Lukaşeviç: «Moskva Riqa sammitini antiRusiya aktı hesab edir və buna «kifayət qədər sərt, prinsipial» reaksiya verəcək»
Rusiya gələn ay Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qatılmaq istəyən ölkələri hədələyib. Rusiya XIN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç sammit ərəfəsində olduqca sərt bəyanatla çıxış edib. Lukaşeviç bildirib ki, Moskva “Şərq tərəfdaşlığı”nın may ayında Riqada keçiriləcək sammitini antiRusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək. Xatırladaq ki, Riqa sammitinə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan prezidentləri dəvət olunub. Belarus prezidentinin də sammitə dəvət alacağı gözlənilir.
Lukaşeviç əlavə edib ki, rəsmi Moskva sammitə “olduqca mənfi” yanaşır, bununla belə Rusiya XIN sammitin gedişini izləyəcək: “Lakin artıq aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa Birliyinin mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir”.
Bəs Rusiyanın bu hədəsi necə dəyərləndirilməlidir? Kreml hədə bəyanatlarından real addımlara keçə bilərmi?
Vəfa Quluzadə: “Şərq tərəfdaşlığı”na daxil olan ölkələr Rusiyanın bu təzyiqindən ehtiyatlanaraq geri çəkiləcəklərsə, o zaman Kremlin hədələri daha da artacaq"
Politoloq Vəfa Quluzadə bildirdi ki, rusiyalı diplomat bu bəyanatı ilə açıq formada digər dövlətlərin daxili işinə qarışır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Rusiyanın MDB üzvü olan ölkələrə real təzyiq rıçaqı yoxdur. Rusiya bu dövlətlərlə yalnız hədə dilində danışa bilir: “Eyni zamanda əgər ”Şərq Tərəfdaşlığı"na daxil olan ölkələr Rusiyanın bu təzyiqindən ehtiyatlanaraq geri çəkiləcəklərsə, o zaman Kremlin hədələri daha da artacaq. Mən hesab edirəm ki, bu boş hədədir. Azərbaycan gərək Riqa sammitinə getsin və oradakı müzakirələrdən asılı olaraq qəbul edilən qərarlara qoşulsun. Rusiya bundan artıq bizə nə edəcək? Müharibə edərək iyirmi faiz torpaqlarımızı ələ keçirib. Eyni zamanda başqa ölkələrə də bunu şamil etmək olar. Əgər mən MDB dövlətlərinin hökumətləri adından danışmış olsaydım, Rusiyaya qarşı nota verərdim ki, siz bizim daxili işlərimizə qarışmayın. Eyni zamanda belə bir nota ilə Avropa Birliyi də çıxış edə bilər".
Rusiyanın konkret olaraq hansı addımlar ata biləcəyinə gəlincə isə V.Quluzadə vurğuladı ki, əgər indiki şəraitdə 1920-ci ildə ADR-i çökdürdükləri kimi Azərbaycanı məhv etmək mümkündürsə, Rusiya bunu edəck. “Ukraynanın işğalından, Gürcüstanla müharibədən sonra hamı əsəbilik keçirir. ”Rusiyanın hədə-qorxusuna baş əymək müstəqillikdən imtina deməkdir", deyə V.Quluzadə vurğuladı.
Gültəkin Hacıbəyli: “Rusiyanın təhdidləri ilə bağlı Azərbaycanın ciddi narahatçılığı var”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Rusiya AB-nin şərqə doğru genişlənməsini, Rusiyanın yaxın qonşuları ilə münasibətlər yaratmasını özünə qarşı təhdid hesab edir. Ona görə yox ki, AB ilə assosiasiya, “azad ticarət” sazişini imzalayan dövlətlər Rusiyanın ərazi bütövlüyünə təhlükə mənbəyinə çevrilirlər. G.Hacıbəylinin sözlərinə görə, Rusiya bu dövlətləri özünə ona görə rəqib sayır ki, demokratiyanın, tərəqqinin sərhədləri Rusiyaya doğru genişləndikcə, Rusiyanın daxilində insanların bu dəyərlərə can atması üçün bir stimul yaranır: “Insanlar görürlər Avropa Birliyinin rəhbər tutduğu prinsiplərə qoşulan xalqlar və dövlətlər qısa müddət ərzində tərəqqiyə nail olurlar. Rusiya isə həm iqtisadi, həm insan haqlarının durumu, həm də tərəqqi və inkişaf baxımından geri getməyə başlayır. Məhz buna görə də Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasını Rusiya özünə təhlükə sayır. Bundan öncə də ”Şərq tərəfdaşlığı" proqramına qarşı Rusiyanın münasibəti kifayət qədər sərt və birmənalı idi. Ancaq Vülnüs sammitindən, Ukraynada baş verənlərdən sonra Riqa sammiti rəfəsində Rusiyanın mövqeyi daha da sərtləşib. Bu birmənalı belədir. Çünki Rusiya anladı ki, “Şərq tərəfdaşlığı” ölkələrinin Avropa Birliyinə qoşulması qarşısıalınmaz bir prosesdir. Ona görə Rusiya xəbərdarlıq dilindən təhdid və hədə-qorxu dilinə keçib".
Azərbaycanın bu hədəyə necə reaksiya verəcəyinə gəlincə, G.Hacıbəyli bildirdi ki, təəssüf ki, Riqa sammitində Azərbaycanla AB arasında hər hansı ciddi bir sazişin imzalanması gözlənilmir: “Rusiyanın sadəcə olaraq narahatlığı onunla bağlıdır ki, bu sammitdə qəbul olunacaq yekun deklorasiya dövlətlərin ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının prinsipləri üzərində qurulacaq. Ukrayna hadisələrindən sonra ərazi bütövlüyünün qorunması prinsipi xüsusi önəm daşıdı. Ona görə Riqa sammitindən sonra həm Ukrynanın, həm də Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü məsələsinə açıq dəstək veriləcək. Rusiyanı narahat edən məqamlardan biri məhz budur. Amma təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dəstək ifadə edildiyi bir təşkilatla ölkəmiz nəinki Assosiasiya sazişi imzalamağa hazırlaşmır, hətta Azərbaycanın təklif etdiyi ”strateji tərəfdaşlıq və modernləşdirmə" sazişi ilə bağlı konkret heç bir addım yoxdur".
G.Hacıbəyli bildirdi ki, demokratik düşərgə istərdi ki, Azərbaycan AB ilə əməkdaşlıqda ciddi addımlar atsın. “Amma görünür ki, Rusiyanın təhdidləri ilə bağlı Azərbaycanın ciddi narahatçılığı var. Ona görə Azərbaycan rəhbərliyi daha ehtiyatlı münasibət sərgiləyir”, deyə G.Hacıbəyli vurğuladı.
Xəyal