Bu ölkənin müşahidəçiləri Qarabağdakı “seçki”ni tanımağa çağırır; “Ermənipərəst” axtarışına çıxan hakimiyyət isə susur
Hər ötən gün Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətini və özünüifşasını üzə çıxarır. Ümumi mənzərə onu göstərir ki, dünyada “ermənipərəst” axtarışına çıxan hakimiyyətimiz, ermənipərəstlərin ən böyük maliyyə mənbəyidir. Belə ki, “erməni soyqırımı”nı tanıyan Vatikanda, Serbiyada və digər ölkələrdə Azərbaycan hakimiyyəti milyonluq layihələr həyata keçirib. Üstəlik, o da etiraf olundu ki, hakimiyyət bu ölkələrin ermənipərəst möqeyindən xəbərdar imiş.
Amma hakimiyyətin ən böyük özünüifşası Rusiya amili ilə bağlıdır. Dəfələrlə yazmışıq ki, Rusiya Azərbaycanın ən böyük faciələrinə “yaşıl işıq” yandırıb və bugün də eyni siyasəti yürütməkdədir. Amma Azərbaycan hakimiyyəti israrla Rusiyanın “çadır”ına pənah aprarır və bu ölkəni xilaskar kimi təqdim etməyə çalışır.
Bugünlərdə baş verənlər isə hakimiyyətin nə qədər yanlış siyasət yürütdüyünü bir daha təsdiqlədi. Belə ki, Rusiya “erməni soyqırımı”nı tanımaqla kifayətlənməyib, separatçı “Dağlıq Qarabağ Respublikası”nda keçirilən parlament seçkilərini də tanıyıb. Bəli, may ayının 3-də separatçı “Dağlıq Qarabağ Respublikası”nda parlament seçkiləri keçirilib. Məlum olduğu kimi, ABŞ, Ukrayna, ATƏT kimi ölkələr və təşkilatlar bu seçkiləri tanımadıqlarını bildiriblər.
Ukrayna Xarici Işlər Nazirliyinin verdiyi bəyanatda bildirilir ki, Ukrayna Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilmiş bu seçkiləri tanımır və bu seçkiləri legitim saymır. Bəyanatda daha sonra qeyd olunur ki, Ukrayna bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını vacib hesab edir.
Rusiyanın “Interfax” agentliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyanı və bəzi digər ölkələri bu “seçkilərdə” müşahidəçi kimi təmsil etmiş şəxslər BMT-ni seçkilərin nəticəsini tanımağa çağırır. Rusiyadan olan müşahidəçilər xüsusi bəyanatla çıxış edərək seçkilərə yüksək qiymət verdiklərini bildirir və BMT üzvü olan ölkələrdən seçkiləri tanımağı xahiş edir.
Göründüyü kimi, Rusiya Azərbaycana növbəti dəfə xəyanət edir və bunu gizlətmir də. ABŞ, ATƏT, Ukrayna isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Aydın görünür ki, hakimiyyətin yürütdüyü siyasət Ermənistana deyil, Azərbaycana dəstək verənləri hədəf seçməyə xidmət edir.
Açıq şəkildə Rusiya Dağlıq Qarabağın Azərbaycana aidiyyəti olmadığını bildirir və Ermənistanı növbəti dəfə dəstəkləyir. Hakimiyyət isə bu xəyanətin qarşısında susur və dayanmadan antiQərb kampaniyasını davam etdirir.
Bir daha aydın olur ki, yürüdülən siyasətin dövlət və millət maraqlarına heç bir aidiyyəti yoxdur.
Əgər bu qondarma seçkiləri Rusiya deyil, ABŞ tanısaydı, hakimiyyət təmsilçiləri, saxta vətənpərvərlər “od pükürərdi”.
Nəticə göz önündədir. Rusiya Azərbaycanın maraqlarını, hakimiyyətin itaətkarlığını zərrə qədər də qiymətləndirmədi və Erməni işğalına haqq qazandırdı.
Bundan sonra “ermənipərəst” axtarmağa ehtiyac yoxdur. Əsl ermənipərəst hakimiyyətin dostudur və ərk edib bu dosta xəyanət də edir.
Akif