AB ölkələrinə və Türkiyəyə «soyqırımı» tanımaq çağırışı edildi
Ankara ayağa qalxdı, Avropadakı türklər etiraz aksiyalarına qərar verdi
Avropa Parlamenti aprelin 15-də keçirilən iclasında Türkiyəni şoka salacaq sənəd qəbul edib. Sənədə əsasən, qurum «erməni soyqırımını» tanıdığını bəyan edib və Avropa Birliyi ölkələrini də eyni addımı atmağa çağırıb. Üstəlik Türkiyəni də 1915-ci il olaylarını «soyqırım» kimi tanımağa dəvət edib. Rəsmi Ankaradan eyni zamanda arxivləri açmaq tələb olunub. Qeyd edək ki, Avropa Birliyinin 23 ölkəsindən 11-i 1915-ci il olaylarını «soyqırım» kimi tanıyır.
Sənəddə aşağıdakı maddələr əksini tapıb:
1. Osmanlı İmperiyasında 1.5 milyon günahsız erməni öldürülüb. Yaşanan olaylar «soyqırımdır». İnsanlığa qarşı bütün cinayətlər və soyqırımlar qınanarkən bu olayın inkarına yöənələn hər bir təşəbbüs təəssüf doğurur.
2. 100-ci ildönümünü fürsət bilərək Türkiyə arxivlərini açmalı, keçmişi ilə üzləşməli, «erməni soyqırımını» tanımağa səy göstərməli, bununla da türk və erməni xaqları arasında uzlaşma yolunu açmalıdır.
3. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun bu olaylardan təəssüf hissi keçirməsi və bu səpkili açıqlamaları doğru yöndə atılmış addımdır.
4. Türkiyə və Ermənistan Avropanın ayrı-ayrı millətləri arasında baş tutmuş uğurlu uzlaşma nümunələrindən istifadə etməlidir. Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar qeyd-şərtsiz təsdiqlənib icra olunmalıdır.
5. Türkiyə mədəni mirasın qorunmasına yönəlik öhdəliklərinə hörmət etməli, ötən əsrdə məhv edilən mədəni mirasın siyahısını çıxarmalıdır.
6. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün ictimaiyyət nümayəndələrinin bütün təşəbbüsləri təqdirəlayiqdir.
7. Soyqırımların, insanlığa qarşı cinayətlərin vaxtında qarşısının alınması və adekvat cəzanın verilməsi Avropa Birliyinin prioritetlərindən olmalıdır.
8. Soyqırımlar üçün Beynəlxalq Anma Günü olmalıdır.
«Ərdoğan inkarçıdır, Papanı hədələdi»
Sənəddə Roma Papası Fransiskin son açıqlamasına da istinad edilib. Xatırladaq ki, Papa aprelin 12-də Müqəddə Pyotr kilsəsində keçirilən tədbirdə «erməni soyqırımını» 20-ci əsrin ilk soyqırımı adlandırmışdı. Avropa Parlamenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Papaya cavabına da toxunub: «Papya verilən cavab Türkiyənin bizdən nə qədər frəqli olduğunu göstərir. Ərdoğan inkarçıdır. O, Papanı hədələdi. Heç kim Papa ilə bağlı mafiyasayağı açıqlamalar verə bilməz».
Türkiyədən operativ reaksiya
Sənədə operativ reaksiya verən Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentini sərt tənqid edib. XİN-in bəyanatında bildirilir ki, Avropa Parlamenti Türkiyə-Avropa Birliyi münasibətlərinin inkişafına hər zaman maneə yaradıb: «Ənənəsinə sadiq qalaraq indi də 1915-ci il olayları ilə bağlı yeni tarix yazmağa həvəslənib. Bu həvəs aprelin 15-də erməni təbliğatını təkrarlayan gülünc mətnli bir sənədin qəbulu ilə nəticələndi. Avropa Parlamenti qəbul etdiyi qərarla beynəlxalq hüquqa zidd davranıb, səlahiyyət həddini aşıb».
