Dünəndən bəri ölkənin gündəmini zəbt edən 2 qəpik söhbətləri keçənlərdə oxuduğum bu maraqlı xəbəri yadıma saldı. Ingiltərənin Dorset şəhərində yaşayan David Didkok 26 il əvvəl şəxsi yanacaqdoldurma məntəqəsini satarkən 2 qəpiklik gümüş pul tapıb. Həmin pulu köhnə əşyalarının arasına qoyub saxlayıb, amma onun kəsildiyi tarixdən qalan yeganə qəpik olduğunu bilməyib. Illər sonra qədim pulunu hərraca çıxaran Didkok onu bir kolleksiyaçıya düz 1357 funt-sterlinqə satıb…
Bizim üçün də bu 2 qəpik dildə xırda məbləğ kimi səslənə bilər. Amma belə qəpiklərdən bəxti gətirib necə var-dövlət sahibi olanlar var, özünüz bilirsiniz. Bizim gündəmin qəpik məsələsi də xırda məsələ deyil. Söhbət Tarif Şurasının dizel yanacağı və maye qazın qiymətinə əlavə etdiyi artımdan gedir. Ölkə insanı artıq illərdir üst-üstə gələn bu qəpiklərin altında batmaq üzrədir. O üzdən vahimələnməyə də, təlaşlanmağa da yetərli əsas var. Biləsiniz ki, bu özlüyündə heç nəyə yaramayan 2 qəpik böyük bahalaşma dalğasının gələcəyindən xəbər verir. Daha bunu rəsmi kuluarlarda belə gizləməyə cəhd göstərmirlər. Etiraflar da açıq səslənməkdədir artıq. 2015-ci il ağır il olacaq! “Guya əvvəlki illər yüngül idi” deyəcəksiniz bəlkə də. Haqlı sayılarsınız, təbii. Bu etiraf əslində yeni ilimizin birmənalı şəkildə əvvəlkilərdən daha ağır olacağı anlamına gəlir.
Bir ölkədə insanın dəyəri boşuna ucuzlaşmır. Bu normal yaşam şərtlərinin gündən-günə ağırlaşması fonunda baş verir. Ərzaq bahalaşır, su bahalaşır, nəqliyyat, səhiyyə, təhsil xərcləri artır və bir də baxıb görürsən ki, insandan ucuz heç nə qalmayıb məmləkətdə. Ancaq tək bununla da iş bitmir axı. Insanın ucuzlaşması o ölkədə ən önəmli dəyərlərin ayaqlar altına atılması deməkdir həm də. Haqq, hüquq, halallıq, doğruluq, mərhəmət, bir sözlə, mənəvi olan nə varsa, qeybə çəkilər belə ölkədə. Doğrunu çarmıxa çəkərlər, haqqın anasını ağladarlar, hüququn gözünü oyarlar, ədalətin ağzına daş basarlar, azad sözü tikanlı məftillər arasına salarlar. Eynilə, yaşadığımız reallıqda olduğu kimi…
Azərbaycan keçmişlə gələcək arasında girinc qalmış bir məkana bənzəyir. Nə keçmişin buxovlarından qurtula bilir, nə də qəti addım atıb gələcəyə doğru yol ala bilir. Onun iki daş arasında belə əsir-yesir qalması günümüzün gerçəklərinə yansıyan paradokslarda da açıqca özünü göstərir. Dünya aylardır benzinin ucuzlaşma təlaşını yaşadığı bir məqamda bu ölkədə onun qiymət artımı baş verir. Bir az öncə dünyada gedən bu böhran dalğasının bizdən yan keçəcəyini bəyan edən dövlət rəsmiləri indi val dəyişirlər. Ilin ağır olacağı anonsunun ardınca da yanacağın üstünə məlum artım gəlir. Ən ağrılısı odur ki, böyük çoxluğun əzab-əziyyətinə hesablanmış bu haqsızlığa qarşılıq önəmli bir səs eşidilmir. Yenə bu artımın, bu bahalaşmanın, bu yükün ağırlığı belinə yüklənən narazı milyonlar susur. Kimsə səsini çıxarıb, milyardların havada oynadığı neft ölkəsində bu ədalətsizliyin hesabını istəmir. Kimsə həmin milyardlardan öz payına düşəni tələb etmək cəsarəti göstərib irəli çıxmır. Kimsə dünya bazarlarına neft-qaz satan bir ölkənin öz bazarlarının niyə belə od tutub yandığının səbəbini soruşmaq istəmir başda oturanlardan. Zaman keçib gedir, neftin tükənəcəyi günə də çox qalmayıb. Onun meyvəsini dərən dərib, acısını çəkən də çəkir. Hələ bu gedişlə çəkiləcək çox acılar var. Amma heç gileylənməyə dəyməz, günahın bir ucunu da özünüzdə axtarın…