elnurastanbeyli@gmail.com
Bazardakı hikmət
Bu gün Xırdalan bazarında ortayaşlı qadın alıcı ilə satıcı oğlan arasında belə bir dialoqun şahidi oldum:
Alıcı: “Utanmırsan, yalan danışırsan?”
Satıcı: “Yalanı televizordakılar danışır, get səsini onlara qaldır”.
Kimsə öz yalanına bəraət qazandırmamalıdır, amma məncə, o satıcı oğlanın cavabında anlayanlar üçün əslində böyük bir hikmət vardır.
***
Hüquq dövləti-zad
Milli Məclisin iclasından (22 iyun, 2013):
Hadı Rəcəbli: “Vaxtında qoymadınız Ilqar Məmmədovu tutduraq”
Oqtay Əsədov: “Tutdurmaq yox, məhkəməyə vermək”.
***
Dövlətin təhlükəsizliyini qoruyan rəqslər
NIDA-çıların məhkəməsində vəkil Nemət Kərimli ilə şahid – Dənizkənarı Parkın Mühafizə Xidmətinin əməkdaşı Ramazan Mehdiyevin sual-cavabı (fevral, 2014):
Vəkil: “Sizin bir işçi kimi funksiyanız nədən ibarətdir?”
Şahid: “Bulvarda olan əşyaların qorunması”.
Vəkil: “Kiminsə rəqsinə qadağa qoymaq sizin funksiyanıza aiddirmi?”
Şahid: “Elə rəqslər var ki, onlara icazə yoxdur. Ancaq dövlət rəqslərinə icazə veririk”.
Vəkil: “Məsələn, hansı rəqsə?”
Şahid: “Dövlətin təhlükəsizliyini qoruyan rəqslərə”
***
Filosofun cavabı
Məşhur bir filosofdan soruşmuşlar:
– Sərvət ayaqlarınızın altındadır, bəs siz niyə bu qədər yoxsulsunuz?
– Çünki onu götürmək üçün əyilmək lazımdır, – demiş filosof.
***
Arzu
Tez-tez yazilarimda səhv tuturlar, deyirlər, “filan sözdə filan hərfi yemisən”.
Diqqətlərinə görə minnətdaram.
Arzu edirəm, mənə hansısa sözdə bir “hərfi yeməyimi” bağışlamayanlar xalqın sərvətlərini basıb yeyənlərə qarşı da belə barışmaz olsunlar.
***
Adi bir həqiqət
Azərbaycanda, məsələn, “naz”, “qaz”, “saz” “yaz”, “paz” sözlərini qafiyələndirib yazdığın mənasız, düşük bir şeiri oxuyaraq bir toyda qazandığın sevgini, sayğını həqiqəti deyib sonra da dar ağacından asılmaqla qazana bilməzsən.
***
Model
Belə bir məşhur söhbət var ki, ailə dövlətin kiçik modelidir-zad.
Amma biz dünyaya göstərdik ki, əslində dövlət bir ailənin kiçik modelidir.
***
Bir söhbətin qədim tarixi
Gertsen Böyük Pyotr haqqında yüksək fikirdə olub. Onun fikrincə, Pyotr Rusiyanı xeyli dəyişdirmiş, avropalaşdırmış “taclı inqilabçı” idi.
Amma ustadın fikrincə, Pyotr bu zaman barıtı bir az çox eləyib, yəni Avropanın yaxşı tərəflər ilə bərabər pis tərəflərini də götürüb.
Bir sözlə, azərbaycanlıların “avropalıların pis tərəflərini atıb yaxşı tərəflərini götürməliyik” söhbəti ilə çox da mırt tutmayın.
Zarafat deyil, bu söhbətin kökü ta Gertsenə qədər gedib çıxır.
***
Haqverdiyev neftdən nə yazmışdı?
“Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları birbəbir təpəsi üstündə quyulara salacaqlar”.
(Əbdürrəhim bəy Haqverdiyev, “Xortdanın cəhənnəm məktubları”ndan)