“Həbsxanada doğuş” mövzusuna Milli Şura üzvündən ibrətamiz reaksiya
Sabiq millət vəkili, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli özünün facebook səhifəsində günün müzakirə mövzularından birinə çevrilən “həbsxanada doğuş” məsələsinə münasibət bildirib. Gültəkin xanım yazır:
“Bu günlər gündəmin əsas mövzusu qadın kolonunda övlad dünyaya gətirən Lamiyə Quliyevadır. Hamı bu barədə danışır, kimlərsə Lamiyənin oğlunun atasının şəxsiyyətini müəyyən etməyə çalışır, kimlərsə bu qızı əxlaqsızlıqda ittiham edir. Lamiyənin mövzusu çoxdan gündəmə gəlməli idi, ancaq həbsxanada uşaq doğması ilə yox, cəmiyyət olaraq hamımızın günahı, suçu kimi. O qızın qarşısında hamımız günahkarıq. Mən öz qəzəbimi və nifrətimi ifadə etməyə söz tapa bilmirəm. O qızın həyatını bu dövlət, bu cəmiyyət sındırıb. Riyakarlığı ilə, saxtalığı ilə, ədalətsizliyi ilə. Lamiyənin həbsxanada nə işi var idi ki, orada ona təcavüz olunsun, həyatı puç edilsin?! Bu gün onu əxlaqsızlıqda ittiham edənlər ən əxlaqsız adamlardır, axı Lamiyə ona təcavüz edən bir qudurğandan namusunu qoruyarkən həbs ediləndə onun cəmi 16 YAŞI vardı! 16 yaşlı bir uşağın həyatının sındırılmasına, məhv edilməsinə, 12 ildir (!) məhbəsdə çürüdülməsinə susub bu gün onu övlad dünyaya gətirdiyi üçün əxlaqsız adlandırmaq özü əxlaqsızlıqdır! Lamiyə həbs olunanda onunla və nişanlısı Vüqarla birlikdə onların hər ikisinin anaları, ataları, əmiləri, dayıları, xalaları, bibiləri, nənələri, babaları- bir sözlə bütün nəsil həbs olunmuşdu! Bu, zülmün ərşə qalxmasıdır! Bu, hətta, Azərbaycan üçün də misli görünməmiş haqsızlıqdır! Biz bu haqsızlığa, Lamiyənin faciəsinə hələ də susuruq. Bizi maraqlandıran başqa şeylərdir: uşağın atası kimdir, adı nədir, Lamiyə necə hamilə qalıb və s. Utanıram…”.