Bütün sahələr üzrə qeyri-sabitlik hökm sürür
YAP hakimiyyəti bütün dövlərdə neqativ halların qarşısına “sabitlik”lə çıxıb. Yəni ölkədə korrupsiyanın, hüquqsuzluğun, siyasi məhbusların, monapoliyaların olduğunu bildirəndə, hakimiyyət “nə olsun, əsas odur ki, sabitlik də var” cavabını verirdi. Etiraf edək ki, hakimiyətin bu “sabitlik qalxanı” əhalinin müəyyən hissəsinə qəbul edilmişdi. Və uzun illərdi eyni arqumentlə bütün neqativ ənənəni davam etdirirlər.
Belə ki, ölkə başçısı və aşağı ranqlı məmurlar ölkədə iqtisadi, siyasi, hərbi, dini sahədə sabitliyin olması ilə öyünürdülər. Biz isə uzun illərdi izah edirik ki, qanunun aliliyi təmin olunmayan, şəffaflıq hökm sürməyən, demokratik islahatlar aparılmayan ölkələrdə sabitlik sabun köpüyü kimidir və hər an yox ola bilər.
Artıq bu da öz təsdiqini tapır və hakimiyyətin sabitlik nağılı sona çatmaqdadır.
Hərbi sahədəki sabitliyə gəlincə, atəşkəs dövrü bizim yaddaşımızda torpaqların işğalda qalması, hərbçilərimizin həlak olması ilə qaldı. Demək olar ki, hər gün dəfələrlə atəşkəs pozulur və hökumətimiz “qarşı tərəf cavab atəşi ilə susdurulub” açıqlaması ilə təsəlli tapır. Eyni zamanda bir məqam təsdiqini tapdı ki, bu atəşkəs müqaviləsinin heç bir hüquqi dəyəri yoxdur. Yəni kimlərinsə marağına uyğun olaraq süni müharibə vəziyyəti yaradıla da, hərbçilər boş yerə həlak ola da bilər. Ekspertlərin hesablamalarına görə, atəşkəs dövründə 3000-dən artıq əsgərimiz həlak olub. Bir neçə gün öncə isə xəbər yayıldı ki, polkovnik əsgəri güllələyib. Əslində belə xəbərləri tez-tez eşidirik və həmişə də sıravi əsgərin qanı batır. Bu qədər itkilərdən sonra heç kim hərbi sahədəki sabitliyə zəmanət verə bilməz. Əgər heç bir sərvəti olmayan, dövlət büdcəsi bizim hərbi büdcəmizdən az olan Ermənistan tərəfi istədiyi vaxt atəşkəsi pozursa və bir addım da geri çəkilmək istəmirsə, hansısa uğurdan danışmaq absurddur.
Siyasi sabitliyə gəlincə, vəziyyət daha da bərbaddır. Təkcə ötən ilin yekunlarını dəyərləndirsək, xarici və daxili siyasətin nə qədər qeyri-sabit və reqressiv olduğunu görərik. Əvvəla, ölkə daxilində bütün siyasi azadlıqlar məhdudlaşdırılıb, 100-dən artıq siyasi məhbus var, hakimiyyətin rəqibləri ilə siyasi mübarizə metodu qanunsuzluğa söykənir və bütün strukturlar siyasi hakimiyyətin sifarişini yerinə yetirir. Xarici siyasətdə isə “tıxac” yaranıb və bu tıxacdan çıxmaq mümkünsüz olub. Belə ki, mövcud hakimiyyət dünyanın aparıcı ölkələri ilə körpüləri yandırıb, diplomatik etikanı ləğv edib və ölkəni dünyadan təcrid etməklə məşğuldu. Vəziyyət o həddə çatıb ki, Azərbaycan hakimiyyəti ilə münasibət quran dünya diplomatları öz ölkələrində tənqid atəşinə tutulur, Azərbaycana qarşı sanksiyalar gündəmə gəlir və dünya mətbuatı hakimiyyətin korrupsioner mahiyyətini faktlarla ortaya qoyur. Yəni siyasi baxımdan sabitlik dövrü də arxada qalıb.
