elnurastanbeyli@gmail.com
2013-cü ilin noyabrında Ilham Əliyev Rəsulzadənin qarşıdan gələn 2014-cü ildə 130 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladı. Dərhal da bu “tarixi sərəncama” görə təşəkkür etmək üçün, onu Ilham Əliyevə yarınmaqdan ötrü fürsətə çevirənlərin uzun bir növbəsi yarandı.
O günlərdə məni “Azadlıq” radiosunda mövzu ilə bağlı həbsdəki dostumuz Xədicə Ismayılın aparıcısı olduğu verilişə dəvət etmişdilər. Getdim və bu sərəncamın kağız üzərində qalacağını əminliklə söylədim. Əlbəttə, nə ovcumu iyləmişdim, nə fal açdırmışdım. Əslində bunların heç birinə gərək də yox idi. Sadə səbəbdən: Azərbaycanda Heydər Əliyevə qeyd-şərtsiz pərəstişin rəsmi siyasətə çevrildiyi, Rəsulzadənin müdafiə etdiyi dəyərlərin isə qəbuledilməz sayıldığı vaxtda və şəraitdə onun yubileyinin layiqincə qutlanacağını düşünməkdən böyük sadəlöhvlük ola bilməzdi.
Elə həmin verilişdə canlı efirə qoşulan keçmişin odlu-alovlu müsavatçısı, 2003-cü ilin məlum, məşum oktyabr hadisələrindən sonra iki daşın arasında atəşin yapçıya çevrilən tarixçi-deputat Musa Qasımlı öz aləmində guya mənə opponentlik etməyə çalışdı, sərəncamın Rəsulzadə şəxsiyyətinin və irsinin öyrənilməsində müstəsna rolu barədə uzun-uzadı danışdı.
2014-cü il gəldi və getdi. Yaxşı, bəs indi siz Rəsulzadənin 130 illiyinin qeyd edilməli olduğu həmin o 2014-cü ildə onun adı ilə bağlı və onun adına layiq bir törən xatırlayırsınızmı? Ümumiyyətlə, həmin yubiley sərəncamı çərçivəsində nə iş görüldüyünü bilən varmı? Bu cavabı özündə olan suallara vaxt itirməyə dəyməz. Belə olacağını ağlı başında hər kəs taaa ilyarım öncədən – həmin sərəncamın mürəkkəbi qurumadığı günlərdən bilirdi.
Rəsulzadənin 130-cu yubiley ili heç bir yubileysiz-filan arxada qaldı. Indi 2015-ci ildir. Gündəmdə nə var? Məhəmməd Əminin metronun “Bakmil” stansiyası yaxınlığındakı büstünün dağıdılması xəbəri var. Gəncədəki büstünün üzərinin bir ildən çoxdur örtülməsi xəbəri var.
Hələ başqalarını demirəm, bəs görəsən, ilyarım öncə “Azadlıq” radiosunun canlı efirində məlum sərəncamdan heç bir gözləntim olmadığını dediyimə görə az qala basıb gözlərimi çıxarmaq istəyən Musa Qasımlı hardadır? Niyə danışmır? Niyə susur?
Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncamının elə sərəncam olaraq qalması öz yerində. Bəs onun büstlərinə düşməncəsinə münasibət haqqında niyə səssizdir, təpkisizdir?
Əslində bunlar da bizə görə cavabı özündə olan suallardır və üzərində əsla baş sındırmağa dəyməz.
Sadəcə, qoy bir çoxları bu gün hansısa mövzuda yüksək tonla, bəlağətlə danışarkən yalnız onlara verilən deputat mandatını, onlara tanınan maddi imtiyazları, onların üzünə açılan karyera qapılarını düşünüb danışmasınlar, bir az da sabahı düşünərək danışsınlar. Bu gün elə danışsınlar ki, sabah o danışdıqlarına görə veriləcək suallara cavabları olsun.
Qaldı Rəsulzadənin büstlərinin dağıdılmasına, üzərinin örtülərək gizlədilməsinə-filan. Bütün bunların heç biri onun xidmətlərinə, onun əməyinə kölgə salmaq, onu unutdurmaq, onu tarixdə sanki heç vaxt olmayıbmış kimi göstərmək gücündə ola bilməz.
Həqiqi tarixi şəxsiyyətlərin böyüklüyü, üstünlüyü büstlərində, heykəllərində, adına verilən küçələrdə, şəhərlərdə, qəsəbələrdə, muzeylərdə, mərkəzlərdə deyil. Adının əbədiləşdirilərək unutdurulmamasına, bu yolla böyüklüyünün isbatına ehtiyacı olanların tarixdə sonrakı yeri, taleyi onsuz da yüzillər boyudur hər kəsə məlumudur.
Bunu biryolluq bilmək gərəkdir:
Rəsulzadənin bu ölkədə yubileyi keçirilər-keçirilməz, Rəsulzadənin bu ölkədə büstü dağıdılar-dağıdılmaz, Rəsulzadənin bu ölkədə adı əbədiləşdirilər-əbədiləşdirilməz, əsla önəmli deyil.
Önəmli olan bu ölkənin Rəsulzadənin arzularındakı, xəyallarındakı azad, demokratik, hürr, çağdaş, modern, mədəni dünya ölkəyə çevrilməsidir.
Rəsulzadənin Azərbaycanla bağlı arzuları arzu, xəyalları xəyal olaraq qaldıqdan, onun daşıyıcısı olduğu, müdafiə etdiyi ideallar isə hər addımda dışlandıqdan, xor görüldükdən sonra istəyir onun hər yanda heykəli olsun, hər yerdə adı olsun, hər gün yubileyi keçirilsin, anlamı nədir, faydası nədir?