Gültəkin Hacıbəyli, Milli Şuranın komissiya sədri
Çox əziz və dəyərli INTIQAM MÜƏLLIM!
Neçə dəfə sizin məhkəmənizə gəlmək istəmişəm. Gələ bilməmişəm. Demək olar ki, bütün siyasi sifarişli proseslərdə iştirak etmişəm. Mənə əziz olan çox dəyərli insanları qandalda, dəmir qəfəsdə görmüşəm və bunu soyuqqanlı qarşılamışam. Həmişə fikirləşmişəm ki, millətlər, xalqlar bugünkü xoşbəxt, firavan həyatlarına, demokratiyaya çatmaq üçün qanlı inqilablar edib, gilyotindən keçib, tonqallarda yanıb, odlu-alovlu müharibələrdən çıxıb və azadlıqlarına qovuşublar. Fikirləşmişəm ki, biz də bir millət və xalq olaraq, ləyaqətli yaşam hüququmuzu XXI yüzilin daha münasib şərtləri daxilində bu məhkəmələrlə, həbslərlə, mübarizəmizlə təsdiq edirik. Düşünmüşəm ki, məsələn, fransız inqilabçılarının yaşadığı, göz önünə aldığı təhlükələrlə müqayisədə Avropa standartlarına çox yaxın olan Kürdəxanının xofu nədir ki?
Düzdür, həbsxanalarda, cəzaçəkmə yerlərindəki vəziyyətin nə dərəcədə dözülməz və qeyri-insani olması mərhum Elşad Babayevə verilən işgəncələrdən sonra hamıya bəlli oldu. Ancaq insafən, siyasi məhbuslarla başqa cür, daha sivil və mədəni davranırlar, döymürlər, öldürmürlər. Məhkəmələrə də, həbslərə də, qandallara və qəfəslərə də müqəddəs amal uğrunda, Azərbaycan uğrunda mücadiləmizin, ləyaqət savaşımızın zəriri tərkib hissəsi kimi baxıram. Siz də belə baxırsınız. Əks halda, Bakıda dərhal həbs olunacağınızı bilə-bilə Praqadan qayıtmazdınız. Bu həm də bir ləyaqət məsələsi idi. INTIQAM ƏLIYEV başqa cür davrana bilməzdi axı!
Intiqam Əliyev bu dünyada kimdən qaça, kimdən gizlənə bilər ki?! Bunu təsəvvür etmək mümkündürmü?! Odur ki, hər şeyi – qandalları da, qəfəsləri də, “voronkaları” da prosedur gərəyi adi bir gerçək kimi qəbul edirəm. Ancaq Sizin qollarınıza vurulan qandallarla, içinə salındığınız qəfəslə barışa bilmirəm…
Mən müəllim kultunun ən üstün mövqedə olduğu ailədə böyümüşəm. Bütün həyatım təhsillə, elmlə bağlı olub. Həyatımda bütün uğurlarıma görə uca Allahdan və valideynlərimdən sonra borclu olduğum insanlar olaraq müəllimlərimi tanıyıram. Müəllimin bir insanın, ailənin, cəmiyyətin, dövlətin həyatında oynadığı rola yaxşı bələdəm. Bəlkə də üz-üzə bu sözləri Sizə deməyə utanardım, ancaq bilirəm ki, deməliyəm. Tarix üçün deməliyəm, həqiqət üçün deməliyəm, gələcəyimiz naminə deməliyəm.
