Bütün zamanların aktual mövzusu
“Məni yandıran odur ki, Sənanı Sabunçu xəstəxanasına aparıblar, amma Ilhamı və sürücünü ”Semaşko"ya. Ilhamı oradan da təcili olaraq Türkiyəyə çatdırıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. Sənanı normal xəstəxanaya, tibb mərkəzinə aparsaydılar, bəlkə də sağ qalardı". Bu, Bakı Ağır Cinayətlər Məhkəməsində Maqsud Mirzəyevin ifadəsindəndir.
Kim bilir. Bəlkə də sağalmazdı, sağ qalmazdı Sənan. Amma Asif Əsgərov Ilhamın həyatını qorumaq üçün atdığı addımı oğlunun dostu, sinif yoldaşı Sənanı ölümdən qurtarmaq üçün atsaydı, ən azı bu gün övladını itirən ailəyə təskinlik tutarqası olardı. Sənan Mirzəyevin dostu və “qatil”i Ilham özünü müdafiə üçün deməyə söz tapardı. Ilhamın atası, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun əməli vicdan tərəzisinə qoyulmazdı. Bu gün 2014-cü ilin sentyabrında avtomobil qəzasında dünyasını dəyişən 16 yaşlı yeniyetmə Sənan Mirzəyevin atası, “McDonalds” – Azərbaycanın icraçı direktoru Maqsud Mirzəyev məhkəmədən ədalət, günahkarlara yüksək cəza tələb edir. O, bu tələbində çox israrlı, əlbəttə ki, haqlıdır.
On altı yaşın faciəsi
Hadisənin qısa xatırlatmasını verək: “Ötən il sentyabr ayının 27-də Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu 16 yaşlı Ilham Əsgərlinin törətdiyi qəza dostu, sinif yoldaşı Sənan Mirzəyevin ölümünə səbəb olub. Ilham Sənana zəng edərək paint-ball oynamaq üçün Şüvəlana getməyi təklif edib. Sənan sürücüsü olmadığına görə getməyə razılaşmayıb. Ilham öz sürücüsü ilə gələcəyini bildirəndən sonra Sənan təklifi qəbul edib. Zığ şossesində qəza baş verərkən isə ”Mercedes S klass" markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında yetkinlik yaşına çatmamış, sürücülük vəsiqəsi olmayan Ilham Əsgərli olub. Ilham Əsgərli avtomobili böyük sürətlə idarə edib və onu Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” markalı yük maşınına çırpıb.ÿBu zaman Ilham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Hadisədən dərhal sonra Ilham Əsgərli 1 saylı şəhər kliniki xəstəxanaya, oradan isə Istanbula aparılıb. Pərvin Fətullayev və Sənan Mirzəyev Sabunçu xəstəxanasına aparılıblar. Lakin qısa zamanda Pərvin Fətullayevi də 1 saylı şəhər kliniki xəstəxanaya köçürüblər. Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada dünyasını dəyişib. Atası xaricdə olduğuna görə özünü xəstəxanaya çatdıran babası və nənəsi gələnə qədər Sənan vəfat edib. Qəza ilə bağlı cinayət işi başlanıb, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır".
Sənanmı, Ilhammı? Əslində heç biri. Heç biri 16 yaşında belə bir tale yaşamamalıydı. Ikisi də təmin olunmuş ailədə böyüyürdü. Ilhamın atası Zaqatalada icra başçısı olmuşdu, ordan birbaşa Səbailə başçı gətirilmişdi. Sənanın atası biznes işində idi. Azərbaycan Memarlar Ittifaqının sədri, tanınmış memar Elbəy Qasımzadənin nəvəsiydi Sənan. Baş verən hadisədə bircə günahsız var – Sənan Mirzəyev. Günahsız qurban.
