Nazirlər Kabineti önündə odlu bəyanatlar verildi: «…od vurub yandıracağıq»
50-dən artıq naxçıvanlı sürücü ötən gün Hökumət Evinin qarşısında etiraz aksiyası keçirdilər. “KamAZ” markalı maşınlarla Naxçıvan Muxtar Respublikasına yanacaq daşıyan sürücülər Biləsuvar gömrük-keçid məntəqəsində 20 gündür üzləşdikləri bürokratik əngəllərə etiraz edirdilər.
Baş nazirin şəxsən özü ilə görüş tələb edən şikayətçilər mühafizəçilərin müdaxiləsilə üzləşdilər. Mühafizəçilər onları mitinq keçirməkdə ittiham edərək, qovmaq istədikdə, sürücülər aksiya keçirmədiklərini, dərdlərinə əlac üçün bura gəldiklərini bildirdilər: “Biz Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Seçdiyimiz hökumətdən kömək istəyirik. Niyə görə burada sözümüzü deməməliyik ki…”
“Bizi avara, təsərrüfatımızı viran qoyublar”
Qısa qarşıdurmadan sonra sürücülərin nümayəndə heyəti danışığa cəlb edildi. Şikayətçilər “Azadlıq”la da problemlərini bölüşdülər. Onların sözlərinə görə, Biləsuvar gömrük-keçid məntəqəsində heç bir izahat vermədən, səbəb göstərmədən Muxtar Respublikaya iyunun 1-dən yanacaq aparmağa imkan vermirlər. 700-dən artıq sürücünün bu işlə məşğul olduğu deyilir. Hazırda 100-dək maşın 20 gündür gömrükdə gözləyir.
Ələsgər adlı sürücü deyir: “Bizi dinləyib yol göstərən yoxdur. Mənim təsərrüfatım var, o orada zay olur, mən də burada avara. Bütün günümüz maşında yatmaqla keçir”.
Naxçıvanda yanacaq müəmması
Sürücülər problemin mənbəyini bilmirlər, yaxud bilirlərsə də, demək istəmirlər. Onların sözlərinə görə, gömrükdən keçmək üçün onlardan hələ rüşvət tələb olunmur. Ancaq səbəb nədir, onların bu barədə təsəvvürləri yoxdur.
Ehtimal olmasa da, naxçıvanlıların yanacaqla bağlı dedikləri müəyyən şübhələr yaradır. Məsələn, onlar bildirir ki, Muxtar Respublikada süni yanacaq qıtlığı yaranıb. Hazırda orada benzin 80 qəpiyə satılır. Ancaq bu, rəsmi qiymət deyil, ara alverçilərinin məzənnəsidir. Yanacaqdoldurma məntəqələrində isə qiymət dəyişməyib. Lakin yeni qaydalara görə, yanacağa limit qoyulub – gündəlik 5 litrdən artıq benzin almaq olmaz.
“Insanı bu qədər alçaltmazlar”
Görüşdən qayıdan Ilqar Imanov adlı şikayətçi dedi ki, onları baş nazirin müavini Yaqub Eyyubov qəbul edib. Dövlət məmuru da konkret kömək vəd etməyib. Sadəcə, işı araşdıracağına söz verib: “Bir-iki gün də gözləyəcəyik. Ya gedib Ermənistandan yol istəyəcəyik, ya da od vurub maşınlarımızı yandıracağıq. Insanı bu qədər alçaltmazlar. Biz düşünürük ki, edilən bu hərəkətlərin məqsədi vətəndaşların gözündə dövlətin hörmətin azaltmaqdır”.
Natiq