Rəsul Cəfərov: «İttihamlar tamamilə əsassızdır; Hər hansı gizli işimiz olsaydı…»
“Rəsul Cəfərov gərək indiyədək günahını etiraf etmiş olardı, onda bu, yüngülləşdirici amil kimi nəzərə alınardı”. Bunu hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesində son çıxışını edən dövlət ittihamçısı Mübariz Mirili deyib.
Rəsul Cəfərovun növbəti məhkəmə prosesi aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində olub.
Dövlət ittihamçısı Rəsul Cəfərova 9 il azadlıqdan məhrumetmə cəzası istəyib. Bildirib ki, ona qarşı qaldırılan bütün ittihamlar məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilib və məhkəmə işi obyektiv aparıb.
Dövlət ittihamçısının çıxışından öncə isə prosesdə müdafiə tərəfinin və istintaqın təqdim etdiyi sənədlərin təhqiqatı aparılıb, Rəsul Cəfərov sərbəst ifadə verib.
Ekspert məhkəməyə gəlsin, gəlməsin?
Hakim istintaqın məhkəməyə təqdim etdiyi sənədlərlə bağlı xətşünaslıq ekspertizasının rəyini elan edib. Rəydən bəlli olub ki, zərərçəkən Anar Cəbiyev və Nicat Imranlıya, o sıradan bəzi şahidlərə məxsus olduğu iddia edilən məxaric qəbzlərindəki imzalar onlara aid deyil.
Daha sonra hakim yoxlama komissiyasının apardığı yoxlamanın nəticəsini, məhkəmə mühasibatlıq ekspertizasının rəyini elan edib.
Rəsul Cəfərovun vəkiliÿ Əlibaba Rzayevÿ sənədlərlə bağlı rəy verən ekspertin məhkəməyə çağırılması ilə bağlıÿ vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib.
Rəsul Cəfərov istintaqın təqdim etdiyi sənədlərdə səfər xərcləri, ianə və digər bu kimi xərclərin də qrant layihəsi vəsaitləri kimi göstərilməsinə etiraz edib.
Alternativ ekspertizanın fərqli rəyi
Daha sonra müdafiə tərəfinin təqdim etdiyi sənədlər araşdırılıb. Onların arasında Rəsul Cəfərovun bank hesabına gələn əksər vəsaitlərin hansı yöndə xərclənməsinə dair sənədlər, mədaxil qəbzləri olub.
Müdafiə tərəfi məhkəməyə alternativ ekspert rəyi də təqdim edib, həmin rəydə zərərçəkən Anar Cəbiyev və Nicat Imranlıya məxsus mədaxil qəbzlərindəki imzaların onlara aid olduğu göstərilir.
Ədliyyə Nazirliyindən Avropa Məhkəməsinə
“Biz iddia etmirik ki, maliyyə hesabatlarımız tam ideal formada aparılıb, amma ”ümumiyyətlə aparılmayıb" anlayışı da yoxdur". Bunu isəÿ Rəsul Cəfərov sərbəst ifadəsində deyib. Bildirib ki, haqqında qaldırılan qanunsuz fəaliyyət və mənimsəmə kimi ittihamlar tamamilə əsassızdır:
“2008-ci ildən vergiödəyicisi kimi qeydiyyatdan keçmişəm. Insan Hüquqları Klubunun ilk layihəsi 2010-cu ilin dekabrında olub. Sədri olduğum Insan Hüquqları Klubu qanunsuz fəaliyyət göstərməyib. Həmin dövrdəki qanunvericiliyə görə, qeydiyyatsız da fəaliyyət göstərmək mümkün idi. Amma bu o demək deyil ki, biz qeydiyyata alınmaq istəməmişik. Bu məqsədlə üç dəfə Ədliyyə Nazirliyinə müraciət etmişik. Hər üçündə də müsbət cavab ala bilməmişik. Üçüncü rədd cavabını tamamilə qanunsuz hesab etdiyimizə görə, məhkəməyə müraciət etmişik. Nəticədə Avropa Məhkəməsinədək gedib çıxmışıq. Hazırda bu iş Avropa Məhkəməsinin icraatındadır”.
Ədliyyə Nazirliyində qeydiyyata alınmaqda hər zaman maraqlı olduqlarını deyən Rəsul Cəfərov iddia edib ki, heç bir vəsaiti təyinatsız qəbul etməyiblər:
“İşimizdə qanunsuz fəaliyyət, mənimsəmə deyilən bir şey olmayıb”
“Bizim hər hansı gizli işimiz olsaydı, bunu başqa yollarla həyata keçirərdik. Məhz hər şeyi açıq göstərmək naminə həmin vəsaitlər üçün öz bank hesablarımı təqdim etmişəm. Layihələrin icrası donor təşkilatlarla bağlanan müqavilələr əsasında həyata keçirilib, yəni ortada hüquqi sənəd olub. Işimizdə qanunsuz fəaliyyət, mənimsəmə deyilən bir şey olmayıb. Bütün bunları sübut edən sənədləri də təqdim etmişik. Ona görə də, ittihamın mahiyyəti mənə aydın deyil”.
Proses aprelin 14-də davam etdiriləcək.
Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. Müdafiə tərəfi ittihamı rədd edir.
“Amnesty International” təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.
“Azadlıq” radiosu