INTIQAM MÜƏLLIM! Siz mənim üçün, həm də təkcə mənim üçün yox, Azərbaycanın minlərlə, onminlərlə, bəlkə də yüzminlərlə insanı – gənci, hüquqşünası, ziyalısı, sıravi vətəndaşı üçün DƏYƏRSINIZ! Azadlıq, insan hüquqları, bərabərlik, dürüstlük, şəffaflıq kimi DƏYƏR! Yəqin ki, barənizdə qələmə alınan çoxsaylı yazılarda da dəfələrlə “Azərbaycanın vicdanı”, “vicdanın özü” adlandırıldığınızı bilirsiniz. Bizim də bildiklərimiz var və bilirik ki, Azərbaycanda hüquqi düşüncənin, hüquq təfəkkürünün inkişafına bir müəllim olaraq Siz təkbaşına Bakı Dövlət Universitetinin hüquq fakültəsi qədər töhfə vermisiniz. Minlərlə insan üçün “vicdan”, “müəllim” və “ziyalı” anlayışlarının gerçək etalonuna çevrilmisiniz. Sizi həbs etmək Vicdanın özünü həbs etmək idi. Siz qandallanan gün “Azərbaycan müəllimi”nin qollarına qandal vuruldu. Və Sizi məhkum etmək AZƏRBAYCAN MÜƏLLIMINI məhkum etməkdir.
O müəllim, əslində, çoxdan məhkumluq həyatı yaşayırdı. O müəllim ki, yalnız kommunal və nəqliyyat xərclərini qarşılayan 150-200 manat maaşı ilə yaşamağa yox, sürünməyə məhkum edilib. O müəllim ki, kənd yerində ümidini bazara çıxarıb satdığı toyuq-cücəsinə, qatıq-qaymağına bağlayıb, şəhərdə ondan da məhrumdur. O müəllim ki, daim soyuducusunun boşluğuna görə ailəsinin yanında üzüqara, əyni-başı nimdaş, çəkmələri dağılmış olduğu üçün şagirdlərinin qarşısında xəcalətli olmağa məhkumdur. O müəllim ki, imkansızlıqdan bəzən dişini də düzəltdirə bilmir, dişsiz gəzir. O müəllim ki, təkcə rahat, firavan yox, həm də ləyaqətli, qürurlu həyat haqqında gənclik arzularını ürəyinə gömüb adi yaşam uğrundan ölüm-dirim savaşı verir, balasını ac qoymamaq naminə beş-on manata görə övladı, nəvəsi yaşda şagirdinin qarşısında alçalmağa məhkumdur. O müəllim ki, xəstələnəndə əməliyyat üçün kreditə girməyə məcburdur, kreditlə qız köçürüb, kreditlə oğul evləndirərək bütün həyatını həftələrlə, aylarla yox, bank ödənişləri arasındakı nəfəsliklərlə hesablayır. O müəllim ki, daim təkcə seçki saxtakarlıqlarının baş qəhrəmanı olmağın mənəvi yükünü daşımağa deyil, həm də buna görə bir gün hüquqi məsuliyyət daşıyacağının qorxusunu yaşamağa məhkumdur.
Intiqam müəllim, Sizin barənizdə, sözsüz ki, çıxarılacaq ədalətsiz, əsassız və absurd ittiham hökmü ilə gerçəkdə onsuz da məhkumluq həyatı yaşayan Azərbaycan müəlliminin məhkumluğu, sadəcə, hüquqi baxımdan rəsmiləşəcək. Bununla da, rəsmən etiraf olunacaq ki, Azərbaycan hakimiyyətinə savadlı gənclər deyil, ən yaxşı halda, manıslar, vicdanlı insanlar yox, üzəduranlar, yaltaqlar lazımdır. Sizin aşıladığınız dəyərlər, Sizin yetişdirdiyiniz savadlı hüquqşünaslara indi nə məhkəmələrdə, nə hüquq-mühafizə orqanlarında yer yoxdur axı! Məsələn, Baş prokurorluq üzəduran vakansiyası açıb məhkəmələrdə siyasi fəalları şərləyən, qadına qarşı fiziki zorakılıq törədən fərariləri müstəntiq vəzifəsinə təyin edir. Daha Sizə, Sizin vicdanı, ləyaqəti, dürüstlüyü bir dəyər olaraq hüquqdan daha öncə aşıladığınız tələbələrinizə nə ehtiyac?!
Ancaq yanlış yoldadılar. Müəllimi məhkum etmək milləti təhsildən, maarifdən, elmdən məhrum etmək deməkdir.
