Britaniya kəşfiyyatı Liviya diktatorunun xəstəxanalarda gecələdiyini deyir
Böyük Səkkizlik Liviyayla bağlı qətnamə qəbul etdi
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı beynəlxalq və yerli hərbi əməliyyatlar davam edir. NATO-ya aid qırıcılar diktatorun son qalası adlandırılan paytaxt Tripoliyə hava zərbələri endirib. Mayın 27-i səhər saatlarında Qəzzafinin iqamətgahının yerləşdiyi Bab əl Əziziyyə bölgəsində 5 partlayış baş verib.
İngiltərənin “The Guardian” qəzetinin Britaniya xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumata görə, Liviya diktatoru Mümmər Qəzzafi NATO-nun hava hücumlarından ehtiyat etdiyi üçün xəstəxanalarda gecələyir.
Kəşfiyyat iddia edir ki, bir neçə həftədir xalqın içinə çıxmayan və tez-tez bir tibb müəssisəsindən digərinə köçən Qəzzafi ruhi xəstəliyə tutulub. Qəzetin xəbərində o da bildirilir ki, Liviyanın yüksək rütbəli rəhbərləri başqaları ilə hətta telefonla əlaqə saxlamağa da qorxurlar və bir-biriləriylə çox az təmasda olurlar.
Fransanın Dovil şəhərində dünyanın 8 aparıcı ölkəsinin (G8) dövlət başçılarının görüşündə ABŞ, Rusiya və Fransa prezidentləri Qəzzafi ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Müəmmər Qəzzafinin demokratik gələcəyi olmadığı üçün o, hakimiyyətdən getməlidir:“Müəmmər Qəzzafi və Liviya hökuməti Liviya xalqının müdafiəsinə dair öhdəlikləri yerinə yetirməmiş və öz legitimliyini itirmişdir. Demokratik Liviyanın gələcəyində ona yer yoxdur”.
G8 Liviyada keçid dövrünün yalnız liviyalıların öz gücü hesabına həyata keçirilməsində təkid ediblər. Səkkizlik həmçinin Keçid Hökuməti Milli Şurasının irəli sürdüyü “yol xəritəsi”ni də dəstəkləyiblər. Sammıtın gedişi zamanı ikitərəfli görüşlər də baş tutub. ABŞ prezidenti Barak Obama ilə Fransa prezidenti Nikolya Sarkozi danışıqlar aparıblar. İki lider arasında müzakirə olunan məsələlər arasında NATO-nun Liviyadakı hərbi əməliyyatlarının koordinasiyası əsas yer tutub.
“Biz Liviya kampaniyasında uğur əldə etdiyimizə dair həmrəy olduq. Lakin BMT-nin mülki şəxslərin müdafiəsinə dair səlahiyyəti Qəzzafinin Liviyada qaldığı və Liviya xalqına qarşı öz qüvvələrini yönəltdiyi müddətdə tamamlana bilməz. Biz bu məsələyə son qoymağa qərarlıyıq”, – deyə Obama bildirib.
Fransa prezidenti Nikol Sarkozi isə Qəzzafinin hələ Liviyada qalmaq şansının olduğunu söyləyib:“Biz Qəzzafi sürgünə göndərilməlidir demirik, bu bizim problemimiz deyil. Biz o getməlidir deyəndə, iqtidardan getməyi nəzərdə tuturuq. Bunu nə qədər tez etsə, o qədər variantları çox olar”.
Onun sözlərinə görə, Liviya diktatoru sadəcə olaraq istefa verməli və ordusunu dayandırmalıdır. Sarkozi Qəzzafinin atəşkəs razılaşması qarşılığında əsgərlərin də geri qayıtmasının vacibliyini vurğulayıb.
İnfomasiya şöbəsi