Nərgizin oğluna
Döz, balaca, döz! Cuppulu boyunla, kiçicik ürəyinlə, dünyadan xəbərsiz halınla döz, döz, nə olar! Anasızlığa döz. Təkliyə, qəribçiliyə döz. Xəstəxana otağının soyuqluğuna baxma, səni üşüdən isti ana qucağı həsrətidir. Ana südünün şirin dadını bilməyəcəyin ağrıya döz. Sən də gəncəcik, o mübariz anana oxşa, həyat, yaşamaq uğrunda mübarizə apar. Dördəlli yapış sənə bu taleyi yazanın ətəyindən.
Döz, balaca, döz! Gözəl gözlü ananın ruhu eşqinə, döz! Heç bilirsən anan nələrə dözüb? Heç bilirsən səsi haralardan gəlib, əli haralara yetib? Bilərsən. Belə şeylər adama iliklə, canla, qanla keçir. Sən o qanın daşıyıcısısan, dözəcəksən!
Döz, balaca, döz, səndə Nərgizin ətri var. Nərgizgülünün açan çağıdır, döz ki, hər zaman Yaqubluların evindən nərgiz ətri gəlsin. Döz ki baban bir daha gecələr “Niyə məndən küsmüsən, Nərgizim? Əlini məndən üzmüsən, Nərgizim”i dinləyib ağlamasın. Baban istəməz, sən o göz yaşlarını görəsən. Sənin xatirinə özünü gülər göstərəcək; bu da bir işıqdır. O işığın parlaması üçünsə hələ babanın aydınlığa çıxması gərəkdi.
Döz, balaca, dirəniş göstər. Anan səni əzizləyə, sevə bilmədi, tanıyamadı. Döz ki sən onu tanıya, sevə biləsən, şəklini əzizləyəsən. Ananı şəkillərdən tanıyacaqsan, videolarda görəcəksən, dillərdən sevəcəksən.
Ananı heç qınama, yoxluğu ilə barışmasan belə. Atanın, ananın o uzaq ellərə niyə getdiyini sorma. Sorsan qəlbin ağrıyacaq, könlün inciyəcək. “Adam elindən ayrı düşərmi”nin cavabını axtarma. Vətəndə adamı adam yerinə qoymayanda papağını götürüb qəribçiliyi seçmək də var bu dünyada. Sən qərib olma!
Döz, nə olur! Babanın ümidi üçün döz. Nənənin acılara dözə bilməsi üçün döz, xalanın göz yaşlarını durdurmaq, dayının kədərini yenmək üçün döz. Bir nəslin əzizi olmaq üçün döz.
Balaca, heç bilirsən kimlərdənsən, nəslin-kökün hardandır, baban kimdir? Gərək dözəsən ki biləsən. Tez böyü, qayıt da gəl şəcərənizi şahid babanın dilindən tanı. Sən Qarabağ sözünü ilk onun dilindən eşidəcəksən. Insan azadlığı, demokratiya uğrunda mübarizənin nə olduğunu hələ anlamayacaqsan. Mitinq, aksiya, polis, dəyənək, həbs, məhkəmə, kamera, qəfəs kimi sözlərin mənasını kiçikkən bilməyəcəksən. Böyüyəndə o sözlərə nifrət edəcəksən. Onlardır səni ailəsiz edən. Babana oxşamaq istəsən… çətin olacaq. Ananın yolu ilə getməyə çalışsan… yenə çətin olacaq. Sən böyü də özün ol! Onlardan daha yaxşı Azərbaycanda azad, bəxtəvər yaşa! Amma yaşa!
Fimar