Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Biz əslində giley-güzarı, şikayəti, narazılığı sevən camaatıq. Sadəcə, bu giley-güzarlarımız, şikayətlərimiz, narazılıqlarımız mücərrəd və təyinatsızdır, hətta adama çox gülməli görünür, çünki onların ünvanı bir qayda olaraq ya dünya, ya da zəmanədir. Ədəbiyyatımıza, – istər şifahi, istər yazılı olsun! – baxın, giley-güzar dolu şeirlərdə konkret səbəbkar, dəqiq ünvan, əsl günahkar görməzsiniz, bəlkə də hansısa istisna var, indi bu sətirləri yazarkən mən xatırlamıram. Olsun. Amma unutmayaq ki, istisnalar qaydanı dəyişmir.
Biz ancaq ümumi şəkildə dünyadan və zəmanədən gileylənirik, bütün dərdlərin, problemlərin məsuliyyətini dünyanın və zəmanənin boynuna yükləyirik. Halbuki Yer öz oxu və Günəşin ətrafında biz azərbaycanlılardan xəbərsiz şəkildə fırlanır, ona heç dəxli də yoxdur ki, biz xoşbəxt, yoxsa bədbəxtik, azad yoxsa köləyik, dərd, yoxsa kef çəkirik. Elə zaman da onu kimi. Günlər, aylar, illər, əsrlər bizdən, nəinki bizdən, bütün xəbərsiz şəkildə bir-birini əvəz edir, onun heç vecinə də deyil ki, hardasa bir xalq zülmün pəncəsində, zalımın caynağında çabalayır, hardasa başqa bir xalq isə azadlığı, ədaləti dadmaqla, həyatın dadını çıxarmaqla məşğuldur.
Fikir verin, Azərbaycanda ağalıq edənlərin də leksikonu artıq dünya və zəmanə ilə bağlı şikayətlər üzərində qurulub, gecə-gündüz dünyanın ikili standartlarından, zəmanənin korlanmasından danışırlar. Belə məlum olur ki, hamı və hər şey bizə qarşıdır, dünya başdan-başa Azərbaycanı sevməyən qüvvələrdən ibarətdir, zəmanənin gözü bizim inkişafımızı götürmür.
Heç olmasa, “yaxşı vətəndaş” Koroğlu soruşurdu ki, “mənmi qocalmışam, ya zəmanəmi?” Artıq bu sualın ilk hissəsi tamamilə ləğv edilib, hər şeyin günahı, babalı ancaq zəmanənin boynuna biçilir. Kimi dindirsən, zəmanənin zayının çıxmasından, onun korlanmasından gileylənəcək. Kimi danışdırsan, zəmanəni söyəcək. Elə bil Azərbaycanda bütün vəzifələri zəmanə icra edir. Guya seçki qutularına saxta bülleteni də zəmanə doldurur, guya rüşvəti də zəmanə alır, guya Elmar Hüseynova gülləni də zəmanə sıxıb, guya zəmanə buldozer şoferidir – evlərimizi başımıza da o uçurur.
Məncə, bizim yüz illər boyunca hüquqsuz, cahil vəziyyətdə olmağımızın, köləyə çevrilməyimizin bir sirri də bax elə bu cür mücərrəd, təyinatsız “şikayətnamələrimizdə” gizlidir. Heç vaxt nə problemi, nə onu yaradanı öz adı ilə çağırmırıq. Həmişə giley-gcüzarımızı, qəzəbimizi qeyri-konkret ünvanlara yönəldirik. Çünki belə daha təhlükəsizdir. Hər halda zəmanəni söyməyə görə heç kimin cibinə nəşə atıb onu şərləmirlər, dar ağacına çəkmirlər, “ya Sibirə, ya qəbirə” göndərmirlər. Bir fağır dünya tapırsan, “zalım”, “fani” deyib, sağdan da döşəyirsən, soldan da. Özü də bu “fani dünya” şikayətnamələri lap komediyadır. Elə bil ingilis, fransız, alman dünyanı ikiəlli tutub durur, qurdla qiyamətə qalır, dünya bircə biz azərbaycanlılara qənim kəsilmişdir, guya o, ölümü ancaq bizə dadızdırır.
Dəlixanadı, sən öl. Təsəvvür elə ki, ömründə bir “JEK” müdirinə belə güldən ağır söz deməyə cürəti çatmayan adam oturub bu boyda dünyanı elə yaş yuyub quru sərir, qalırsan mat-məəttəl. Inanın, ölkənin Dünya adlı prezidenti, naziri olsa, belələri heç dünyadan da şikayətlənməyəcəklər, onu mütləq hansısa sinonim sözlə əvəzləyəcəklər.
Xalqların böyüklüyü həm də onun narazılıq, etiraz ruhunun miqyası ilə ölçülür. Amma bu o demək deyil ki, sən heç bir təyinatı, dəqiq ünvanı, konkret hədəfi olmayan şikayətlərlə, giley-güzarlarla məşğul olasan. Mənasız, gülməli işdir bu. Heç bir faydalılıq əmsalı yoxdur. Əksinə, cəmiyyətlərin daxilindəki xof, qorxu, senzura ruhunu gücləndirir, möhkəmləndirir, xalqları əzən, talayan, onları öz qulu, rəiyyəti, təbəəsi kimi görənlərin karına gəlir, işinə yarayır.
Narazılıqlarının, tənqidlərinin, gileylərinin ünvanı, hədəfi qeyri-müəyyən olan toplumların gələcəyi də qeyri-müəyyəndir.
Elə bizim kimi.