Nurəddin Məmmədli: «Indiki məqamda Rusiyaya meyllilik Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil»
Avropa Birliyinin mayda Riqada keçiriləcək sammiti Azərbaycana diqqəti bir qədər artıracaq. Bu ilin parlament seçkisi ili olması ölkəmizi beynəlxalq diqqət mərkəzi edir. Riqa sammitində ölkəmizlə bağlı mühüm məsələlərin müzakirə edilməsi gözlənilir.
Xatırladaq 2013-cü ildə Vilnüs sammiti ərəfəsində Azərbaycana diqqətin yönəldiyi bir məqamda ölkəmizin Rusiya ilə münasibətləri soyumuşdu. Elə münasibətlərin düzəldilməsi məqsədi ilə Putinin prezident seçkisi ərəfəsində ölkəmizə səfəri baş tutdu. Bu səfər zamanı Rusiya Azərbaycanla AB arasındakı münasibətlərə dair bir sıra mesajlar verdi. Amma 2015-ci il Riqa sammitinə qədər I.Əliyevlə Putinin görüşü gözlənilmir. Lakin bir maraqlı məqam diqqəti cəlb edir. Dövlət başçısının xanımı Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya səfəri gözlənilir. Düzdür bu səfər Rusiya Olimpiya Komitəsinin dəvəti ilə reallaşır. Amma M.Əliyevanın Rusiyanın dövlət başçısı Putinlə də görüşü nəzərdə tutulub.
Hakimiyyət daxilində Paşayevlər klanının mühüm siyasi çəkiyə sahib olduğunu nəzərə alsaq bu səfər maraq doğurmaya bilməz. Ekspertlərin fikrincə, hətta bu səfər zamanı Rusiyanın Azərbaycana bir sıra mühüm mesajlar verəcəyi gözlənilir.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, son zamanlar Rusiya-Azərbaycan münasibətlərində hər hansı ciddi dəyişiklik yoxdur. Onsuz da həmişə Azərbaycan hakimiyyətinin Qərb dünyası ilə münasibətlərini müəyyən edərkən bir qayda olaraq Rusiyanın maraqlarını nəzərə aldığını deyən N.Məmmədli vurğuladı ki, əgər problemlər ciddi və dərindirsə mütləq ya Rusiyadan emisar gəlir, ya da Rəsmi Bakı Moskvaya hər hansı bir nəfəri göndərir ki, problemlər aradan qaldırılsın: “Bu yanaşma bir tərəfdən Rusiyadan doğan nəticəni neytrallaşdırmaq üçündür, ikinci bir tərəfdən isə açıq şəkildə etiraf etmək lazımdır ki, Azərbaycan Rusiya ilə münasibətlərilə Qərb dünyasını şantaj edir. Hakimiyyət həmişə Qərbdən təzyiqlər artan zaman Rusiyaya meylli addımlar ataraq, bununla Qərbdən uzaqlaşmasının mümkünlüyünü nümayiş etdirməyə çalışır. Etiraf etmək lazımdır ki, bəzi epizodlarda bu tendensiya özünü müəyyən dərəcədə hiss elətdirirdi. Bir də görürdün ki, Qərb dünyası Azərbaycanın Rusiyaya yanaşmasından narahat olub, müəyyən geri çəkilmələrə yol verirdi. Amma hazırda əsas problem ondadır ki, dünyadakı qüvvələr nisbəti kəskin şəkildə dəyişib. Artıq Rusiya Avrasiya layihəsi daxilində vaxtı ilə özünün satelitinə çevirdiyi Orta Asiya respublikaları, Belarusla bağlı ciddi problemlər yaranır. Eyni zamanda Ukrayna ilə bağlı olaraq ölkələr öz seçimlərini etmək məcburiyyətində qalırlar. Bu seçim zamanı da Rusiyaya üstünlük verməsi daha ciddi, Kremlin törədə biləcəyi problemlərdən qat-qat ağır fəsadlara yol aça bilər. Ona görə indiki məqamda Rusiyaya meylilik Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil”.
N.Məmmədlinin sözlərinə görə, Riqa sammitinə xüsusi yanaşmaq lazımdır. Son illər AB rəhbərliyinin Azərbaycanla yaxınlaşmağa can atmasına rəğmən hakimiyyətin Brüsseldən bir o qədər uzaqlaşmağa meylli olduğunu deyən N.Məmmədli bildirdi ki, növbəti sammitdə əməkdaşlıq istiqamətində müəyyən addımlar atılarsa bu ölkədə demokratik proseslərin inkişafında dönüşə səbəb ola bilər.
Hikmət