Məşhur hüquq müdafiəçiləri Avropa Parlamentində hakimiyyəti çətin vəziyyətə saldı FOTO
Avropa Parlamentində iyunda Bakıda baş tutacaq Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan hökuməti adından Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. Azərbaycanlı nazir çıxışa başlamağa hazırlaşarkən sürprizlə üzləşib.
Təqdimat mərasiminin keçirildiyi zalda Bakıda keçiriləcək turnirin reklam lövhəsi (banner) olub. Nazir çıxışa başlayarkən belaruslu hüquq müdafiəçisi Ales Belyatski və Rusiyadan olan həmkarı Yuri Cibladze əllərində Azərbaycandakı vicdan məhbuslarının adları yazılmış plakatlarla reklam lövhəsinin önünə keçiblər. Plakatlarda hazırda həbsdə olan vicdan məhbuslarından Leyla Yunus və həyat yoldaşı Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayıl, Hilal Məmmədov, Anar Məmmədli, Rauf Mirqədirovun adları yazılıb.
Qeyd edək ki, adları çəkilən hüquq müdafiəçilərinin hər ikisi dünyaca məşhur şəxslərdir. Ales Belyatski "Vesna" hüquq-müdafiə təşkilatının, Yuri Cibladze isə Demokratiyanın İnkişafı və İnsan Haqları Mərkəzinin rəhbəridir. Bu təşkilatlar dünyanın tanınmış hüquq müdafiəçilərini birləşdirən "İnsan Haqlarının Beynəlxalq Federasiyası"nın (The İnternational Federation for Human Rights – FİDH) üzvüdür. Fotodan da göründüyü kimi, əllərindəki plakatlarda "FİDH"in adı qeyd olunub.
Ales Belyatski 2007-ci ildə bu federasiyanın vitse-prezidenti seçilib. Belarusda 2 il 10 ay 17 gün siyasi məhbus həyatı yaşamış və ötən ilin iyununda azadlığa çıxmış Belyatski insan haqlarının müdafiəsində yorulmaz fəaliyyətinə görə 2006, 2007 və 2011-ci illərdə Hobel sülh mükafatına namizəd olub.