Putinin səssizliyə çəkilməsini «ölüb», «xəstədir», «Kabayevadan uşağı olub» xəbərləri «bəzədi»
Kreml Rusiya prezidentinin sağ olduğunu sübut etmək üçün yeni fotolar yaydı
Rusiya prezidenti Vladimir Putinin səhhəti, onun sağ olub-olmadığı az qala, dünya gündəminin bir nömrəli mövzusuna çevrilib. Artıq bəzi Rusiya KIV-ləri Putinin insult keçirərək dünyasını dəyişdiyini, rəsmi Moskvanın bu xəbəri məqsədli şəkildə gizlətdiyini yazırlar. Belə görünür ki, martın 6-dan bəri gözə dəyməyən, rəsmi qəzetlərdə köhnə şəkilləri dərc edilən prezidentin özü üzə çıxmayana qədər bu müəmma davam edəcək. Dünən gün ərzində Kremlin rəhbəri ilə bağlı ən müxtəlif səpkidə xəbərlər yayılıb. Bunların arasında rəsmi reaksiyalar da olub, ayrı-ayrı media orqanlarının əldə etdikləri də.
“Səhhəti ideal vəziyyətdədir”
Ilk gündən məlum xəbərləri yalanlayan Putinin mətbuat katibi Dmitriy Peskovdan dünən növbəti rəsmi açıqlama gəlib. “Assosiated Rress”ə danışan D.Peskov bildirib ki, Rusiya prezidentinin səhhəti ideal səviyyədədədir və o gələn həftənin sonlarında Qazaxıstana səfər edəcək. Peskov Putinin yaxın günlərdə bir neçə başqa görüşlər də keçirəcəyini bildirib: “Hər şey qaydasındadır. Onun sahhəti ilə bağlı hər hansı şübhə üçün səbəb yoxdur. Prezident həmişəki sıx qrafiki ilə işinə davam edir. Bəzən o, ictimaiyyət içində çox olur, bəzən yox. Amma bu o demək deyil ki, işlərinə fasilə verib”.
“Gələn həftə Qırğızıstan prezidenti ilə görüşəcək”
Bu açıqlamadan çox keçməmiş Rusiya Prezident Administrasiyası növbəti rəsmi xəbər yayaraq Putinin üzə çıxacağı tarixi açıqlayıb. Prezidentin mətbuat xidməti Putinin martın 16-da Qırğızıstanın dövlət başçısı Almazbəy Atambayevlə görüşəcəyini bildirib. Sankt-Peterburqda keçiriləcək görüşdə iki ölkə arasında əməkdaşlığın və münasibətlərin gücləndirilməsi, həmçinin ticari-iqtisadi, mədəni-humanitar məsələlər müzakirə olunacaq.
Putinin ilk fotoları
Bununla da kifayətlənməyən Kreml bir həftə davam edən səssizlikdən sonra Vladimir Putinin ilk fotolarını yayıb. Prezident Administrasiyasının saytında yerləşdirilən bu fotolar Putinin martın 13-də Ali Məhkəmənin sədr müavini Vyaçeslav Lebedevlə görüşündən çəkilib. Prezidentin Novo-Oqarevodakı iqamətgahında keçirilən görüşdə hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb.
Şok yenilik: Putin ata olub
Nəhayət günün sonunda bütün versiyaları kölgədə qoyan xəbər yayılıb. Günlərdir Putinlə bağlı davam edən müamma deyəsən, çözülməyə başlayıb. Isveçrənin “Neue Zursher Zeytunuq” qəzeti xəbər yayıb ki, Putin nə ölüb, nə də xəstələnib. Onun günlərdir üzə çıxmamasının səbəbi yenidən ata olmasıdır. Belə ki, Rusiya prezidentinin Alina Kabayevadan övladı dünyaya gəlib. Körpə Isveçrədəki xəstəxanalardan birində doğulub.
Keçmiş idmançının bir neçə gün əvvəl “Müqəddəs Anna” adını daşıyan nüfuzlu doğum evində qeydiyyatdan keçdiyi bildirilir. Bu barədə isə Isveçrənin “Blisk” nəşri məlumat yayıb. Nəşr onu da qeyd edib ki, Kabayevanın ana olması əbədi olaraq sirr də qala bilər: “Bir çox varlı ruslar tibbi xidmətlər üçün məhz bu xəstəxanaya müraciət edir. Görünür, Putin Kabayevanı xarici göndərməklə onu yerli KIV-lərdən qorumağa çalışıb. Yaxud da Kabayeva ilə münasibətlərini sirr kimi saxlayır”.
Gültəkin