AXCP üzvü Fuad Əhmədli «bandotdel»də saxlanılır; ona ailə üzvləri və vəkililə görüşməyə imkan verilmir
Zəfər Əhmədli: «Idarəyə getsəm də, nə Fuadı görə bildim, nə də onun saxlanılması barədə məhkəmə qərarını…»
AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli aprelin 28-də oğurlanıb. Xeyli axtarışlardan sonra onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən oğurlandığı məlum olub. Gənc fəal o vaxtdan bəri naməlum şəraitdə saxlanılır, onun başına nə gəldiyi bəlli deyil. Fuad Əhmədli bugünədək nə sərbəst buraxılıb, nə də yaxınlarına onunla görüşmək imkanı yaradılıb. Hətta vəkilinin də gənc fəalla görüşməyinə imkan verilməyib.
Məsələ burasındadır ki, Fuad Əhmədlinin həbsi, harada saxlanması ilə bağlı formal da olsa, məhkəmə qərarı belə ortada yoxdur. Bu isə Azərbaycanın hüquq sistemindəki dərəbəyliyin bariz nümunəsidir. Belə çıxır ki, hüquq-mühafizə orqanları istədikləri adamı oğurlayıb aparar, günlərlə yaxınlarına heç bir məlumat vermədən, şəxsi girov saxlaya bilərlər.
Cəbhəçi gəncin atası Zəfər Əhmədli oğlu oğurlanan gün baş verənlərlə bağlı müəyyən məlumatlar əldə edib. Zəfər Əhmədli “Azadlıq”a açıqlamasında bildirib ki, aprelin 28-dən 29-na keçən gecə Fuad işdən evə qayıdarkən “10-PK-473" dövlət nömrə nişanlı ”Nissan Sunny" markalı avtomobil onu yaşadıqları ünvana kimi təqib edib. Evin yaxınlığında isə zorla maşına mindirərək naməlum istiqamətə aparıblar. Ailə üzvləri həmin gün səhərə qədər Fuad Əhmədlinin kimlər tərəfindən oğurlandığından xəbər tuta bilməyib. Daxili Işlər Nazirliyinin “102" xidmətilə, prokurorluqla, Xətai Rayon Polis Idarəsilə əlaqə yaratdıqdan sonra məlum olub ki, gənc fəal ”bandotdel"ə aparılıb.
Aprelin 29-da Zəfər Əhmədli “bandotdel”lə əlaqə saxlayıb. Oradan ataya deyilib ki, Fuad Əhmədlinin barəsində 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
“Fuadı cəmi bir dəfə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin yanında -ÿ10-PK-473 dövlət nömrə nişanlı avtomobildə bizə əl edərkən gördük. Rahat olduq ki, yeri bilindi. Fuadın yanına vəkil göndərmək istədik, bizə bildirdilər ki, guya, o, vəkildən imtina edib. Çox çalışdıq ki, Fuadın özü ilə görüşüb məsələni dəqiqləşdirək, təəssüf ki, buna şərait yaratmadılar. Aprelin 30-da Fuadın saxlanıldığı idarəyə getdim. Mülki geyimli Elman adlı şəxs mənə yaxınlaşaraq dedi ki, Fuad oradadır, ona 25 sutka inzibati həbs cəzası veriblər. Cəzanı hansı səbəbdən verdiklərini soruşdum, dedilər ki, Fuad xırda xuliqanlıq eləyib. Amma bu ”xırda xuliqanlığın" nədən ibarət olduğunu demədilər. Elman müəllim dedi ki, “ola bilsin, küçədə gedərkən söyüş söyüb, ona görə də polislər saxlayıb”. Onda mən soruşdum ki, məgər polis vətəndaşı söyüş söydüyünə görə saxlayanda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirir? Elman müəllim cavabında dedi ki, “mənim heç nədən xəbərim yoxdur”. Bundan sonra soruşdum ki, Fuadın həbsilə bağlı məhkəmə qərarı varmı? Varsa, həmin qərarı görmək istədim. Onu da göstərmədilər. Bir sözlə, idarədə heç bir sualıma cavab ala bilmədim. Nə Fuadı görə bildim, nə də məhkəmə qərarını…", – deyə Zəfər Əhmədli bildirib.
Qeyd edək ki, Fuad Əhmədlinin, hətta yaxınlarının müqavilə bağladığı vəkillə də görüşünə imkan verilməməsi ona işgəncə verildiyinə dair şübhələri artırır. Istisna deyil ki, işgəncə izlərinə görə görüşə şərait yaradılmır.
***
AXCP sədri Əli Kərimli də partiya fəalı Fuad Əhmədlinin faktiki oğurlanmasına münasibət bildirib. O, hakimiyyət orqanlarına F.Əhmədlinin cərrahiyyə əməliyyatından yeni çıxdığı və onun səhhətinə görə hakimiyyətin məsuliyyət daşıdığı haqda xəbərdarlıq da edib. Ə.Kərimli facebook səhifəsində yazıb:
Belə savadlı və mübariz gənclə, nə savadına, nə də mübarizliyinə görə oğlundan geri qalan ata ilə necə fəxr etməyəsən?
AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli artıq dördüncü gündür ki, “banditizm” idarəsi tərəfindən oğurlanıb. Haqqında formal da olsa, məhkəmə qərarı yoxdur. Tam qanunsuz, girov kimi saxlanılır. Vəkili ilə belə görüşünə imkan verilmir. Nədə ittiham olunduğu barədə heç ailə üzvlərinə də məlumat verilmir.
Fuad evinin qarşısında oğurlanıb həbs ediləndə Milli Şuranın 3 may mitinqinə hazırlıq gedirdi. Fikirləşdik ki, Fuadın da həbsi mitinqlə əlaqədar həyata keçirilən həbslər silsiləsindəndir. Payız mitinqlərimizdən başlayaraq, hökumət hər mitinqdən əvvəl və sonra AXCP funksionerlərinin qanunsuz həbsi ilə məşğuldur. Mitinqlərdən əvvəl partiya funksionerlərini həbs edirlər ki, mitinq hazırlığına mane olsunlar. Bütün maneələrə baxmayaraq mitinq kifayət qədər effektli alınanda isə yenə də funksionerlərimizi bu dəfə qisas motivi ilə həbs edirlər.
5 aprel mitinqindən sonra həbs edilmiş AXCP Səbail şöbəsinin sədri Saqif Qurbanov (25 sutka), Gənclər Komitəmizin fəalı Ruslan Nəsirli (20 sutka) həbsdən yenicə çıxıb. Onları buradan salamlayıram. AXCP GK İdarə Heyətinin üzvü Türkel Azərtürk isə (30 sutka) hələ mayın 6-da həbsdən çıxacaq. Beləliklə, payız mitinqlərindən sonra – yalnız ötən ilin noyabr ayından indiyə kimi partiyamızın 17 funksioneri şərlənərək həbs olunub. Onlardan 11 nəfəri 20-25-30 sutka inzibati həbslə çəzalandırılıblar. 6 nəfərlə bağlı isə qondarma cinayət işləri başlanılıb. Təkcə bu rəqəmlər sübut etmirmi ki, sizlərin etirazınızı ifadə edə bilməniz üçün təşkil edilən dinc mitinqlər hansı fədakarlıqlar bahasına başa gəlir? Bu həbslərin miqyası və nəhayət, 3 may mitinqinə razılıq verilməməsi sübut etmirmi ki, hakimiyyət bu mitinqlərdən çox ehtiyatlanır? Yeri gəlmişkən, bu həbs statistikası potensial mitinq iştirakçılarını narahat ertməsin. Repressiya maşınının hədəfində mitinqin sadə iştirakçıları yox, təşkilatçısı olan partiya funksionerləridir.
Etiraf edim ki, Fuad Əhmədlinin həbsindən daha çox narahatıq. Narahatçılığımız siyasi deyil. Fuad çox hazırlıqlı, əqidəli və perspektivli bir gəncdir. Ailəsinin və bizim narahatçılığımız onun səhhəti ilə bağlıdır. Fuad son aylarda bir neçə dəfə ağır cərrahiyyə əməliyyatı keçirib. Həbsindən cəmi bir neçə gün qabaq sonuncu əməliyyatdan çıxıb. Onu hazırda qeyr- qanuni girov saxlayanlara buradan səslənirəm ki, Fuadın həyatı üçün məsuliyyət daşıyırlar! Bunu unutmasınlar! Fuad əqidəli bir ailədə böyüyüb. Onunla tək biz deyil, ailəsi də fəxr edir. Görün Fuadın atası Zəfər bəy oğlunun qanunsuz saxlanmasından 3 sutka keçəndən sonra öz facebook səhifəsində nə yazıb:
“72 saat keçdi. Bir saat da artıq. Buraxmadılar. Olsun. Ən pisi odu ki, ən yaxınlarımın mənə təsəllisi bu olur: " Denən, ay Fuad, neyinə lazımdı axı?! Dünyanı sən düzəldəcəysən?!" Guya mənə ürəy-dirəy verirlər. Əzizlərim, inciməyin, hamınıza ürəyimnən keçən cavab bu olur: GEDİN ÖZÜNÜZƏ TƏSƏLLİ VERİN! MƏNİM OGLUM BANDOTDELDƏ DƏ AZADDI, DUSTAQ BİR QAB YALIN XATİRİNƏ BAŞINI AŞAGI (yəni paçasının arasına) SALIB ZÜLMƏ BAŞ ƏYƏN BİZLƏRİK, MƏNİM OGLUM Fuad Ahmadli YOX!”
Siz hələ də belə oğulların və belə ataların yaşadığı ölkənin qolundakı buxovlardan azad olunacağına şübhə edirsiniz?
Emil