Liviya diktatoru daha bir qəsəbəni itirdi
Liviyada diktator Müəmmər Qəzzafiyə bağlı silahlılarla üysançılar arasında qarşıdurmalar davam edir. Ölkənin şərqindəki Əcdəbiyə və Breqa şəhərləri ətrafında döyüşlərdə 21 üsyançı həlak olub.
Bu barədə üsyançıların nümayəndəsi Musa əl Məqribinin sözlərinə görə, üsyançılar tələyə düşüblər. Qəzzafinin əsgərləri ağ bayraq qaldıraraq üsyançılara yaxınlaşıblar və qəflətən onları atəşə tutublar.
Qəzzafinin əsgərləri paytaxt Tripolidən 150 km cənub-qərbdə yerləşən Kikla qəsəbəsindən geri çəkiliblər. “Reuters” agentliyi diktatora bağlı silahlıların qəsəbədən 9 km aralıya çəkildiyini, üsyançıların Kiklanın nəzarətini ələ keçirdiyini bildirib.
Bundan başqa diktatorun əmrindəki əsgərlər Liviya-Tunis sərhədinə qrad raketləri atıb. Şahidləri ən az 5 raketin Mrabe sərhəd məntəqəsinə yaxın Tunis ərazisinə düşdüyünü bildirib. Hücum nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
Bu arada Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirşan İlyumjinov Qəzzafi ilə görüşünün detallarını açıqlayıb. İlyumjinov həftə sonu birlikdə şahmat oynadığı Liviya diktatorunun NATO və Benqazidə üsyançıların qurduğu Milli Keçid Şurası ilə danışıqlara hazır olduğunu söyləyib.
Jurnalistlərə açıqlama verən İlyumjinov Qəzzafinin: “Ölkəmin gələcəyi üçün NATO və Benqazi nümayəndələri ilə dərhal müzakirələr aparmağa hazıram” sözlərini təkrarlayıb. FİDE rəhbəri diktatorun heç bir şərt irəli sürmədən danışıqlara başlamaq niyyətində olduğunu da bildirib.
Rusiya prezidenti Dmitri Medvedevin beynəlxalq əlaqələr üzrə müşaviri Sergey Prixodko İlyumjinovun Qəzzafi ilə görüşündən xəbərləri olduğunu söyləyib:“Kreml FİDE rəhbərinin Liviyaya səfərinin detallarıyla bağlı məlumatı var idi. İlyumjinov Qəzzafi ilə görüşündə Liviyadaki hadisələrlə bağlı Moskvanın rəsmi mövqeyini ortaya qoyub.
İnformasiya şöbəsi