AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Milli Şuranın 24 yanvarda keçirilən sessiyasının nəticələri barədə yazıb. Onun fikrincə, Şuranın Koordinasiya Mərkəzinə keçirilən seçkilər uğurlu nəticələrlə bitib və qurumun yeni tərkibi bütövlükdə cəmiyyətin demokratik elitasını əhatə edir. F.Qəhrəmanlı özünün facebook səhifəsində yazır:
“Milli Şuranın Kordinasiya Mərkəzinə seçkilər çox uğurlu keçdi. 21 nəfərlik tərkibə baxmaq kifayətdir ki, təkcə müxalifətin deyil, bütövlükdə cəmiyyətimizin demokratik elitasının Milli Şurada birləşdiyini görək.
Bu tərkibdə həm ziyalılar, həm siyasətçilər, həm də vətəndaş cəmiyyətinin tanınmış isimləri var.
Milli Şura rejimə qarşı mübarizə aparanların birliyidir. Ona görə də Milli Şura ilə birlikdə olmağa iradəsi çatmayan, iqtidarın təzyiqləri üzündən qrumu tərk edənlər təkcə müxalifətin birliyinidən deyil, həm də xalqın inamından özlərini kənarlaşdırıblar. Birlik mexaniki məfhum deyil, hakimiyyətə, siyasi mübarizəyə münasibətdə ortaq prinsip və baxışlara söykənməlidir. Bu baxımdan mübarizənin ön cəbhəsində olamağa iradəsi çatmayanlarla yenidən birlik məsələsini gündəliyə gətirmək heç bir siyasi zərurət və reallığa söykənmir.
Əksinə, bütün həlledici məqamlarda mübarizə aparanları meydanda buraxıb aradan çıxanlarla bir sırada olmaq yenidən parçalanmalara və iqtidardan qaynaqlanan daxili intiriqalara gətrib çıxara bilər.
Bəziləri isə bir vaxtlar mübarizənin çətin məqamında meydanda buraxıb getdikləri AXCP və Milli Şura ilə yenidən bir yerdə görünüb hakimiyyətin nəzərində dəyər qazanmağa, həlledici məqamda müxalifətin birliyini parçalamaq müqabilində iqtidardan mandat almağa çalışırlar. Ancaq bu dəfə alınmayacaq.
Digər tərəfdən, ötənilki mitinqlər də göstərdi ki, partiya adları daşımaq hələ qüvvə olmaq demək deyil və bu baxımdan Milli Şuradan kənarda meydana sosial bazasını çıxara bilən, cəmiyyətin etimad göstərdiyi qüvvələr yoxdur. Ona görə də bu gün demək olar ki, qarşılıqlı etimad prinsipi üzərində qurulmuş və sınaqdan çıxmış insanların birliyi olan Milli Şuranın alternativi yoxdur. Unutmayaq, etibarsızlar hər dəfə həlledici məqamlarda ön cəbhəni tərk edərək həm də cəmiyyətin inamına böyük zərbələr vurublar. Bu səhvlərə bir daha imkan verməyə haqqımız yoxdur.
Odur ki, hamlıqla Milli Şuraya uğur diləyək”.