında danışmaq mənə çox çətindir. Mənim adıma götürülən 900 min manat pul ”AMAY"-ın tikintisinə sərf olunub".
“AMAY” şirkətində mühafizəçi işləyən Süleyman Əliyev də eyni məzmunlu ifadə verib: “Mənim adıma ”Pünhan" firması təsis olunub. “Texnikabank”dan pul götürülüb və tikintiyə sərf olunub".
Sözügedən şirkətdə işləmiş Məzahir Əliyev, Fəxrəddin Ismayılov, Rauf Məmmədov, Mais Quliyev də eyni məzmunlu ifadə veriblər.
A.Abdullayev prosesdə qısa çıxış edib: “Kreditin vaxtında qaytarılması ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu ilə bank arasında cərimələr tətbiq olunur. Bank fond qarşısında öhdəlik daşıyır. Mən tapşırmışdım ki, heç kimin malı, mülkü satışa çıxarılmasın. Nə Korrupsiya Idarəsi, nə də Baş Prokurorluq fikirləşmirlər ki, insanlar ac qaldı. Xahiş edirəm sədaqət, güvənc və etibar sözləri leksikondan çıxarılsın. Bir halda ki bu sözlərdən istifadə olunmur”.
Sonuncu şahid Vaqif Mehdiyev ifadəsində adına iki şirkət təsis olunduğunu, “AMAY”-ın tikintisinə görə bankdan 1 milyon 200 min manat pul götürüldüyünü və məbləğin tam ödənildiyini bildirib.
A.Abdullayev yerindən replika verib: “Vaqif 15 gün idi ”Bandotdel"də idi, dünən buraxıblar. Kreditlə bağlı idi. Baxıblar ki, müqaviləsi var, pul ödənilib, buraxıblar. “Bandotdel” Korrupsiya Idarəsindən ədalətlidir. 15 gün saxladılar, buraxdılar. Amma məni 15 aydır burada saxlayırlar".ÿ
Bununla da məhkəmə prosesi mayın 21-ə qədər təxirə salınıb.