Dövlət başçısı Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini iddia edir
Cəmil Həsənli: «Əksinə, bir sıra sahələrdə 2001-ci ildə Avropa Şurasına üzv olarkən vəziyyət indikindən daha yaxşı idi»
Almaniya mətbuatı dövlət başçısı Ilham Əliyevin bu ölkəyə səfəri haqda dərc etdiyi materiallarda ölkəmizdə insan haqları və demokratiyanın vəziyyətinə diqqət çəkir. Azərbaycanda insan haqlarının acınacaqlı durumu, bu ölkədəki siyasi məhbus problemi xüsusi vurğulanır.
Xatırladaq ki, Ilham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşündə də Azərbaycanda insan haqları və demokratiya məsələləri müzakirə edilib.
Almaniya kansleri ilə Azərbaycan prezidenti həmçinin regiondakı geosiyasi vəziyyəti, Dağlıq Qarabağ problemini müzakirə ediblər. Merkel Azərbaycanda insan haqlarının vəziyyətinin də ikitərəfli əlaqələrdə Almaniya üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Ilham Əliyev isə Azərbaycanan iqtisadi uğurlarından, bu ölkədə hüquq və azadlıqların təmin olunmasından danışıb. Deyib ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri şərəflə yerinə yetirir.
Görəsən, doğrudanmı Azərbaycan Avropa Şurası qarşısındakı öhdəlikləri yerinə yetirib? Bəs Avropa Şurasının üzvü olan ölkədə yüzə yaxın siyasi məhbusun olması nə deməkdir? Avropa Şurasının üzvü olan ölkədə jurnalistlər yazdıqları tənqidlərə görə həbs olunarmı?
Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, Avropa Şurasına üzv olarkən Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin bir qismi yerinə yetirilib: “Lakin insan haqları, vətəndaş hüquqlarıyla bağlı çoxlu öhdəliklər vardı ki, onlar bugünədək yerinə yetirilməyib. Bu öhdəliklər nəinki yerinə yetirilməyib, hətta 2001-ci ildə Avropa Şurasına üzv olduğumuz dövrlə müqayisədə indi xeyli geriləmələr var. Bu gün Azərbaycanda siyasi məhbusların, vicdan məhbuslarının geniş dairəsinin mövcud olması ölkəmizin Avropa Şurasının təməl prinsiplərindən uzaqlaşmasından xəbər verir”.
Ilham Əliyev Almaniyada mətbuat konfransında iddia edib ki, onun ölkədə reytinqi 90 faizdir. Bu məsələyə gəlincə, Cəmil Həsənli deyir ki, Azərbaycanda obyektiv sorğu keçirən təşkilat olmadığından bu məsələ ətrafında çox rahat şəkildə manipulyasiya olunur: “Hansısa təşkilatın açıqladığı reytinq sorğusunun nəticəsi hələ obyektiv gerçəklikdən xəbər vermir”.
Nigar