elnurastanbeyli@gmail.com
Dəyərli karikaturaçımız Rəşid Şerifin sözü olmasın, “əcəb epoxaya düşmüşük”. Görün dünyanın harasıdır ki, Səudiyyə Ərəbistanı başqa bir ölkədə (konkret desək, Yəməndə!) qanuni hakimiyyəti bərpa etmək təşəbbüsü ilə çıxış edir, onunla eyni ağılda olan xeyli ölkə də bu təşəbbüsü alqışlayır, ona qoşulur!
Səudiyyə Ərəbistanının özü çağdışı, sivil, mədəni, demokratik dünyadan uzaq, müasir hüququn heç min ağac ötəsindən keçməyən bir ölkədir. Burada mütləq teokratik monarxiya hökm sürür, taxt-tac bir sülalənin əlindədir, hətta nazir vəzifələrini də kral ailəsinin üzvləri tutur, seçki-zad hərləmirlər, burada nə siyasi partiyalar var, nə həmkarlar təşkilatları. Kral ailəsinin sərvətlərini hesablamaqda riyaziyyat elmi acizdir.
Hələ mən Səudiyyə Ərəbistanında normal insan ağlının qəbul edə bilməyəcəyi yasaqlardan danışmıram. Təsəvvür edin, 21-ci əsrdə bu ölkədə hələ də qadınlara maşın sürmək qadağandır, kişi həkim isə hətta ölüm ayağında olsa belə, bir qadın xəstəni müayinə və müalicə edə bilməz!
Indi belə bir anormal, karikatur ölkənin başqa bir ölkədə qanuni hakimiyyətin qeydinə qalması, onu bərpa etmək fikrinə düşməsi qədər komik nə ola bilər?! Necə deyərlər, “ağası gülüm olanın başına külüm olar”.
Hələ Səudiyyə Ərəbistanının təşəbbüsünə qoşulan ölkələrdə demokratik dəyərlərin, bəşəri idealların necə ayaq altına atıldığını demirik?! Özlərinə umac ova bilmirlər, amma başqalarına əriştə kəsmək istəyirlər. Götürək Bəhreyni – təsəvvür edin ki, bu ölkəni 1782-ci ildən Bəhreyn əl-Xəlifə sülaləsi idarə edir! Sən az qala 250 ildir taxt-tacdan ikiəlli yapış, hakimiyyətin bütün qollarını bir sülalənin əlində cəmləşdir, ölkənin bütün sərvətlərinə yiyələn, gözqamaşdırıcı həyat tərzi keçir, sonra da utanmadan başqa bir ölkədə qanuni hakimiyyəti qorumaq fikrinə düş. Adam bilmir, gülsün, yoxsa ağlasın.
Bu mənzərə dünyada mənəvi-əxlaqi dəyərlərin necə böyük sürətlə aşındığını göstərir.
Əslində haqqında danışılan heç bizə yad mənzərə də deyil. Allah qoymasa, yapçılar da beynəlxalq kolalisiyanın tərkibində guya Əfqanıstanda sülh və sabitliyi bərpa etmək üçün çalışıb-vuruşurlar. Hansısa xarici beynəlxalq təşkilat Əliyev rejimindən insan hüquq və azadlıqlarına hörmət tələb edəndə yaptokratlar cin atına minirlər, “heç kim bizim daxili işlərimizə qarışa bilməz” deyirlər, amma öz “burunlarının” Əfqanıstanın daxili işlərində nə gəzdiyini izah etmirlər. Bu öz yerində. Mənim demək istədiyim başqadır: öz ölkəsində hüquqa, demokratik dəyərlərə, çağdaş ideallara müharibə elan edib Əfqanıstanda “sülhməramlı missiya” ilə məşğul olmaq doğrudan da, heç bir məntiqə, əxlaqa sığmır.
Dərindən düşündükdə isə çağdışı, anti-demokratik rejimlərin davranışlarında hansısa məntiq axtarmağın özü məntiqsizlikdir. Belə rejimlər qaldıqca, özünü “demokratiya paytaxtı” elan edənlər isə onlarla əməkdaşlığa davam etdikcə, onlardan öz çıxarları üçün yararlanmağı sürdürdükcə, onlarla hansısa siyasi maraqlar naminə kirli ittifaqlara, qaranlıq sövdələşmələrə getdikcə dünyada mənəvi-əxlaqi deqradasiya da dərinləşməyə, dünya yalnız ekoloji baxımdan deyil, həm də ruhən, qəlbən kirlənməyə, tamahgir, qarınqulu sistemlərin əlində ucuz oyuncaq olmağa davam edəcək.
Təsəvvür edin, təzəlikcə Səudiyyə Ərəbistanı kralı Abdullah dünyasını dəyişəndə bununla bağlı ilk başsağlığı verənlərdən biri ABŞ prezidenti Barak Obama olmuşdu. Obamanın taziyə mesajında belə bir cümlə var idi: “Kral Abdullah həyatı boyu xalqının mənafeyi, ölkəsinin iqtisadi dirçəlişi üçün çalışıb”.
Amma gəl gör ki, “həyatı boyu xalqının mənafeyi, ölkəsinin iqtisadi dirçəlişi üçün çalışan” həmin bu Kral Abdullahın düz 30 arvadı, 39 uşağı var idi, rəsmi rəqəmlərə görə şəxsi sərvəti 20 milyard dollara çatırdı, qeyri-rəsmi rəqəmlərə görə isə bundan bir neçə dəfə çox idi, 30 il Misirdə at oynadan Hüsnü Mübarəkin devrilməsinə qarşı çıxmış, buna görə indi ölümünə göz yaşı tökən Qərbi günahlandırmış, ölməmişdən az əvvəl isə Raif Badəvi adlı bir tənqidçi bloggeri nə az, nə çox, düz 1000 şallaq cəzasına məhkum etmişdi!
Başqa sözə ehtiyac qalmır. Gerisini artıq özünüz düşünün.