Neftin qiymətdən düşməsi bir daha göstərdi ki, bu ölkədə iqtisadi sabitlik də yoxdur. 20 ildən artıq bir dövr ötüb keçdi, hakimiyət isə qeyri-neft sektorunu inkişaf etdirmədi. Ölkənin taleyi neftin kürəyinə yükləndi və nəticə göz qabağındadır. ÜDM 18 faiz azalıb, investisiya xərcləri 57 faiz azalıb, manat qiymətdən düşür, vergi ödəyiciləri sıradan çıxır, ixtisarlara start verilib və s. Neftin qiymətinin bu səviyyədə qalacağı tədirdə vəziyyətin daha da gərginləşəcəyi proqnozlaşıdırılır. Dünənə qədər iqtisadi uğur kimi qələmə verilənlər, sadəcə bir qrup adamın şəxsi büdcəsinin artması imiş. Nə iqtisadiyyatın şaxələnməsi, nə milyardların səmərəli istifadəsi, nə də iqtisadi azadlıqların təmin olunması prosesi getmədi. Indi, hakimiyyətin sabitlik “ada”sından biri olan iqtisadiyyat, öz çöküş dövrünü yaşayır.
Hakimiyyət hər zaman tolerantlıqdan, dini vəziyyətin nəzarətdə olmasından danışsa da, baş verənlər bunu da təkzib etdi. Əvvəla, ölkənin ən tanınmış, dürüst ilahiyyatçıları şərlənərək həbs olundu, ölkədə “hicab məhbusları” anlayışı yarandı, ibadət etdiyi üçün 100-lərlə insan iş yerlərindən uzaqlaşdırıldı. Eyni zamanda yayılan xəbərlərdən məlum oldu ki, ölkədə 400-dən artıq dini icma qeydiyyatdan keçib və bunlara nəzarət etmək mümkünsüzdür. Yəni 400-dən artıq dini icmanın hansı istiqamətdə fəaliyyət göstərdiyini, məqsədinin, məramının nədən ibarət olduğunu heç kim bilmir. Əslində, bu da hakimiyyətin siyasi addımıdır və məqam gələndə bu amildən yararlanmağa çalışır. Məsələn, Qərbdən demokratiya tələbi güclənəndə ölkə daxilində dini təbəqənin süni qarşıdurmasını yaradırlar və Qərbə sübut etməyə çalışırlar ki, ölkədə demokratiya olsa, dini qüvvələr hakimiyyəti ələ ala bilər.
Dini baxımdan qeyri-sabitliyi ifadə edən əsas məqam isə, azərbaycanlıların terror qruplaşmalarına qoşulması, Suriyada döyüşməsi faktlarıdır. PA rəsmisi Əli Həsənov da etiraf etdi ki, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayı 300-dən artıqdır. Bəzi məlumatlara görə, IŞID-in tərkibində Şimali Qafqazdan 16000 nəfər var. Təbii ki, bunların içərisində xeyli sayda Azərbaycan vətəndaşı da var. Hansısa təbliğatın qurbanına çevrilmiş adamlar sabah öz ölkəsində də terror hadisələri törədə bilər. Digər tərəfdən, bu adamların Azərbaycanda necə təbliğata qurban getməsi, hansı dairələrdən maliyyələşməsi müəyyən edilmir və hökumət bu məsələdə ortaya ciddi mövqe qoymur. Deməli, bu istiqamətdə də xeyli boşluqlar var və hər an ölkədə sabitlik pozula bilər. Vicdanlı ilahiyyatçıları şərləyib həbs edəndə ölkə vətəndaşları təhlükəli dini cəryanların təsiri altına düşür. Yəni yaranmış vəziyyətdə maarifləndirmə məsələsi önəmli yer tutur ki, Azərbaycanda buna da şərait yaradılmır. Müxtəsər, dini baxımdan da hər hansı sabitlikdən danışmaq absurddur.
Indi bütün istiqamətlər üzrə Azərbaycan qeyri-sabitlik nümunəsidir və bu “nümunə”ni hakimiyyətin yarıtmaz siyasəti doğurub.
Akif