Sosial şəbəkələrdə və informasiya agentliklərində biabırçı videogörüntü yayılıb: tərbiyəsiz bir şəxs yolun ortasında maşını başqa maşının qarşısına verib saxlayır və “hədəf” seçdiyi maşın sahibini döyməyə başlayır. Müdaxilə etmək istəyən iki polis işçisi də “tərbiyəsizin” şillə-qapazına qonaq olurlar. Hətta polislərdən birinin papağı düşür və bu kontekstdə “yazıq-bədbəxt” statuslu hüquq-mühafizə orqanının işçisi çarəsizcəsinə qaçıb aradan çıxır.Videoçarxdakı tərbiyəsizin general Bəylər Əyyubovun şilləvuranı və yaxın qohumu, vaxtaşırı qanunsuzluq etməklə ad çıxarmış məşhur qoçu Robert Əyyubov olduğu ehtimal edilir.
Qısaca araşdırma apardıq və şahidlər bu yolkəsən quldurun Robert olduğunu təsdiq etmədilər. Heç general Əyyubovun digər şilləvuran qoçu qohumu Osman Əyyubov da deyilmiş. Bəs, kimmiş?
Kim olmağının heç bir əhəmiyyəti yoxdur: Robert də ola bilər, Osman da, Səməd Heydərov da zatən, adını çəkdiyimiz və çəkmədiyimiz bu qoçular zaman-zaman belə qanunsuzluqlara imza atıblar.
Əhəmiyyətlisi tamam başqa şeydir. Əvvəla, videoçarxdan görünür ki, bu davada polis işçisi it yerinə qoyulmur, vətəndaşı qoruyası dövlət rəsmisi öz canının hayına qalıb ortadan sivişir. Döyülən polisin hadisə yerinə əlavə qüvvə çağırmaması, yardım istəməməsi və maşınların hərəkətinə mane olan, yol kəsib adam döyən şəxsin həbsinə cəhd göstərməməsi bütövlükdə Daxili Işlər Nazirliyinin, zabit heyətinin adına təhqirdir. Bu biabırçılıqdan, yəni polisin it yerinə qoyulmadığını görəndən sonra DIN-ə kim və nə deyib hörmət bəsləyəcək?
Ikincisi, videomaterialın izləmə kameraları vasitəsilə çəkildiyinə heç bir şübhə ola bilməz. Videofaktda çəkiliş otağına zənglərin gəldiyi eşidilir ki, bu da çarxın rəsmi izləmə kameralarından köçürülüb sosial şəbəkələrdə yayılmasını təsdiqləyir. Bu fakt dəhşətli bir həqiqəti ortaya çıxarır: ehtimal ki, polislər qoçunu cəzalandırmaq və cinayətkarı həbs etməyə cəhd göstəriblər. Amma “hansısa yekə məmur” polislərin ləyaqətini, mənliyini, qürurunu alçaldan xuliqanın həbsinə mane olub. Və yalnız bundan sonra polislər biabırçılığı ictimai müstəviyə çıxarmaqla daxilən bu təhqir və həqarətlə barışmadıqlarını nümayiş etdirmək qərarına gəliblər. Amma nail olmayıblar, çünki bu “qudurğan hərəkətin” cəzasız qalması təkcə hansısa qanunsuzluğa göz yumulması deyil, polisin peşəkar fəaliyyətinə birbaşa təsir edən “zabit ləyaqəti” məsələsidir.
Üçüncüsü və ən dəhşətlisi Daxili Işlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadənin mətbuata verdiyi açıqlamadır. Adam videoçarxla bağlı araşdırma aparılmadığını dolayı yolla təsdiqləyəndən sonra qayıdır ki, “Hadisə ilə bağlı DIN-ə müraciət olunarsa, həmin məsələ araşdırılar”.
Bu qədər özünəhörmət hissindən məhrum etiraf bəlkə də DIN-in tarixində olmayıb. Necə yəni müraciət olsa? Ortada fakt var, videoçəkiliş var və bu videoçəkiliş andıra qalmışı hansısa həvəskar çəkməyib, dövlətin “təhlükəsizlik məqsədilə” quraşdırdığı kameralar lentə alıb. Və videofaktda bir zırramanın hamının gözü qarşısında cinayət əməli törətdiyi, hətta polis işçisinə əl qaldırdığı açıq-aşkar görünür. DIN-ə daha nə lazımdır? Döyülənin gəlib müraciət etməyimi? Bəlkə, döyülməyəydi, öldürüləydi? Onda DIN qətlə yetirilən şəxsin “qatilin tapılması üçün” Ramil Usubova o dünyadan göndərəcəyi müraciətini gözləyəcəkdi?Bu ölkənin şərəfli zabitləri hara baxır, axı?