Asif Əsgərovun böyük günahı
Bir var cinayət məsuliyyəti, bir var vətəndaş məsuliyyəti. Bu vətəndaş məmur olarsa, məsuliyyət qat-qat artır. Gəncəcik olsa belə, Ilham Əsgərli cinayət törədib, məsuliyyət daşıyır. Hər necə olsa, cəzasını alacaq. Atasının sözü haralara qədər keçərli olacaq, bilmirəm, ən azı ömrünün sonunacan onun çiynində dostunun ölümünə baislik yükü var. Taleyinin acı yaddaşından qurtula bilməyəcək. Sürücü Pərvin Fəyullayev məsuliyyətsizliyinin, məmur balasının qarşısında acizliyinin qanuni qarşılığını görəcək. Hələ bəlkə cəzasını daha da ağırlaşdırdılar. Məhkəmənin gedişinə əsaslansaq, ola bilər Ilhamın cavabdehlik məsuliyyətindən qoparıb onun boynuna yüklədilər. Amma bu sırada Səbailin icra başçısı Asif Əsgərovun məsuliyyəti daha böyükdür: adil, ədalətli, humanist, gerçəkçi ola bilməyib. Çətin anda düzgün qərar verməyi bacarmayıb; daha çox oğlunu və ailəsinin sürücüsü Pərvin Fətullayevi düşünüb. Hər cür imkanı olduğu halda oğlunun dostu 16 yaşlı Sənan Mirzəyevin həyatını xilas etmək üçün heç bir addım atmayıb. Bu yerdə mətbuatdan oxuduğum bir xəbəri xatırlayıram. Səbail rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin 10-AS-509 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobili ilə Salyan şossesində yüksək sürətlə hərəkət edərək iki nəfərin ölümünə səbəb olan ağır qəza törətməsi ilə bağlı xəbəri. O zaman hadisəyə görə Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimov saxlanılmışdı. Ancaq mətbuatda sükan arxasında Yavər Allahverdiyevin olduğu yazılırdı. Sonradan icra başçısı Asif Əsgərovla müavininin qohumluq əlaqəsi olduğu bildirildi. Beləcə kimlərinsə əli ilə bu məsələ mediadan yığışdırıldı, məmur cəzasız qaldı. A.Əsgərovun oğlunun törətdiyi qəzadan yeddi ay ötüb, icra başçısı heç nə olmamış kimi işinin başındadır. Bakının böyük və mərkəzi rayonlarından birinə rəhbərlik edir. Prezident Administrasiyası, Nazirlər Kabineti, Daxili Işlər Nazirliyi bu rayonun ərazisindədir. Hökumət və hakimiyyət Səbaildədir, Səbail isə Asif Əsgərovun əlində.
Oğulların günahı, ataların cəzası
Görəsən Asif Əsgərov özündə hardan güc tapıb ki, 16 yaşlı oğlu ölümlə bitən avtomobil qəzası törədəndən sonra vəzifəsindən istefa verməyib. Kimlərə arxalanıb, kimə sığınıb ki, prezidentin övladlarının əməllərinə görə cəzalandırdığı məmurlardan seçilə bilib. Cəza sırası ona çatmayıb.
“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz”- prezidentin bu çıxışının Asif Əsgərova niyə aidiyyəti yoxdur? Onu başqalarından “sevimli edən” nədir? Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov oğlunun əməlinə görə vəzifədən çıxarıldı. Xəzər Dəniz Gəmiçiliyinin sədr müavini Mübariz Mədətov oğlu ÿölüm hadisəsi baş verən qəza törətdiyinə görə vəzifədən uzaqlaşdırıldı. Yevlax rayon Gömrük Idarəsinin rəisi Əliməmməd Həsənov, Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov da övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardandır. Bu faktları bir az da artırmaq olar. Ən azı deputat Ceyhun Osmanlının atasının adını da bura əlavə etməklə. Məmurlara qarşı bu cür addımları vətəndaşlar hər zaman rəğbətlə qarşılayırlar. Övladını tərbiyə etməyi bacarmayan, onu harınlıqla böyüdən valideyn cəmiyyətdə məsul mövqe tuta bilməz. Dövlət qulluğunda çalışmaz, çünki vətəndaşlara ədalətli xidmət edə bilməz. Kimsə kimsənin övladı ilə sınağa çəkilməsini istəməz. Amma bu da kimlərəsə dərs olmalıdır. Atalar demiş, “əzizim əziz, tərbiyəsi ondan əziz”dir. Asif Əsgərov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, idman ustası, əməkdar məşqçi, respublika dərəcəli hakim, elmlər namizədidir. Bəlkə də bu işlərin hamısını bacarır, amma oğlunu düzgün tərbiyə etməyi, onu “qatil”ə çevirməməyi, əyləşdiyi kreslunun dəyərini bilməyi bacarmayıb. Bu sayaq bacarıqsızlığın da öz cəzası var…
Aydın