Problemi olmayan şirkətlər vergidən necə yayınır?
Müzəffər Baxışov: «Vergilərin verilməsindən qəsdən yayınılırsa, o zaman bu şəxslər barədə tədbir görülməlidir»
Vergilər Nazirliyi vergi borcu olan vergi ödəyiciləri barədə məlumat yayıb. Nazirliyin məlumatına görə, vergi borcunu ödəməyən 445 vergi ödəyicisinin adı açıqlanıb. Vergi borcunu ödəməyənlər arasında “Bakı Dəniz Balıq Limanı” ASC, Xətai rayon Icra Hakimiyyəti başçısı yanında Mənzil Kommunal Təsərrüfat Birliyi, “Telemexanika zavodu” MMC, Sabunçu rayonu Sabunçu Bələdiyyəsi, “Bakı-Istilik-Izolasiya” ATSC, “Xətai Tikinti Mexanizasiya” ASC, “Bakı Şərab-2" ASC kimi müəssisələrin adları yer alıb.
Maraqlıdır ki, bu siyahıya bir çox rayonların mənzil kommunal idarələri, kanalizasiya idarələri, bələdiyyələr, hətta “Bakı” Futbol klubu da daxildir. “Bakı” Futbol Klubunun rəhbəri Hafiz Məmmədov xaricdə iri investisiya proyektləri həyata keçirdiyi halda özünün vergi borcu var. Maraqlıdır ki, vergilərlə bağlı ciddi problemləri olan bu təşkilatlarla bağlı tədbir görüləcəkmi?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Vergilər Məcəlləsinə görə, hər bir hüquqi və fiziki şəxs vergi öhdəliyini icra etməlidir.
Vergilərin verilməsindən qəsdən yayınılırsa, o zaman bu şəxslər barədə toplanmış materiallar Vergilər Nazirliyinin Vergi Cinayətini Ibtidai Araşdırmalar Departamentinə göndərməlidir: “Konstitusiyanın 25-ci maddəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabədir. Amma əfsuslar olsun ki, bu prinsip Azərbaycanda tətbiq olunmadığına görə Vergilər Nazirliyi hüquqi şəxslər, bələdiyyələr tərəfindən vergilərin ödənilməməsinə göz yumur. Nəticədə Vergilər Nazirliyi qanunla ona verilmiş səlahiyyətlərdən istifadə etmir: ”Görünür, bu təsisatların səlahiyyətləri o qədər genişdir ki, onlar barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin tətbiqi gecikdirilir. Şirkətlərin korrupsiya əməlləri törətməsi də hamıya bəllidir. Azərbaycanda korrupsiya həyat səviyyəsinə çevrilib. Amma bununla bağlı heç bir tədbir görülmür. Hətta baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə Idarəsinin rəisi ağlasığmaz dərəcədə özlərinin Gürcüstan və Ukraynada korrupsiyaya qarşı aparılan mübarizədən də artıq fəaliyyət göstərdiyini iddia edir. Amma əslində Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizə aparılmır. O cümlədən vergidən yayınan şirkətlərə qarşı qanunla nəzərdə tutulan tədbirlər görülmür".
Hikmət