Mən dialoqdan danışmağı artıq hesab edirəm. Ona görə ki, bu ölkədə dialoq adı altında çox mücərrəd toplantılar keçirilib. Hansısa təşkilatın nümayəndə heyəti yuxarılara yaxşı bir hesabat hazırlamaq üçün müxalifət və hakimiyyət adamlarını bir masa arxasında qarşı-qarşıya əyləşdirib. Nəticə nə olub? O haqda danışmasaq, daha yaxşı olar. Nəticə olsaydı bu ölkədə də heç olmasa kiçik də olsa irəliləyiş olmalı idi. Amma mən bir neçə detalı, həm uzaq ərəb ölkələrində, həm də yaxın Ermənistanda baş vermiş hadisələri yada salıb yenə də dialoq haqda danışmağı vacib sayıram.
Siyasətdə daha başqa nə ilə məşğul olmaq olar? Özü də ilk dəfədir ki, müxalifət çox yığcam, lakin məzmunlu təkliflər irəli sürüb. Təkliflər çox demokratikdir. Orada problemli heç nə yoxdur. Prinsipcə, bu təkliflər ətrafında müzakirə açmaq olar. Onsuz da nə vaxtsa oxşar təkliflərlə bu hakimiyyət müxalifətin qapısının kəndarını kəsdirəcək. Bəlkə də bu, bir ildən, ya beş ildən sonra olacaq, fərqi yoxdur, fəqət, nə vaxtsa olacaq, əsas da budur. Belə bir məsəl var, deyirlər ki, ağıllı adam başqasının səhvlərindən öyrənir. Başqasının səhvləri isə göz önündə vurnuxur, onları görmək və dərk etmək elə də böyük fəhm tələb etmir. Vaxt gələcək biz itirilmiş imkanlara görə təəssüf edəcəyik, özümüzü qınayacağıq ki, niyə vaxtında bu səhvlərdən nəticə çıxarmadıq! Biz liberal insanlarıq və başqalarından fərqli olaraq dəyişikliyin mümkünlüyünə, tərəqqiyə inanırıq. Kim bizim yerimizdə olsaydı bu ölkədə nəinki dialoqdan, heç dinc mübarizə metodlarından da danışmazdı. Amma biz öz ideyalarımıza sadiqik, əminik ki, ancaq islahatlar və yenə də islahatlar son nəticədə dönməz və dayanıqlı bir quruluşa, siyasi sistemə gətirib çıxara bilər. Ona görə də dialoq söhbətində israrlıyıq, israr etməkdə davam edirik. Amma burada bir detal var, mütləqcə olaraq onu qeyd etməliyəm. Faktiki olaraq eyni vaxtda iki eyni məzmunlu və eyni istiqamətli təşəbbüs ortaya gəldi. Onları birləşdirmək olmazdımı? Daha sonra, mən təklifləri nəzərdən keçirdim, prinsipcə, onlara indi parlamentdə təmsil olunan partiyalar da qoşula bilər. Bəlkə onlar qarışıq sistem üzrə və demokratik əsaslarla seçki keçirməyin əleyhinədirlər? Bəlkə eks-prezident statusu haqqında qanunun qəbul edilməsini istəmirlər? Yoxsa bir etimad və güvənc hökumətinin formalaşmasını arzulamırlar? Güman edirəm ki, təkliflər onların da maraqlarına cavab verir, hərçənd bu parlamentdə təmsil olunan elə müxalifət deputatları var ki, demokratik seçki keçirilsəydi, onlar heç bir halda deputat seçilməzdilər. Amma, necə deyərlər, keçənə güzəşt deyərlər. Hər halda, indi belə detalları araşdırmağın vaxtı deyil. Hər bir təşəbbüsü nə qədər çox adam müdafiə etsə, bir o qədər yaxşıdır. Bir məsələ də var. Indilər iki təşəbbüsü birləşdirmək üçün müxalifət arasında da bir dialoqun keçməsi çox yaxşı olardı. Əslində bu təşəbbüsləri müxtəlif adlandırmaq da çətindir. Və əsas məsələ də o deyil ki, təşəbbüsün müəllifi kimdir. Bunun əhəmiyyəti yoxdur. Təşəbbüsün əsl müəllifi o adam olur ki, onlara real məzmun verir, onları həyata keçirir. Bu gün bu statusda hansısa qeyri-hökumət təşkilatı yox, ancaq iki müxalifət partiyası çıxış etmək iqtidarındadır.
200 ildən sonra da bağışlamadılar
Bu günlərdə rus kanallarından birində gözüm V.Belinski haqda bir verilişə sataşdı. Dərhal baxdım. Maraqlı idi. 200 il bundan əvvəl yaşamış bir insanı daha hansı günahlarda suçlamadılar?! Ruslar maraqlı xalqdır. Daha yaxşı olar ki, tarixin böyük səhvlərini dövlət xadimlərinin, siyasət adamlarının və sərkərdələrin hərəkətlərində axtarasan. Amma bunlar nə edirlər? Nə qədər səhv var, o cümlədən 70 illik sovet hökumətinin mövcudluğunu bunlar şair və yazıçıların üstünə yıxırlar. Qoqolu, Tolstoyu, Dostoyevskini, Belinskini və başqaların yamanlayırlar! Dünyanın bəlkə heç bir ölkəsində tarixşünaslıq belə yanlış metodologiya üzərində qurulmayıb! Yəni, Belinski özünün məşhur “Qoqola məktub”unu yazmasaydı Oktyabr Inqilabı olmayacaqdı?! Həqiqət başqadır, tamam başqa…