xanbahadir@mail.ru
Bu tragediya çoxdan komediyaya çevrilib, indi belə deyə bilərik: lap çoxdan – indiki rejim qurulandan! H.Əliyev başlanğıcdan Xocalı soyqırımı ilə bağlı 366-cı rus alayının adını çəkməyi yasaq etmişdi. Xocalı soyqırımının başında duran, bu soyqırımın törədilməsində başlıca rol oynayan bir alayın adını çəkmək olmazdı! Bu yasaq üzündən mən 1994-cü ilin fevralında Xocalı ilə bağlı verilişimi efirdən çıxardım. Indiki əlaltı parlamentin Xocalı soyqırımını tanıması çağırışlarına Oqtay Əsədov başda olmaqla rejim yetkililərinin reaksiyası budur: “Heydər Əliyev bu faciəyə siyasi qiymət verib”. Siz ey YAPçı komunistlər, H.Əliyev sizin üçün, çox dediyiniz kimi, dahi lider ola bilər, ancaq dahi yox, lap dahidən də dahi lider olmaq hələ parlament olmaq, parlament statusu qazanmaq deyil! Rusiya imperializminin törəməsi olaraq hakimiyətə gətirilməyiniz, hakimiyətdə qalmağınız bəlli ikən, bu fakta bağlı qulluq göstərmələr qaçılmaz ikən… başqa sözə gərək yox!
Hər ilin Xocalı ildönümü ayrı bir siyasət dönəminə çevrilir. Il uzunu xalqı zombiləşdirmə siyasətlərini gerçəkləşdirən AzTV-lər bir neçə günlüyə Xocalı ağlaşma-sıtqamasına bürünür. Bir sıra rejim yetkililəri, rejim əlaltıları Xocalı turnesinə çıxır. Bu turneninsə iki başlıca vektoru var: Avropa, Türkiyə. Türkiyədən Əli Həsənovu göstərirdilər: Azərbaycan bayraqları altında balaca bir yürüş idi. Görünür, o, yürüşə çıxanlar indiki rejimin əlindən Türkiyəyə çörək dalınca gedənlər, bir də orada oxuyan öyrəncilərimiz idi. Ayrı nəsə gözləməyə də dəyməz: indilikdə o yürüşün başında duran Türkiyə türkcəsini “xarici dil” adlandırmaqla bu dili AzTV-lərdə yasaqlayanlardandır. Onun yetkililərindən olduğu rejimsə başlanğıcda onlara çox gərək olan “iki dövlət-bir millət” formulunun üzərindən çoxdan yekə bir cız çəkib. Elə buna görə də onlar Xocalı soyqırımını hələ də Türkiyə parlamentindən keçirə bilməyiblər. Parlamentdən keçirmək bir yana, ermənisevər siyasət yürütməsinə baxmayaraq, bunların sevə-sevə “dostumuz, qardaşımız” adlandırdıqları Iran Fars Islam dövləti Xocalı soyqırımının ildönümünü keçirməyi Təbrizdə yasaqlayıb!
Ermənilər Rusiyadan Livanadək yalançı erməni “soyqırımını” 21 dövlətin parlamentindən keçiriblər. Bunlar 22 illik hakimiyətləri boyunca gerçək Xocalı soyqırımını qardaş Türkiyə parlamentindən belə, keçirə bilməyiblər. Illər uzunu xalqdan oğurlayıb “yuduqları” milyardlarla dollar kimi, özlərinin antidemokratik, korrupsioner-repressiv obrazlarını “yuyub-arındırmaq” üçün dünyanın bu başından o başına milyonlarla pul tökürlər, ancaq Xocalı soyqırımını tanıtmaqdan ötrü gerçək bir iş görmək istəmirlər. Bunlar hamısı bir yana, gəlin görək indi Xocalı olayı, Xocalı ağrı-acısı hardadır? Bunlar hakimiyətə gəlmək üçün Xocalıdan sonra 7 rayon verdilər (Ter-Petrosyanın açıqladığı faktlardan bilindiyi kimi, Kəlbəcər də o sıradadır). 7 rayonu erməniyə verib hakimiyətə gəlmək bir yana, böyük neft-qaz gəlirlərindən yararlanmaqla demokratik siyasi sistem içində xalqı varlandırıb, yüksəldib güclü Azərbaycan yaratmaq olardı, ancaq yerə-göyə sığmayan pul yığmaq, vəhşicəsinə varlanmaq acgözlüyündən onu da etmədilər: ölkənin doğal resurslarından sel kimi axıb gələn milyardlar azmış kimi, gömrük, vergi, təhsil, sağlamlıq, ordu, polis, məhkəmə içində olmaqla ölkəni özü boyda kommersiya-alver-soyğunçuluq obyektinə çevirdilər! Ölkənin böyük bir “Binə”, “Sədərək” alver obyektinə çevrildiyi yerdə Xocalıdan danışmağa dəyərmi?! Gedin görün orada alverdən ayrı üstünlük nədir: Səudiyə Ərəbistanına, Iran Fars Islamına bağlı musiqili missionerlik!
Bu gün Türkiyədə Xocalı soyqırım yürüşünün başında duran Ə.Həsənov 2013-cü il prezident seçkisi qabağı toplumsal dəyişiklik istəyinə qarşı çıxaraq demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bu, “hakimiyətə gəlmək istəyən xalq, Xocalını gözünün altına al” deməkdir. Başqa cür desək: “Sənə yeni Xocalı yaşadaram!”