Suriya diktatoru bir gündə 100 adam öldürtdürdü; rejimə qarşı «Həmzə günü» qana boyandı
Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar davam edir. Dünən cümə namazından sonra ölkənin müxtəlif yerlərində küçələrə axışan on minlərlə suriyalı Bəşər Əsədin istefasını tələb edib. Etiraz aksiyaları Dəraa şəhərində hökumət qüvvələri tərəfindən öldürülən 13 yaşlı Həmzə adlı uşağın şərəfinə “Həmzə günü” adı altında keçirilib. Aksiyalara qatılanlar arasında azyaşlı uşaqlar da olub. Onlar “Hamımız Həmzəyik!” şüarları səsləndiriblər.
Həma şəhərində 50 mindən artıq etirazçı cümə namazından sonra şəhərin mərkəzi meydanına toplaşıb. Hökumət qüvvələri aksiyanı silah gücü ilə dağıtmağa cəhd edib. Polis və təhlükəsizlik qüvvələri müxalifət tərəfdarlarına qarşı avtomat, iriçaplı pulemyot və snayperlərdən atəş açıb. Axşam saatlarında yayılan xəbərlərə görə, Həmada keçirilən aksiya zamanı 100-dən artıq etirazçı qətlə yetirilib.
Türkiyənin Antalya şəhərində toplanan Suriya müxalifətinin liderləri açıqlama yayaraq ölənlərdən ən azı 70-nin adının müəyyənləşdirildiyini bildirib. Açıqlamada o da bildirilib ki, Əsəd rejiminin əsgərləri dinc aksiyaçıları iri çaplı pulemyotlarla qanına qəltan eləyiblər. Suriya müxalifətinin təmsilçiləri Həma şəhərində keçirilən aksiyanın Əsəd rejiminə qarşı ən kütləvi mitinq olduğunu söyləyib.
Xalqa qarşı qətliam törədən Bəşər Əsəd rejimi ölkədə “milli dialoq”a çağırış etsə də, hökumət qüvvələrinin müxalifətə yönəlik hərbi əməliyyatları dayandırılmayıb. Rastan şəhərində 5 gün öncə başlayan xüsusi əməliyyat dünən də davam etdirilib. Rejim əleyhdarlarının əsas şəhərlərindən birinə çevrilən Rastan şəhərinin ətraf bölgələrlə, eləcə də dünya ilə bütün əlaqəsi kəsilib. Ötən gün hökumət qüvvələri 15 şəhər sakinini qətlə yetirib. Son 5 gündə öldürülən rejim əleyhdarlarının sayı 72-yə çatıb. Ölənlər arasında 4 yaşlı qız uşağının da olduğu bildirilir.
Etiraz aksiyalarının keçirildiyi şəhərlər başda olmaqla, bütün Suriya ərazisində internet əlaqəsi kəsilib. Böyük şəhərlərə elektrik enerjisinin verilməsi də dayandırılıb.
Informasiya şöbəsi