elnurastanbeyli@gmail.com
Azərbaycanlılar keçmiş haqqında danışmağı çox sevirlər. Əksəriyyətə görə, yaxşı nə varsa, artıq keçmişdə qalıb.
Keçmiş haqqında danışanda azərbaycanlıların gözü parlayır. Bilmirəm, fikir vermisiniz, ya yox, söz keçmişdən düşəndə hətta lal-dinməz hesab etdiyin, ağzını bıçaq açmayan adamın belə, çiçəyi çırtlayır, dili açılır, bülbül kimi ötməyə başlayır. Keçmiş azərbaycanlıların şüurunda, yaddaşında, xatirələrində daha çox müsbət epizodlarla, pozitiv detallarla xarakterizə olunur.
Siz nadir azərbaycanlıdan dünən haqqında tənqidi, neqativ bir fikir eşidərsiniz. Azərbaycanlıların xatirələrində keçmişdə baş verən hər şeyə bir rəğbət, bir gizli sevgi var. Azərbaycanlılar dünənki ən pis adam haqqında danışanda da mütləq ona yaxşı bir cizgi əlavə edirlər.
Bir xalq üçün keçmişə bu qədər aşırı, kortəbii bağlılıq faciədir. Səhv etmirəmsə, Didro yaddaşı “zamanın yeganə meyarı” adlandırırdı. Amma azərbaycanlıların yaddaşı haqqında bunu demək çox çətindir. Bizim camaatın yaddaşına daha çox meyarsızlıq hakimdir. Çoxluğu dindirsən, elə danışacaq, guya hər şey dünənəcən həddən artıq yaxşı imiş, hər şey ancaq indi korlanıb. Sanki Mirzə Cəlil, yaxud Haqverdiyev fantast yazıçılarıdır, onlar Novruzəliləri, Şeyx Şabanları, Xudayar bəyləri, Şeyx Nəsrullahları özlərindən uydurublar, ya da başqa planetdən dartıb gətiriblər.
Azərbaycanlılar keçmiş barədə danışanda ağızları sulanır. Hiss olunur ki, yüz-iki yüz il əvvəlin həsədini çəkirlər; belə başa düşürsən, məmnuniyyətlə Seyid Əzim Şirvaninin, Axundovun, Sabirin müasirləri olmaq istəyərdilər. Guya artıq hər şeyin zayı çıxıb, zəmanə adamları ikiüzlü, saxtakar, riyakar eləyib. Sanki 50, 100, 150… il əvvəl hər şey çox gözəl idi. Nə Molla Ibrahimxəlil kimyagərlər var idi, nə də onların cahil, ağıldan yüngül, başıboş qurbanları.
Azərbaycanlılar heç vaxt bu gün və gələcəklə bağlı keçmiş haqqında zövqlə, şövqlə, həvəslə, gözləri parlaya-parlaya danışmırlar. Tamamilə əksinə – həvəssizcəsinə, könülsüzcəsinə, giley-güzar edərək, şikayətlənərək danışırlar. Hiss olunur ki, çoxluğun qəlbində bu günə və gələcəyə dərin nifrət var. Guya kişilik, halallıq, namus-qeyrət, təmizlik, dürüstlük hamısı keçmişdə qalıb. Guya indi var olan hər şey pisdir, natəmizdir, üfunətdən, namərdlikdən ibarətdir.
Əlbəttə, ağır illər yaşayırıq, məşəqqətli zamandan keçirik. Amma bu, gələcəyə nifrət etmək, gələcək haqqında bədgüman olmaq üçün əsas vermir. Ya da bu, çağımızın ovqatını, sürətini, yeniliklərini rədd etməyə, qaralamağa haqq qazandırmır.
Illər, yüzillər dəyişir. Insanı insan edən dəyərlər, anlayışlar isə üç aşağı, beş yuxarı eyni olaraq qalır. Ləyaqətsiz olmağın zamanı yoxdur axı. Bir insan ki, mahiyyət etibari ilə riyakardır, ikiüzlüdür, yalançı və yaltaqdır, fərq etməz, 100 il əvvəl yaşayıb, ya da 100 il sonra doğulacaq. 100 il əvvəlin öz Şeyx Nəsrullahları, Xudayarları var, bu günün öz Şeyx Nəsrullahları, Xudayarları. 100 il əvvəlin öz Şeyx Şabanları, ya da Kefli Isgəndərləri var, bu günün, ya da 100 il sonranın sonranın da öz Şeyx Şabanları, öz Kefli Isgəndərləri.
Dediyim odur ki, sadəcə, keçmişə fokuslanıb xoşbəxt, gözəl gələcəyə nail olmaq mümkünsüzdur. Yaxşıları və yaxşılıqları ancaq dünəndə axtarmaq yersizdir, mənasız işdir. Bu gün də yaxşı olmaq və yaxşılıqla məşğul olmaq önəmlidir.
Keçmişi yaddaşda yalnız müsbət notlarla, müsbət rənglərlə canlandıraraq, orada ilişib qalmaqla zamanla, dünyanın indiki gedişi ilə ayaqlaşmaq xam-xəyaldır. Hətta lap bu gün keçmişə görə pisdirsə – bunda təqvimi günahkar elan etmək axmaqlıqdır. Bunun səbəbini də hər kəs özündə arayıb-axtarmalıdır.
Gözəl, işıqlı bir gələcəklə bağlı ümidlər tükənirsə, bu o demək deyil ki, gözəl, işıqlı olan hər şey keçmişdə qalıb, ya da keçmişdə nə varsa, hamısı guya işıqlı və gözəl imiş. Yox, əsla yox! Bütün zamanların yükü – insanların öz çiyinindədir. Bu günü dünəndən, sabahı bu gündən gözəl və işıqlı etmək insanların öz əlindədir. Başqa hər şey, o cümlədən keçmişə vurğunluq məhz belə bir məsuliyyətdən qaçmaq üçün bəhanədir. Iyrənc, ürəkbulandıran bir bəhanə!
Azərbaycanı arzuladığımız azad, aydın bir ölkəyə çevirmək üçün bunu anlamaq, dərk etmək yetər!