“Maarifən, elmdən məhrum olan xalq işıqdan məhrumdur” – böyük müəllim Zərbadinin sözləridir. Yəqin kimlərsə öz qaranlıq əməllərinin üzərinə əbədi kölgə salmaq naminə bir milləti işıqdan məhrum etməyi hədəfləyiblər. Lakin təəssüf ki, işıqdan, ziyadan məhrum edilmiş, kor qoyulmuş kütlələrin, “zombilərin” ilk fürsətdəcə kimləri hədəflədiyini, öz acı məhkumluq həyatlarının qisasını kimlərdən aldığını unudurlar. Yaxın tarixin dərslərindən nəticə çıxarmaq hamı üçün faydalı olardı, məncə. Bu dərslər sübut etdi ki, müəllimi məhkum edilmiş millətlərin intiqamı qaçılmaz olur. Həmin taleyi yaşamaq istəməyənlər milləti kütlə səviyyəsinə endirməməli, iradəsini zorlamamalı, qürurunu sındırmamalı, asan idarə olunan “zombi ordusuna” çevirməyə çalışmamalıdırlar.
Əziz Intiqam bəy! Mən həmişə düşünmüşəm ki, ağlı, şüuru olan hər kəs işi ədalət məhkəməsinə düşərsə, məhz Sizin kimi vicdan və dəyər daşıyıcısı tərəfindən mühakimə olunmasını istəməlidir. Məhz buna görə də Sizi elə hamıdan öncə hakimiyyətdəkilər qorumalı idi. Əminəm ki, nə vaxtsa, indi Sizi qəfəsə salan hakim Rasim Sadıxovu mühakimə etsəniz, yenə də hər kəsdən qərəzsiz və vicdanlı olacaqsınız. Ancaq mən insan talelərini sındıran, məhv edən, ailələri gözüyaşlı qoyan vicdansızların Sizin kimi Vicdan sahibi tərəfindən mühakimə olunmasını istəmirəm. Mən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya uzun ömür, can sağlığı arzulayıram. Biz onu qorumalıyıq, çünki belə insanlara qarşı hökmləri məhz Ramella xanım kimi, bu işlərdə çox təcrübəli hakimin çıxarması ilahi ədalət olardı. Məsələn, mənim arzumdur ki, oğlumun faktiki olaraq mənim əlimdən alınması barədə qətnamə çıxaran Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətovu, mənə qarşı havadan iş tikib məni “məhkum” edən, gerçəkdən cinayətlər törədən qarşı tərəfi isə cinayət məsuliyyətindən yayındıran Yasamal rayon məhkəməsinin hakimi Sərdar Mehrəliyevi, gözümün içinə baxa-baxa mənə qarşı ən şərəfsiz böhtanlar və təhqirləri səsləndirmiş şəxsə bəraət hökmü oxuyan Azər Tağıyevi bu qanunsuzluqlara görə başqası yox, məhz Ramella xanım mühakimə etsin.
Və sonda… Sizin haqqınızda çoxdan yazmaq istəyirdim. Yazmışdım da. Ancaq qəribə bir kampaniya başladı. Hakimiyyətə bağlı qüvvələr sanki Sizdən yazmaq üçün yarışa girmişdilər. Düzü, sevinmişdim də. Çünki bu kampaniyanın hakimiyyətin birbaşa razılığı olmadan keçirilə bilməyəcəyinə əmin idim. Düşündüm ki, yəqin “başbilənlərimizin” vicdanı oyanıb, ziyanın yarısından qayıdacaqlar. Ancaq, heyhat! Görünür, hakimiyyətin içindəki qaragüruh qanad daha güclü çıxdı və Sizə qarşı əlavə, daha ağır ittihamlar irəli sürdülər. Və xorla danışanlar birdən susdu…
Eybi yox. Əsas odur ki, Siz, DAIMI, DƏYIŞMƏYƏN DƏYƏRSINIZ. Sizin, hətta Kürdəxanıdan düşən kölgəniz də möhtəşəmdir və bu kölgəyə sığınmaq istəyənlər həmişə olacaq. Nə niyyətlə olursa olsun, qoy hamı MÜƏLLIM kölgəsinə can atsın. Çünki MÜƏLLIMIN kölgəsində də IŞIQ var!