«Tarixi və hüququ qətl edən sənəd»
Türkiyə XİN Avropa Parlamentinin tarixi və hüququ qətlə yetirən bir sənədə imza atdığını bəyan edir: «Tarixi və hüququ qətlə yetirən bu sənədi qəbul edənləri ciddiyə almırıq. Avropa Birliyi vətəndaşlarının 2014-cü ildə keçirilən parlament seçkilərində 42 faizlə iştirakı bu qurumun Avropa Birliyinin siyasi mədəniyyətində yerini ortaya qoyur. Bütün mənalarda analoqu olmayan bu sənədi həmin qurumun özünə olduğu kimi geri qaytarırıq. Bu sənədin qəbulunda iştirak edən siyasətçilərə – Avropa dəyərlərinə zidd olaraq nifrət, kin və qarşıdurma ilə bəslənənlərə isə yaratdıqları ortamda uğurlar diləyirik».
Rəsmi Ankara bəyan edir ki, Avropa Parlamentinin 1915-ci il olayları ilə bağlı sərgilədiyi bu mövqe Avropa dəyərlərinə xilaf çıxmaqdır. Və bu sənədin Türkiyə-Ermənistan arasındakı problemin çözülməsində xidməti olmayacaq: «Bu qərar təkcə məlumatsızlıq və cahilliyin göstəricisi deyil. Bunun arxasında həm də dini və mədəni amil, fərqli din və mədəniyyətlərə əhəmiyyət verməmək dayanır. Avropa Parlamentinin üzvləri 1915-ci il olaylarını araşdırmaqdansa, öz tarixləri ilə üzləşsinlər. Birinci və ikinci dünya müharibəsi kimi qorxunc fəlakətlərdəki rol və məsuliyyətini xatırlasınlar».
Avropa Birliyi naziri: «Bu qərar yox hökmündədir»
Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, Avropa Birliyi üzrə nazir Volkan Bozkır Avropa Parlamentinin qərarının tarixi və hüquqi reallığa zidd olduğunu deyib: «Bu cür qərarlar Türkiyə və türk milləti üçün yox hökmündədir. Avropa Parlamentinin işi tarix yazmaq deyil. Real və qalıcı çözümlərə nail olmaqdır. Avropa Parlamenti bu qərarı ilə keçmişdə yaşanan acılarla bağlı ayrıseçkiliyə yol verib. Türk və müsəlmanların çəkdiyi zülmü görməzdən gələrək, yalnız ermənilərin acılarını önə çəkib. Birinci dünya savaşında yaşananlar hamımızın ortaq acısıdır. Türkiyə Jümhuriyyəti olaraq 1915-ci il olaylarının elmi şəkildə araşdırılması üçün ortaq komissiya qurulmasını təklif etdik. Bu təklifimiz hələ də qüvvədə qalır. 2009-da Ermənistanla protokollar imzaladıq. Lakin Ermənistan parlamenti bu protokolları təsdiq etmədən geri qaytardı. Türkiyənin xoş niyyətinə qarşılıq olaraq Avropa Parlamenti tarixi siyasətə alət etdi. Soyqırım ifadəsi hüquqi bir qavramdır. Mhəkəmə qərarı olmadan 1915-ci il olaylarını soyqırım kimi dəyərləndirmək iftiradan başqa bir şey deyil».
Baş nazirin müavini Yalçın Akdoğan hesab edir ki, son qərarı ilə Avropa Parlamenti sözünün dəyərini itirmiş oldu: «Avropa Parlamentinin belə gücü varsa, tarixi bir tərəfə qoyub günümüzdə yaşanan olaylarla bağlı addım atsın».
«Qərarı tanımırıq, ayaqlarımızın altına atıb tapdayırıq»
Avropada yaşayan Türkiyə vətəndaşları qərara etiraz olaraq aksiya keçiriblər. Lüksenburq meydanına toplaşan türklər əllərində türk bayraqları və Atatürkün plakatları ilə Avropa Parlamentinə etiraz ediblər.
Aksiyaçılar adından danışan Vətən Partiyasının Avropa təmsilçisi Beyhan Yıldırım türklərin bu qərarı tanımadığını bəyan edib: «Bu qərarı tanımırıq, ayaqlarımızın altına atıb tapdayırıq. Ey Avropa, hüqüqu ayaqlar altına atmaqdansa, Avropa Məhkəməsinin qərarını tanı! Bu, Avropa Parlamentinin qarışacağı məsələ deyil».
B.Yıldırım aprelin 24-25-də türk bayraqları ilə Frankfurt və Berlində etiraz aksiyaları keçirəcəklərini də bildirib.
Gültəkin